Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclasları ilə əlaqədar 140-dan çox dövlət və hökumət başçısının iştirak etdiyi Nyu-Yorkda nəqliyyatın hərəkəti ilin ən sıx günlərini yaşayır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə fövqəladə təhlükəsizlik tədbirləri səbəbiylə bu həftə başda BMT-nin ətrafı olmaqla bir çox küçə və prospektlər nəqliyyata bağlanıb və ya istifadəsi məhdudlaşdırılıb. Xüsusilə FDR Drive-da, Manhettenin şərq tərəfindəki magistralda fasilələrlə planlaşdırılmamış bağlanmalar olsa da, şəhərin bəzi küçələrinin zolaqları konuslarla bölünür və dövlət başçılarının konvoy hərəkəti üçün ayrılır.
Şəhər nəqliyyat rəsmilərinin sözlərinə görə, Baş Assambleyanın keçirildiyi həftə ərzində nəqliyyat vasitələrinin orta sürəti saatda 5-6 kilometrə enir. Xüsusilə təhlükəsizliyin ən yüksək səviyyədə olduğu BMT ətrafı və şəhərin ən izdihamlı nöqtəsi olan Tayms Meydanına metro və ya piyada getmək çox vaxt maşınla getməkdən daha sürətli olur. Hər il sentyabr ayında şəhərdə normal axını dayandıran BMT sammitinin həftəsi üçün mediaya danışan Nyu-Yorklular, həyatın hər şeyə baxmayaraq davam etdiyini söyləyirlər. BMT-yə yaxın 2-ci küçədə evi olan və təxminən 50 ildir Nyu-Yorkda yaşayan Saul Çaveron, "Bu həftə çox əyləncəlidir. Bəli, nəqliyyat narahatdır, lakin bu, Nyu-Yorklu olmağın bir hissəsidir" deyib.
Məhəmməd Tağıyev