|
|
|
|

“Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyl göstərmirlər. Bu, faiz məsələsinə görədir”.
Bunu Milli Məclisin iclasında deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, buna görə də bizim dindar insanlar öz pullarını bəzi islam ölkələrində olan islam qaydaları ilə fəaliyyət göstərən banklara yatırırlar: “Bu da bizim investisiyanın xaricə getməsinə səbəb olur. Bu gün Azərbaycanda dinə meyl artıb. Bu baxımdan da Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasını vacib hesab edirəm”.
Sözügedən məsələ ilə bağlı 525.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, Azərbaycanda İslam bankçılığının təmin edilməsi üçün əsas üç məsələ var: "Birincisi, gərək adekvat qanunvericilik olsun. Hələ ki, bizdə müvafiq qanun yoxdur. Halbuki bəzi ölkələrdə, hətta qeyri-islam ölkələrində bu qanun çoxdan var. Məsələn: Böyük Britaniyada. Faiz yalnız İslam dinində qadağan edilməyib, yəhudilik və xristianlıqda da bu qadağa var. Ona görə də İslam banklarının müştəriləri yalnız müsəlmanlar olmayacaq.
İkincisi, gərək bu sahədə kadr olsun.
Üçüncüsü, İslam bankçılığının maliyyə hesabatlarında ənənəvi banklardan fərqləri nəzərə alınmalıdır. Çünki biri var, sən faizlə banka pul verirsən, yəni, banka əmanət qoydun, yaxud kiməsə faizlə kredit verdin, onu sənin fəaliyyətin maraqlandırmır. İslam bankında isə sən kiməsə borc verəndə onun şəriki olub, gəlirindən payını götürürsən. Bir sözlə, sözügedən məsələdə şəffaflıq labüddür. Yəni burada maliyyə hesabatları dürüst olmalıdır. Dürüst olmayanda sonra problem olur, hər kəs deyir ki, mənim gəlirim, mənfəətim yoxdur",- deyə o bildirib.
Aytac Sahəd



