“Elm və Təhsil Nazirliyinin verdiyi məlumata görə 2023-cü ilin yanvar ayına kimi müəllimlərin sertifikatlaşdırılması prosesinin keçirilməsi nəzərdə tutulmur”.
525.az xəbər verir ki, bunu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi Rüfət Əsədzadə deyib. O bildirib ki, ilin sonuna az vaxt qaldığı üçün proses növbəti təqvim ilində davam edəcək:
”Əgər proses öncədən baş verərsə, dekabr ayında bununla bağlı məlumat veriləcək”.
Məsul katib qeyd edib ki, sertifikasiyada dərin və narahatedici heç bir məqam yoxdur:
“Prosesdən keçən digər müəllimlərin nəticələri əsasında deyə bilərik ki, daimi hazırlıq edən insanların heç biri üçün test və müsahibə mərhələləri pis keçmədi. İmtahandan yaxşı nəticə əldə edə bilməyən 2000-dən çox müəllimin yaşadığı çətinliklər səbəbindən digər müəllimlərə psixoloji basqı tətbiq edirlər. Sertifikasiyanın məqsədi peşəkar müəllimlərin aşkar olunmasıdır və nəticəsi zəif müəllimlərə də bir il zaman tanınır.
Bu il ilk dəfə müəllimlərin sertifikasiya prosesinə başlanıldı. Onun daha da təkmilləşdirildikdən sonra kütləvi xarakter alması düşünülür. 11 min müəllimin sertifikasiyadan keçdiyi sübut edir ki, sistem tam işlək vəziyyətdədir və problem qeydə alınmayıb”.
Sevinc Qarayeva