Azərbaycan Dillər Universitetində (ADU) 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Azərbaycan Respublikası: uğurlar və yeni hədəflər” mövzusunda tədbir keçirilib.
Bu barədə 525.az-a ADU-dan bildirilib. Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların daim hörmətlə yad ediləcəyini vurğulayıb. O, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanı güclü, qüdrətli dövlətə çevirməsi istiqamətində yorulmaz fəaliyyəti, apardığı uğurlu siyasəti haqqında danışıb, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə verilən yüksək qiyməti diqqətə çatdırıb və tədbir iştirakçılarına tövsiyələrini verib.
Yeni Azərbaycan Partiyası ADU təşkilatının sədri dosent Qorxmaz Mustafayev əldə edilmiş uğurlar və yeni hədəflər, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov Azərbaycan dövlətinin apardığı uğurlu iqtisadi siyasətin əsas istiqamətləri, Regionşünaslıq kafedrasının müəllimi Sara Ələsgərova beynəlxalq münasibətlər sahəsində əldə edilmiş uğurları, Təhsil-2 fakültəsinin tələbəsi Gülüstan Kərimli isə uğurlu gənclər siyasəti barədə çıxış ediblər.
Sevinc Qarayeva