İran Mərkəzi Banka məxsus aktivlərinin dondurulması ilə bağlı ABŞ-a qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. Artıq iş üzrə məhkəmə iclasları başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan və Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) keçirilən dinləmələrdə İran bəyan edib ki, ABŞ-ın aktivlərini dondurması 1955-ci ildə iki ölkə arasında "dostluq, iqtisadi əlaqələr və konsulluq hüququ" müqaviləsinin şərtlərini pozması deməkdir. İran tərəfinin vəkilləri ABŞ-ın İran Mərkəzi Bankına məxsus təxminən 2 milyard dollarlıq aktivinin dondurulmasının beynəlxalq hüquqa və sözügedən dostluq müqaviləsinə zidd olduğunu iddia edib. ABŞ tərəfi isə 1983-cü ilin oktyabrında Livandakı ABŞ hərbi bazasına edilən bombalı hücuma görə İranın məsuliyyət daşıdığını iddia edərək, dondurulmuş malların həyatını itirən 241 ABŞ dəniz piyadasının yaxınlarına ödəniləcəyini vurğulayıb.
"Bəzi İran aktivləri" işi üzrə dinləmələr çərşənbə günü ABŞ tərəfinin müdafiəsi ilə davam edəcək. Cümə axşamı İran tərəfinin və cümə günü ABŞ tərəfinin son müdafiəsindən sonra isə (BƏM) hakimləri mahiyyəti üzrə qərarı müzakirə etməyə başlayacaqlar.
23 oktyabr 1983-cü ildə Livanın paytaxtı Beyrutdakı ABŞ bazasına bombalı hücum nəticəsində 241 ABŞ dəniz piyadası, eyni gün Beyrutdakı Fransa hərbi bazasına növbəti hücumda 58 fransız əsgəri həlak olmuşdu. Həmin tarixdən sonra Birləşmiş Ştatlar Livandakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaldarkən, Vaşinqtondakı yerli məhkəmə 2003-cü ildə verdiyi qərarla İranın Suriyadakı o zamankı səfirini "Bir üzvü İnqilab Keşikçiləri hücumu təlimatlandırıb və qızışdırıblar" deyərək günahlandırmışdı.
Qeyd edək ki, İran Mərkəzi Bankının Nyu-York "Citybank" hesabındakı 1 milyard 750 milyon dollar və ölən ABŞ əsgərlərinin yaxınlarına veriləcək bütün faiz və köməkçi gəlirlər dondurulub.
Məhəmməd Tağıyev