Dövlət İmtahan Mərkəzi görüləcək işlərin təqvimini açıqlayıb. Təqvim planına əsasən 9- və 11-ci siniflər üzrə buraxılış imtahanlarının mart ayında keçirilməsi nəzərdə tutulub. İmtahan tarixinin hər il dərs ili başa çatmamış keçirilməsi birmənalı qarşılanmır. Hətta imtahanlardan sonra buraxılış siniflərinin şagirdlərinin məktəbə dəvamiyyəti də zəifləyir. Bəs görəsən imtahanların tədris ili başa çatmamış təşkil olunmasında məqsəd nədir?
525.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbaut katibi Xanlar Xanlarzadə bildirib ki, artıq ötən ildən buraxılış imtahanları mart-aprel aylarında təşkil olunur. Buna da səbəb imtahan suallarının emalı və yoxlanması ilə bağlı xeyli vaxt tələb olunmasıdır: "Buraxılış imtahanlarından sonra DİM tərəfindən ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi təşkil olunur. Bu amillər nəzərə alınmaqla buraxılış imtahanlarının vaxtı mart-aprel aylarına salınır".
O ki qaldı dərs proqramına, X. Xanlarzadə bildirdi ki, keçirilməyən dərslərə aid suallar buraxılış imtahanlarına salınmır.
Bununla belə X. Xanlarzadə buraxılış imtahanlarının keçirilmə tarixinin yanvarda açıqlanacağını söyləyib. Bildirib ki, hələki bu barədə DİM tərəfindən rəsmi açıqlama verilməyib.
Sevinc Qarayeva