Avropa İttifaqı (Aİ), COVID-19 epidemiyası zamanı yaşanan tədarük böhranının təkrarlanmaması üçün üzv dövlətlərdən fövqəladə səlahiyyətlər istəyib. Avropa Komissiyası bununla bağlı təklif hazırlayıb. Bu çərçivədə fövqəladə hallarda şirkətlərdən prioritet məhsullar üçün istehsal tələb oluna bilər. Əhəmiyyətli məhsulların tədarükü üçün açıq tenderə çıxmaq mümkün olacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası malların, xidmətlərin və insanların, sərbəst hərəkətini, gələcəkdə əsas məhsul və xidmətlərin mövcudluğunu təmin etmək məqsədi daşıyan "Vahid Bazar Fövqəladə Hallar Aləti" adlı yeni böhran idarəetmə çərçivəsi üçün təklifini açıqlayıb. Buna uyğun olaraq, Aİ Vahid Bazar üçün yeni böhran idarəetmə sistemi təyin edəcək. Aİ bazarının monitorinqi, müxtəlif risk səviyyələrinin müəyyən edilməsi və müvafiq cavab tədbirlərinin əlaqələndirilməsi üçün bir neçə mərhələdən ibarət yeni mexanizm yaradılacaq. Mexanizmdə "təcili vəziyyət", "sayıqlıq" və "fövqəladə vəziyyət" səviyyələri olacaq. Plana əsasən, Fövqəladə hallar səviyyəsində Komissiya və üzv dövlətlər şəbəkələşəcək və böhrana hazırlığı artırmaq üçün birlikdə işləyəcəklər. Ciddi təhlükə aşkar edildikdə, Komissiya sayıqlıq səviyyəsini aktivləşdirə biləcək. Bu mərhələdə üzv dövlətlər Komissiya ilə əməkdaşlıq edərək müəyyən edilmiş, strateji əhəmiyyətli mal və xidmətlərin tədarük zəncirlərinə nəzarət edəcəklər.
Bundan əlavə, mühüm məhsullarda strateji ehtiyatlar yaradılacaq. Sərbəst hərəkətin qarşısını almaq üçün nəzərdə tutulan məhdudiyyətlər qara siyahıya salınacaq. Birtərəfli məhdudiyyətlər sürətlə nəzərdən keçiriləcək və onların qarşısı alınacaq. Komissiya həmçinin sayıqlıq mərhələsində yaradılan strateji ehtiyatların məqsədli şəkildə bölüşdürülməsini təklif edə bilər. Təklifin qüvvəyə minməsi üçün Avropa Parlamentinin (AP) və üzv ölkələrin təsdiqi tələb olunur. Aİ ölkələri COVID-19 epidemiyasının başlanğıcında digər üzv dövlətlərlə sərhədlərini tez bir zamanda bağlamış və bu vəziyyət bir çox məhsulların təchizatında problem yaratmışdı. Bundan əlavə, Avropadakı bəzi şirkətlər epidemiya dövründə ilk növbədə Aİ xaricindəki ölkələrə kritik əhəmiyyətli məhsullar təqdim etmişdi.
Qeyd edək ki, Komissiyanın təklifi bu halların yenidən baş verməsinin qarşısını almaq məqsədi daşıyır.
Məhəmməd Tağıyev