Son illərdə Çinin koronavirus məhdudiyyətləri ilə qapalı olan diplomatik əlaqələri diqqəti cəlb edir. Üçüncü müddətə vəzifəyə başlayan Si Cinpin bu həftə Pekində Vyetnam, Pakistan və Almaniyanın liderləri ilə ardıcıl görüşəcək.
525.az xəbər verir ki, Çində konqres prosesinin tamamlanmasıyla gözlər artıq yeni dövrdə həyata keçiriləcək siyasətlərdədir. Prezident Si həm Şərq, həm də Qərblə əlaqələri gücləndirməyə çalışır. Sinin İlk görüşəcəyi Qərb lideri Almaniya kansleri Olaf Şolts olacaq. Bu səfər Çin lideri Sinin yeni dövrdə Qərb dünyası ilə quracağı əlaqələrə dair ipucları verəcək. Ukrayna-Rusiya müharibəsi və Tayvan problemi səbəbindən Çin-Qərb münasibətləri gərgin günlər yaşayırdı. Sinin Pekində Şoltsa ev sahibliyi etməsi iqtisadi əməkdaşlıq vasitəsilə münasibətləri canlandırmaq imkanı verə bilər.
Sinin üçüncü müddətində ilk diplomatik görüşü isə Vyetnam Kommunist Partiyasının lideri ilə olacaq. Bu üstünlük xarici siyasətdə ideoloji addımların davamı kimi şərh olunur. Sinin bu addımı həm də ABŞ-ın Vyetnamla son yaxınlaşmasına cavabdır. Pakistanın baş naziri Şahbaz Şərif də bu həftə Pekinə səfər edəcək. Bu səfər Pakistan və Çin arasında Hindistana qarşı əməkdaşlığın davam edəcəyi anlamına gəlir. İki lider, həmçinin son vaxtlar ləngiyən "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çin-Pakistan iqtisadi dəhlizinin gələcəyini müzakirə edəcəklər.
Məhəmməd Tağıyev