Şimali Koreyanın raket sınaqlarından sonra gərginliyin artdığı Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hava təlimlərinə başladığı bildirilib.
525.az xəbər verir ki, “Yonhap”ın xəbərinə görə, Cənubi Koreyanın F-35A, F-15K və KF-16 da daxil olduğu 140 təyyarə ilə qatıldığı təlimdə ABŞ F-35B və EA-18 də daxil olmaqla 100 təyyarə ilə təlimə dəstək verir.
Digər tərəfdən təlimdə döyüş təyyarələri ilə yanaşı, KC-135 tankerləri və U-2 yüksək hündürlükdə kəşfiyyat təyyarələrinin də iştirak edəcəyi bildirilib.
Təlimdə Avstraliya Hərbi Hava Qüvvələri də iştirak edir. ABŞ və Cənubi Koreya birgə təlimlərinin ilkini 2015-ci ildə keçirib. Təlimlər 2018-ci ildə Cənubi Koreyanın keçmiş prezidenti Mun Çje İnin Şimali Koreya ilə barışıq siyasətinin bir hissəsi olaraq dayandırılıb.
Son aylarda keçirdiyi raket sınaqları ilə reaksiyalara səbəb olan Şimali Koreya oktyabrın 28-də Şərq dənizi (Yaponiya dənizi) istiqamətində iki ballistik raket atıb. Pxenyan administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozaraq 2022-ci ilin əvvəlindən bəri 28-ci cəhdini həyata keçirib.
Malik Atilay