İspaniya hökuməti Rusiya-Ukrayna müharibəsi səbəbiylə Avropada başlayan enerji böhranına qarşı aldığı tədbirlər çərçivəsində təbii qaz vergisini 21 faizdən 5 faizə endirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, təbii qazın vergi dərəcəsi oktyabrın 1-dən dekabrın 31-dək 21 faizdən 5 faizə endiriləcək. Ekoloji Keçid və Demoqrafik Mübarizə Naziri Teresa Ribera mətbuata verdiyi açıqlamada: "Təbii qaza tətbiq edilən vergi endiriminin yanacaq qranulları və briketlərə də şamil ediləcəyini və enerji qarşısında yerli istehlakçıları və sənayeçiləri dəstəkləməyi hədəflədiklərini"- deyib.
Üç aylıq müddətdə təbii qaz istifadəçiləri üçün 210 milyon avro qənaət nəzərdə tutduqlarını ifadə edən Ribera, lazım gələrsə vergi endirimi müddətinin uzadılacağını ifadə edib. İspaniyanın baş naziri Pedro Sançes də sentyabrın 1-də təbii qaza vergi endirimi olacağını açıqlayıb.
Qeyd edək ki, enerji böhranı səbəbindən hökumət indiyədək elektrik enerjisi ilə bağlı vergiləri 80 faiz azaldıb və bununla vergi ödəyicilərinin 10 milyard avroya qənaət edəcəyi bildirilib.
Məhəmməd Tağıyev