Dünyanın müasir tərəqqipərvər prinsipləri əsasında inkişaf edən ölkəmiz cəmiyyətdə bütün insanların bərabərhüquqlu vətəndaş kimi öz bilik və bacarıqlarını azad şəkildə tətbiq etmək imkanlarını dəstəkləyir. Son dövrlər sağlamlığında fiziki qüsuru olan insanların, xüsusən də bu kateqoriyadan olan gənclərin cəmiyyətə inteqrasiyası yönündə əhəmiyyətli irəliləyişlər hiss edilməkdədir.
Bu fikirlər 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə fiziki qüsurlu uşaq və gəncləri birləşdirən "Fərəh" Sosial İctimai Birliyi tərəfindən Gəncə şəhər İdman və Gənclər Baş İdarəsinin dəstəyi ilə təşkil edilən "Günəşli gün" adlı forumda bir daha səsləndirilib.
Tədbirə yüzlərlə iştirakçı və qonaq - fiziki sağlamlığında qüsurları olan insanlarla yanaşı, cəmiyyətin bu kateqoriyalı vətəndaşları ilə çalışan təşkilatların, Gəncə şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri, tələbə-könüllülər, gənc fəalllar və ziyalılar, eləcə də şəhid ailələrinin üzvləri qatılmışdı.
Çıxışlarda Azərbaycanda sosial məsələlərinin, o cümlədən, fiziki əngəlli vətəndaşların cəmiyyətin həyatına iqtisadi, mədəni, təhsil və digər sahələr izrə bərabərhüquqlu inteqrasiyası üçün bütün zəruri tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Tədbir boyu qəhrəmanlıq və Vətən mövzulu şeirlər, nəğmələr, bədii səhnələr fiziki əngəllərinə baş əyməyən uşaqlar və gənclər tərəfindən böyük məharətlə iştirakçılara təqdim olunub.
"Bu gün burada bir daha əmin oluruq ki, əzmkarlıq, Vətən sevgisi, insanpərvərlik, cəmiyyətin tərəqqisinə töhfə vermək eşqi heç bir əngəl tanımır. Azərbaycanlıların "Biz birlikdə güclüyük!" amalı ilə həmrəylik nümayiş etdirməsi daha böyük uğurlarımızın əsasıdır", - deyə millət vəkili Pərvin Kərimzadə bildirib.
Forumda fiziki əngəlli şəxslərin cəmiyyətə inteqrasiyası üçün ictimai təşəbbüslərin və bu yöndə müxtəlif layihə və proqrqmların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
"Bizim təşkilat 19 ay bundan qabaq cəmi 15 nəfəri sıralarında birləşdirərək, fəaliyyətə başlayıb. Amma artıq bu qısa müddət ərzində 160 nəfərədək üzvümüz, həmçinin, könüllülərdən də böyük dəstəyimiz var. Fiziki əngəllərə baxmayaraq, gənclərin öz işlərini qurmaq, təhsil almaq və digər istiqamətlərdə cəmiyyətə inteqrasiya olunmaq prosesinə yardımçı oluruq", - deyə "Fərəh"in rəhbəri İlqar Hümmətov bildirib.
Forumda Tədbirdə fiziki əngəlli gənclərin həyat və karyera uğurlarını əks etdirən videoçarx da nümayiş edilib.
Zakir MURADOV
Gəncə