Çində meymunçiçəyinə ilk yoluxma hadisəsi ölkənin cənubundakı Çonqinq şəhərində aşkar edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Çonqinq Səhiyyə Komissiyasından verilən açıqlamada, yaşı və cinsi açıqlanmayan xəstənin xaricdən gələn sərnişin olduğu və COVID-19 tədbirləri səbəbilə otel karantində olarkən xəstələndiyi bildirilib. Yerli səhiyyə orqanı tərəfindən aparılan testlərdə meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs, Çində ilk hal olaraq qeydə alınıb.
Açıqlamada səhiyyə işçilərinin şəhərə gəlişindən bəri karantində saxlanılan xəstənin hələ də heç bir ictimai fəaliyyətlə məşğul olmadığı, ona görə də xəstəliyin yayılma riskinin az olduğu vurğulanıb. Xəstəlik Çində daha öncə sentyabrın 6-da Honq-Konq Xüsusi İnzibati Bölgəsində xaricdən gələn və karantində olan sərnişində aşkarlanmışdı.
Qeyd edək ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin sentyabrın 15-ə olan məlumatına görə, dünyada 60 min 799 meymunçiçəyi virusuna yoluxma aşkar edilib, 20 nəfər isə virusdan ölüb.
Məhəmməd Tağıyev