Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2016-cı ildə səfirinin geri çağırılması ilə diplomatik əlaqələrini kəsdiyi İrana yeni səfir təyin edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-nin Tehrandakı səfiri olarkən 2016-cı ildə ölkəsinə geri çağırılan Seyf Məhəmməd Ubeyd əz-Zəabi təxminən 6 illik fasilədən sonra əvvəlki vəzifəsini davam etdirmək üçün İrana gəlib.
İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, BƏƏ səfiri Zəabi paytaxt Tehranda xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Görüş zamanı Abdullahiyan bəyan edib ki, İran BƏƏ də daxil olmaqla bütün qonşuları ilə əlaqələrini inkişaf etdirməyə önəm verir.
Bölgədə sabitliyin təmin edilməsi üçün region ölkələrinin əməkdaşlıq etməli olduğunu qeyd edən Abdullahiyan, iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması çərçivəsində mövcud imkanlardan istifadənin və konsulluq əlaqələrinin tənzimlənməsinin vacibliyini vurğulayıb. Zəabi də iki ölkənin iqtisadi və ticarət imkanlarını ikitərəfli əlaqələrin inkişafında mühüm amil kimi qiymətləndirib.
Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər "terrorçuluq" ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılmışdı. Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və Tehrandakı səfirini geri çağırıb.
Məhəmməd Tağıyev