Sərdar FƏRƏCOV
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti,
bəstəkar Sərdar Fərəcovun bu gün 65 yaşım tamam olur. S.Fərəcovun illərdən bəri hər ad günü ərəfəsində özünə şeir həsr etmək kimi maraqlı bir adəti var. Növbəti doğum günü - yubiley yaşı münasibətilə hörmətli bəstəkarımıza təbriklərimizi, xoş arzularımızı ünvanlayır, sözügedən şeirlərindən nümunələri oxuculara təqdim edirik.
Ad günü ərəfəsində
Hər ildə bir dəfə hesab soruram,
Qəlbimdə kimlərin adı əksilir?
Bir vaxt çox olardı, indisə azdır,
Doğması əksilir, yadı əksilir.
Əyilir üfüqdə Günəşin qaşı,
Böyüyür içimdə ürəyin daşı,
Dərd çox, həmdərd yox, neçəsi naşı...
Qəmlisi əksilir, şadı əksilir.
Ürək də küskündür, danışmır, dinmir,
Nə illah edirəm, bu can isinmir.
Yediyim, içdiyim canıma sinmir,
Deyəsən, ağzımın dadı əksilir.
Sevgili duyğular indi mürgülü,
Soluxub, yoluxub eşqin tər gülü,
Tökülsün başıma Dünyanın külü,
Çağlayan ürəyin odu əksilir.
08.XII.2011.
saat 01:35.
61-in ərəfəsində
Hə, köhnə dost, danış görüm,
Gözün sözünə baxırmı?
Nəsə demək istəyəndə
Sözün sözünə baxırmı?
Kəsilibdir küy-küləyin,
Dikəlməyə varmı heyin?
Yada düşəndə gəncliyin
Dizin sözünə baxırmı?
Paran da yox paylamağa,
Ya quyuda quylamağa.
Bir dostu haraylamağa
Səsin sözünə baxırmı?
Yollar yordu Səni - Məni
Budur dünyanın düzəni.
Saxla çərxin gərdişini,
Desin - sözünə baxırmı?
7-8.XII.18
63-ün son gecəsi
"...Qapını aç...
Mən qapının arxasındayam..."
İsa Məsih
Bilirəm, qapının arxasındasan,
Durub gözləyirsən bəlkə haçandır.
Bu qapını açmaq - ən böyük iman,
Allahın özü də qapı açandır.
Qapı arxasında ən böyük nemət
Bir ömür həsrətin çəkdiyim xeyir.
Qapı arxasında ulu həqiqət,
Bəs əlim dəstəkdə niyə titrəyir?
Nədən tərəddüdlər didir içimi,
Neyçün qətiyyətim sarsılıb belə?
Fırtınaya düşmüş gəmilər kimi
Yan ala bilmirəm doğma sahilə.
Nə vaxtsa etdiyim əməllərimin
Ağırlığı çöküb ruhuma bəlkə.
Qapıya uzanan boş əllərimin
Heyi də qalmayıb dəstəyi çəkə.
Yoxsa günahlarım çevrilib daşa,
Zindan tək asılıb ayaqlarımdan.
Yoxsa deyilənlər gəldilər başa,
Deməli, bu sondur: verilmiş Fərman...
Duaya qalxıram - boğulur səsim,
Tövbə eləyirəm - dilim olur lal.
Tıxanır boğazda axır nəfəsim
Yaşanan bir ömür - bir sərsəm xəyal.
Doğrudanmı hər şey bitəcək belə,
O qapı mənimçün bağlı qalacaq...
Bir qarış yol qalmış axır mənzilə
Səraba dönəcək, heçlik olacaq.
Düşüncələr artıq iflic olurkən
Son dəfə baxıram qapıya sarı
Gözlərimmi çıxır hədəqəsindən,
Çaxır möcüzələr ildırımları?!
Qapı yavaş-yavaş açılır özü,
Dolur gözlərimə işıq-nur seli.
Qucur otağımı heyrət dənizi
Ucalır qüdrətin ulu heykəli.
- Sən özünmü gəldin, ey ulu qüdrət,
Günahkar bir qula bu nə iltifat?
Bu necə mərhəmət, bu necə şəfqət,
Yoxsa əfv olundum, nə olar, anlat...
Səs gəldi: - Sən unut günahı, əfvi,
Bilinməz mətləblər, məqamlar varkən.
Bir yol gedəcəyik - əzablı, qəvi,
Zaman yox... Dur gedək!
Amma çıxarkən...
Qapını bağlama...
08.XII. 2021