"Ümumiyyətlə rüşvət ikitərəfli olur. Bunun alanı da, verəni də məsuliyyət daşıyır. Ona görə də təhsil müəssisəsində rüşvətin adı belə tərif olunur: əgər hədiyyə müəyyən bir limiti aşırsa, bu, artıq rüşvətdir. Bunun başqa adı yoxdur. Müəllim başa düşməlidir ki, əgər insanlardan "hədiyyə" alırsa, bu zaman minnətli vəziyyətə düşür. Minnətli vəziyyətə düşən müəllimin işinə valideynlər rahatlıqla müdaxilə edə bilir. Rahatlıqla "mənim övladımı qabaq (arxa) sırada otuzdur" kimi müdaxilələr edir. Müəllimin imici, xarizması zədələnir. Müəllim bunu birbaşa başa düşməlidir”.
Bu fikirləri 525.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov deyib.
Onun sözlərinə görə, bəziləri rüşvəti məktəbdən kənarda qəbul edirlər. Məktəbin divarları xaricində alanda sanki bu, normal hal kimi qəbul edilir. Lakin bu, qətiyyən yerə-göyə sığası bir davranış deyil və müəllimin etik davranış qaydalarına uyğun gəlmir. Belə edən valideynlər əslində övladlarının beyninə, zehninə, idrakına rüşvətin toxumlarını səpirlər. Nəticədə, onların əkdikləri toxumlar böyüyüb rüşvət ağacı olacaq. Ona görə də əslində valideynlərin içərisində bir damcı şüuru olan varsa, buna qarşı çıxmalıdır. Valideyn qrupunda bu təkliflə çıxış edən valideynə demək lazımdır ki, "bu, sənin işin deyil, sən insanlara rüşvət öyrədirsən". Hədiyyə veriləcəksə, bunu hər bir valideyn özü müəyyənləşdirməlidir. O təşkilatçılığa qol qoymamaq lazımdır. Valideynlər rüşvəti alan şəxs qədər məsuliyyət daşıyırlar. Özləri bu rüşvət mühitinə şərait yaradırlar və sonradan şikayət edirlər. Valideyn, əksinə, buna qarşı çıxmalıdır. Kimsə "Whatsapp" qrupunda pul yığmağı təklif edirsə, bu zaman valideyn buna qarşı çıxmalıdır. Kim istəsə, könüllü sürətdə özü hədiyyə ala bilər, istəməsə, almaz: “Bu, könüllü olsa, insanlar bir-birindən müstəqil şəkildə təşkilatlanmadan etməlidirlər. Müəllimə hədiyyə almaq məsələsi insanların ürəyindən gəlsə, biri açıqca verəcək, digəri kitab, qələm və yaxud şeir yazıb məktub halında gətirəcək. Beləcə, bu iş təbii bir proses olacaq”.
Ekspert qeyd edib ki, verilən hər bir "hədiyyə" müəllimin biləklərinə, boynuna bağlanmış bir ipdir. Əmin olsun ki, o hədiyyəni kim veribsə, o ipi zamanı gələndə çəkib, müəllimə yön verməyə çalışacaq və müəllim ədalət prinsipini itirəcək:
“Əgər müəllim valideynlər tərəfindən yığılıb ona verilən pula etiraz edib, daha artıq istəyirsə, bu, birbaşa cinayət məsuliyyətlidir. Onu Baş Prokurorluğun Korrupsiya İdarəsi tutsa, cinayət məsuliyyətinə cəlb edər".
Sevinc Qarayeva