Cənubi Koreya Şimali Koreyaya 1950-1953-cü illər Koreya Müharibəsi zamanı ayrılan ailələri birləşdirməyi təklif edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın birləşmə naziri Kvon Young-se verdiyi açıqlamada görüşün tarixi, yeri və formatı ilə bağlı Pxenyanın üstünlüklərini nəzərə alacaqlarını bildirib. Müsbət cavab gözlədiklərini deyən Kvon qərarın tez verilməsini tələb edib.
Bu il sentyabrın 10-a təsadüf edən və hər iki ölkədə "Şükran günü" kimi də tanınan (Chuseok bayramı) bayramda əvvəlki illərdə müharibədən sonra bir-birindən ayrılan ailələr bir araya toplaşıb, görüşüblər. Lakin Seul və Pxenyan arasında gərginlik artdığı üçün bu toplantılar 2018-ci ildən bəri keçirilmir. Birləşmə Nazirliyi Şimali Koreyadakı qohumları ilə görüşmək istəyən 133 min 650 nəfərin onlara müraciət etdiyini və onların təxminən 70 faizinin həyatını itirdiyini açıqlayıb.
Kvon verdiyi açıqlamasında, "Ümid edirik ki, hər iki tərəfin rəsmiləri humanitar məsələlər, o cümlədən ayrılmış ailələr məsələsi ilə bağlı səmimi müzakirə üçün ən qısa zamanda şəxsən görüşəcəklər",- deyib.
Digər tərəfdən, təklifdən bir neçə saat sonra Cənubi Koreya Xarici İşlər Nazirliyi Şimali Koreyaya qarşı nüvə silahının qarşısının alınmasını artırmaq üçün ABŞ ilə danışıqlara başladığını açıqlayıb. Müzakirə mövzuları arasında "nüvə çətiri" kimi tanınan tənzimləmə də var. Müqaviləyə əsasən, ABŞ nüvə silahı olmayan Seulu qorumaq üçün öz nüvə silahından istifadə etməyi öhdəsinə götürür.
Məhəmməd Tağıyev