Hollandiyada tələbələrin ümumi kredit borcu 26 milyard avroya yaxınlaşıb, son 7 ildə isə bu rəqəm iki dəfə artıb.
525.az "Dutchnews"dən aldığı məlumata istinadən xəbər verir ki, Mərkəzi Statistika Bürosunun (CBS) açıqladığı məlumatlara görə, kreditdən istifadə edən tələbələrin orta borcu adambaşına 15 min 900 avro olub, əvvəlki ilə nisbətən 700 avro artıb. Kredit borcu 30 min avrodan çox olan fəal və keçmiş tələbələrin sayı 300 mini, 50 min avrodan çox borcu olanların sayı isə 100 mini keçib.
Ölkədə kreditlərdən istifadə edən təxminən 1,6 milyon insanın ümumi borcu isə 25,7 milyard avroya çatıb. Bildirilib ki, 2015-ci ildən tələbə təqaüdü sisteminin ləğvi və kredit sisteminin tamamilə dəyişdirilməsindən sonra 7 il ərzində bu, 2 dəfə artıb. Tələbələr isə ödənişlərə tətbiq edilən yüksək faiz və ciddi maliyyə yükü səbəbindən etiraz ediblər.
Qeyd edək ki, hökumət 2023-2024-cü tədris ilindən təqaüd sistemini bərpa etməyi planlaşdırır.
Məhəmməd Tağıyev