"Həqiqətən də çox ciddi problemlə üz-üzəyik. Bir müddət əvvəl sertifikasiyanın ilkin nəticələrinə əsasən nə qədər müəllimin “şaftali”, “anbar” sözlərini səhv yazması, “ibtidai" sözünü “p” ilə yazan, “müəllim" sözünü “məllim”, "qrup" sözünü “qurup” kimi yazanlarla bağlı problem yaşadıqsa, “Zəif müəllim müasir tələblərə cavab verən şagird hazırlaya bilməz” qərarına gəldik. Bu gün isə məlum olur ki, sən demə, “imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir.” “Burada güzəşt etmək mümkündürmü?” sual aydın, cavab isə birmənalıdır: “Əlbəttə, yox”. Nazirin təbirincə desək, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?"
Bunu 525.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, bu hələ ilkin nəticələrdir və sertifikasıiya ən azı 2026-ci ilə kimi davam edəcək və daha nə qədər müəllimin peşəyə yararlığı üzə çıxacaq – təhlükəli olan o deyil, ən böyük təhlükə bütövlükdə onsuz da sarsılmış, zədələnmiş müəllim nüfuzunun zədəsinin “qanaxmaya” çevrilməsi olacaq:
“Neçə illərdir problemləri yalnız sadalamaqla kifayətləndik, problemin üstünə getmədik, həlli yolarını axtarmaqdan çəkindik. Çıxış yolunu dövlət nümunəli təhsil sənədi olmayan, MİQ – dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə 6-8 saat dərs verməklə başlarını qatmaqda gördük. Bir dəfə də olsun müəllim hazırlığı ilə məşğul olan ali və orta ixtisas məktəbləri rəhbərlərində soruşmadıq ki, bu ali məktəb və ya kollec niyə belə zəif kadr istehsa edib ki, müəllimlərin müsabiqə imtahanında sıfır bal toplayır? Halbuki təhsil qanunvericiliyimizə keyfiyyətsiz təhsilə görə məsuliyyətlə bağlı xüsusi maddə salınmışdı. Bəli, bu gün bir çox müəllimlərimizin tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bəs, bu hazırlıqlar, təlimlər, kurslar nə ilə məşğul idilər, sertifikat paylamaqla. Bununla belə, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimin narahatçılığı və nigarançılığını kim yaratdı?
Ümumiyyətlə “4-5 saat dərsi olan müəllimlər” nə deməkdir? Əgər o müəllimdirsə, niyə heç olmasa minimum 1 stavka -18 saat dərs yükü ilə təmin olunmamalıdır? Yox, əgər müəllim deyilsə, onun məktədə nə işi var? Bu kimi məsələlərə Diaqnostik qiymətləndirmə prosesində aydınlıq gətirisəydi, bəlkə də bir çoxları özlərini başqa münasib bir peşədə sınamaq yolunu seçərdi”.
Ekspertin dediyinə görə, 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması, 1972-ci ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən ali məktəb müəssisəsinin adı, 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu” olanda onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala və s. bu kimi 11 filialı yaradılanda bu barədə fikirləşmək lazım idi. Onların bir çoxunun taleyi yəqin ki, çoxlarına məlumdur. Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipini pozmuş olduq:
“Əlbəttə, heç olmasa ədalət naminə də olsa etiraf etməliyik ki, istər keçmiş Respublika Müəllimləri Təkmilləşdirmə institunun, istərsə də Bakı PKİA adlanan paytaxt Müəllimləri Təkmilləşdirmə institutunun müəlimlərin ixtisaslarının artırılması sahəsində rolu böyük olub.Təkcə müəllimlər deyil, hətta rəhbər pedaqoji isçilər də həmin institutların bazasında 1 aylıq kurs keçərək, əmək haqqları saxlanılmaqla və məzuniyyət xərcləri dövlət hesabına ödənilməklə yeniliklərlə tanış olur, oz ixtisaslarını nəzərəçarpacaq dərəcədə artırırdılar. Yəqin, çoxlarına məlum olmamış deyil ki, müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yaranmışdı. 70-dən çox ali və orta ixtisas təhsil müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul oldular. Əlbəttə bu da kadr hazırlığına təsirsiz ötüşmədi. Küyə düşüb o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə “aktivləşdirdik” ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında “yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə “çevrildilər.” Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? Pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri madi-texniki bazası, elmi, pedaqoji, kadr potensiali və digər infrastrukturları nəzərə almadan, bütün institutları ucdantutma universitetlərə və akademiyalara çevirməklə, tam fərqli statuslara malik olan bu elm və təhsil müəssisələrıni eyniləşdirdik. İnstitutlara da, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və digər çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə, onları birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırdıq və s. Sabah və ya o birisi gün müəllm “peşəkarlığı” ilə bağlı yeni faktlar üzə çıxarılanda yəqin ki, təəccüblənənlərin sayı xeyli azalacaq. Nə əkmişdiksə onu da biçirik”.
Sevinc Qarayeva