|
|
|
|

Azərbaycan Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında enerji sektorunun inkişafına texniki dəstək haqqında memorandum imzalamağı planlaşdırılır.
525.az xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.
P.Şahbazovun sözlərinə görə, bu məsələni Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Renaud-Basso ilə görüşdə müzakirə edilib.
Nazir görüşdə EBRD ilə Azərbaycan arasında əməkdaşlıq, qurumun Cənub Qaz Dəhlizi (SGC) və “Yaşıl enerji” layihələrinə maliyyə dəstəyi verməsi məsələləri müzakirə edildiyini qeyd edib.
Qeyd edək ki, EBRD prezidenti Odile Renaud-Basso əvvəlcə Azərbaycana, daha sonra Gürcüstana, sonda isə Ermənistana olmaqla sentyabrın 16-dək Qafqaza səfər edəcək. Bu, prezident Renaud-Bassonun 2020-ci ilin sonunda bu vəzifəyə başladıqdan sonra regiona ilk şəxsi səfəridir. Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələnib.
EBRD prezidenti yola düşməzdən əvvəl Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.
"Mən Bankın 30 illik fəaliyyəti ərzində təqdirəlayiq nəticələr əldə etdiyi Qafqaza səfər etməyi səbirsizliklə gözləyirəm. Ölçüsünə baxmayaraq region bizim üçün mühüm investisiya məkanı olaraq qalır və biz bu bölgəyə artıq 10 milyard avrodan çox sərmayə qoymuşuq. Səfərim zamanı mən Qafqaza və onun yaşıl keçid proqramına, eləcə də nəqliyyat əlaqəsinin, dayanıqlı infrastrukturun təkmilləşdirilməsinə və siyasi dialoqa tam dəstəyimizi bir daha bəyan edəcəyəm. Həmçinin özəl sektora, o cümlədən kiçik və orta sahibkarlığa gələcək dəstəyi müzakirə etmək üçün tərəfdaş maliyyə institutlarımızla görüşlərim olacaq”, - deyə Renaud-Basso bildirib.



