Nigeriya Narkotiklərlə Mübarizə Təşkilatı Laqos şəhərindəki bir anbarda bazar dəyəri 278,5 milyon dollar olan 1,8 ton kokaini ələ keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyada narkotik qaçaqmalçıları ağır zərbələrə məruz qalıb. Nigeriya Narkotiklərlə Mübarizə Təşkilatından verilən açıqlamada Laqos şəhərindəki bir anbarda bazar dəyəri 278,5 milyon dollar olan 1,8 ton kokainin ələ keçirildiyi açıqlanıb. Müsadirə edilən narkotiklərin Avropa və Asiyadakı alıcılara göndəriləcəyini ifadə edən agentlik, basqın zamanı 4-ü nigeriyalı və 1-i yamaykalı olan 5 nəfərin yaxalandığını və bu şəxsləri ABŞ Narkotiklərlə Mübarizə İdarəsiylə birlikdə 2018-ci ildən koordinasiyalı şəkildə təqib etdikləri beynəlxalq narkotik dəstəsinin üzvləri olduğunu bildirib.
Qərbi Afrika, Latın Amerikasında istehsal olunan və Avropada satılan kokainin mühüm tranzit mərkəzi kimi tanınır. Keçən aprel ayında Kot d`İvuarda 2, 2019-cu ildə Kabo-Verde arxipelaqında 9,5 tondan çox kokain ələ keçirilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 2020-ci ildə dünyada ələ keçirilən kokainin miqdarının rekord həddə, 1424 tona çatdığını açıqlayıb.
Məhəmməd Tağıyev