Polşanın baş naziri Mateusz Morawiecki ölkəsinin nüvə enerjisi proqramı çərçivəsində ümumilikdə 6 reaktorlu 3 atom elektrik stansiyası tikəcəyini bildirib.
525.az xəbər verir ki, Polşa Xəbər Agentliyinin (PAP) məlumatına görə, Morawiecki nüvənin enerji təhlükəsizliyi üçün vacib olduğunu bəyan edib. Atom elektrik stansiyalarının ölkənin bazar və birjadan müstəqil olmasını təmin edəcəyini ifadə edən Morawiecki: "Cəmi 6 reaktorla 3 nüvə stansiyası inşa edəcəyik", - deyib.
Nüvə enerjisinə qoyulan sərmayənin Polşanın yenilənə bilən enerji mənbələrini inkişaf etdirməyəcəyi anlamına gəlmədiyini qeyd edən Morawiecki: "Ancaq bu gün kömürün təmin etdiyi sabit enerjiyə ehtiyacımız var", - deyib.
Oktyabrın 28-də Polşanın ilk atom elektrik stansiyasının ABŞ-da yerləşən Westinghouse Electric Company nüvə enerjisi şirkəti tərəfindən tikiləcəyi açıqlanıb. Atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanacaq və ilk reaktorun 2033-cü ildə işə salınması gözlənilir.
Malik Atilay