Rusiya taxıl dəhlizi sazişini dayandırdıqdan sonra Birləşmiş Millətlər Təşkilatı, Türkiyə və Ukrayna sazişi birtərəfli qaydada davam etdirəcəklərini açıqlayıblar. Ukraynadan yola düşən və İstanbul Boğazında gözləyən gəmilər İstanbul Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq. Boğazda gözləyən, aralarında tankerlərin də olduğu quru yük gəmiləri pilotsuz təyyarə ilə havadan görüntülənib.
525.az Türkiyə mediasına istinadən məlumat verir ki, Rusiya oktyabrın 29-da Krımdakı Sevastopol hərbi-dəniz bazasına hücumu səbəb kimi göstərərək “Taxıl sazişi"ndən çıxdığını elan etsə də, BMT, Türkiyə və Ukrayna Rusiya olmadan da sazişi davam etdirməyə qərar verib. Həmçinin oktyabrın 30-na keçən gecə Ukrayna limanlarından yola düşən taxılla yüklənmiş 12 gəmidən bəzilərinin bu gün İstanbula çatması gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının tövsiyəsi ilə İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin təftiş imkanlarının artırılmasına da qərar verilib. Boğazın girişində əvvəllər Ukrayna limanlarından çıxan taxıl yüklü gəmilər uzun növbələr yaratdığından 10 nəfərdən ibarət yeni yoxlama qrupu yaradılacaq. Bu 10 yeni yoxlama qrupu gündə 40 gəmiyə nəzarət edə biləcək. Boğazdan keçmək üçün gözləyən taxıl gəmilərinin sayının 170-ə yaxın olduğu göstərilir.
Fərid Sançar