Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn solçu keçmiş prezident Luiz İnasio Lula da Silva birlik mesajı verib və iqtisadiyyatdan tutmuş iqlim dəyişikliyinə qədər hər şeyi braziliyalılar üçün ideal hala gətirəcəyini deyib.
525.az xəbər verir ki, seçkilərdə qalib gəldikdən sonra tərəfdarları qarşısında çıxış edən Lula da Silva: “Qaldığım yerdən çatdığım yerə qədər həmişə Allahın mənə qarşı çox səxavətli olduğunu düşünmüşəm”, - deyib.
Braziliyada seçkilərdən sonra ilin ilk günündə keçirilən prezident təsliminə işarə edən Lula: "2023-cü il yanvarın 1-dən etibarən yalnız mənə səs verənləri deyil, 215 milyon braziliyalıya başçılıq edəcəm. İki Braziliya yoxdur. Biz bir ölkə, bir xalq və bir böyük millətik”, - deyə açıqlamasında bildirib.
Seçkiləri ölkə tarixinin ən mühüm seçkilərindən biri kimi xarakterizə edən Lula: "Bu, iki əks ölkə planını bir-birinə qarşı qoyan bir seçki idi və bu gün yalnız bir böyük qalib var - Braziliya xalqı. Braziliya xalqı bu gün göstərdi ki, onlar öz həyatlarına kimin rəhbərlik edəcəyini seçmək hüququndan daha çox şey istəyirlər, xalq hökumət qərarlarında fəal iştirak etmək istəyir”, - deyib.
Braziliya xalqının yaxşı həyat tələb etdiyini qeyd edən Lula: "Braziliyalılar yaxşı bir iş, hər zaman inflyasiyadan yüksək olan maaş, keyfiyyətli ictimai sağlamlıq və təhsil istəyirlər. Silah yerinə kitab istəyirlər. Braziliya xalqı yenidən qazanc əldə etmək istəyir", - ifadələrindən istifadə edib.
Lula birlik mesajı verdiyi çıxışında: "Bu ölkənin sülh və birliyə ehtiyacı var. Xalq daha döyüşmək istəmir. Heç vaxt istifadə edilməməsi lazım olan silahları yerə endirməyin vaxtıdır. Silah öldürür, biz də həyat seçirik" - deyə bildirib.
Onu böyük sınaqların gözlədiyini bildirən Lula: “Ölkəni bütün ölçüləri ilə yenidən qurmaq lazımdır", - deyib. Birlik, tolerantlıq və xoşbəxtlik vəd edən Lula: "Ən təcili həll etməli olduğumuz şey aclığa son qoymaqdır. Bu ölkədə milyonlarla kişi, qadın və uşağın yeməyə heç bir şeyinin olmaması və ya daha az istehlak etməsini normal qəbul edə bilmərik", - deyə vurğulayıb.
Malik Atilay