Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılır.
Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən (DİM) məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsində namizədin tələblərə uyğunluğu və sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir.
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət etmiş şəxslərin elektron poçt ünvanına müsahibəyə qeydiyyatla bağlı bildiriş göndərilir. Namizədlər elektron anketə daxil olaraq müsahibə gününü, vaxtını seçir və elektron sistemə daxil etdiyi anket, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli (diplom), iş yeri haqqında arayış (olduğu təqdirdə), məhkumluq barədə arayış, dövlət qulluğu sertifikatı olan şəxslər müvafiq sertifikatı (olduğu təqdirdə) təqdim etməklə müsahibədə iştirak edirlər.
Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlər müsahibə nəticələri ilə bağlı məlumatla elektron anketlərinə daxil olaraq tanış ola bilərlər. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəni yoxlayan test imtahanına dəvət edilirlər.
Məlumat üçün bildirək ki, indiyə qədər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən 1672 nəfər müraciət edib, onlardan 1436 nəfər müraciətini təsdiqləyib.
Sevinc Qarayeva