Çinli cütlük Sakit okeandakı Marşal adalarında "yarı muxtar bölgə qurmağı" planlaşdırdıqları səbəbilə sentyabrın 13-də məhkəmə qarşısına çıxacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada, Keri Yan və Gina Zhounun adlı çinli ailənin bu prosesdə millət vəkilləri və rəsmilərə rüşvət verdiyi bildirilib. Bəyanatda deyilir ki, 50 yaşlı Keri və 34 yaşlı Gina çirkli pulların yuyulması və xarici korrupsiya fəaliyyətləri qanununu pozmaqda ittiham olunurlar.
Cütlüyün 2020-ci ildə Tailandda saxlandıqdan sonra keçən həftə ABŞ-a ekstradisiya edildiyi və Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsində sentyabrın 13-də mühakimə olunacaqları qeyd edilib.
Qeyd edək ki, Okeaniyada şimali Sakit Okeanda, Havay və Papua Yeni Qvineya arasında yerləşən Marşal adaları ABŞ-ın 40 illik hökmranlığından sonra 1979-cu ildə müstəqillik qazanıb. ABŞ hələ də Marşal adalarının müdafiəsi üçün tam səlahiyyət və məsuliyyəti özündə saxlayır.
Məhəmməd Tağıyev