1-ci yazı
"Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən keçərkən ruhumu şad etsinlər..."
Mirzə Həsən Rüşdiyyə
Ədəbiyyatımızın, milli mədəni irsimizin, eləcə də nəslimizin davamçıları, gələcəyimiz dediyimiz uşaqların sağlam ruhlu, əqidəli, savadlı və hərtərəfli inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün uşaq ədəbiyyatı örnəklərinə bütün zamanlarda böyük ehtiyac duyulub. Lakin Azərbaycanda uşaq ədəbiyyatının yazılması və nəşri sahəsində həmişə müəyyən boşluqlar özünü göstərib, ümumədəbiyyatdan fərqli olaraq uşaq ədəbiyyatının inkişaf yolu həmişə uğurlu, hamar və məhsuldar olmayıb. Uzun əsrlər boyu uşaq ədəbiyyatının inkişafı ləngiyib, "Bustan", "Gülüstan", "Divani-hafiz", "Əbvabül-sinan" "Nanü-halva", "Tarixi-Nadir", "Sərbaz" və sair kitablar müqabilində Azərbaycan türklərinə öz doğma dillərində uşaqların oxuması üçün əsər yaratmağa geniş imkan verilməyib. Ona görə də qədim və orta əsrlər ədəbiyyat xəzinəsi də uşaq oxusu üçün nəzərdə tutularaq yazılan kitablar baxımından kasaddır. Bu mənada, əslində Azərbaycan uşaq ədəbiyyatı məfhumu da yeni dövrə - XIX əsrə aid ədəbi-pedaqoji hadisədir...
XIX və XX əsrin əvvəllərində kifayət qədər ictimai və dini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir gücünə malik olan uşaq oxusu nümunələrinin yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər toplanıb, bütöv halda araşdırılmamış, nəşr edilərək xalqa çatdırılmayıb. Təsadüfi deyil ki, bu gün bizim Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov istisna edilərsə, onun inkişafı yolunda böyük əmək sərf etmiş Mirzə Nəsrullah, Hacı Səid və Cəlal Ünsizadələr, Həsənəli Ağa Xan Qaradaği, Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Cavanşir, Məhəmmədtağı Sidqi, Abdulla bəy Əfəndizadə, Mahmud bəy Mahmudbəyov və digər görkəmli nümayəndələrinin bu sahədəki fəaliyyəti haqqında təsəvvürümüz belə yoxdur. Onların bəzilərinin adlarını eşitmiş olsaq da, əsərlərindən xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın inkişaf tarixində, uşaqlar üçün nəzərdə tutulan nəşrlərin mənzərəsində ağ ləkələr sıx-sıx nəzərə çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalıb. Bu gün Vətənin həm Quzeyində, həm də Güneyində tarixin müxtəlif mərhələlərində xalqın yaratdığı mənəvi sərvəti heç bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə çıxarmaq, təbliğ edib geniş oxucu kütləsinin mənəvi qida mənbəyinə çevirmək yazarları, ziyalıları düşündürən əsas məsələlərdəndir.
Bu gerçəkliyin mahiyyətini dövrünün böyük aydını, Cənubi Azərbaycanın baş şəhəri Təbrizdən Şərq dünyasına günəş təkin doğan görkəmli maarifpərvər, pedaqoq, publisist, ruhani, siyasətçi və mühərrir kimi tanınmış Mirzə Həsən Rüşdiyyə isə hələ XIX əsrin II yarısından etibarən dərindən anlayıb. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq edən maarif xadimi və "İran maarifinin atası" kimi dəyərləndirilən Mirzə Həsən Rüşdiyyənin XIX əsrin sonlarında böyük çətinliklər bahasına açdığı "Mədrəsəye-Rüşdiyyə", "Rüşdiyye-ye müzəffəriyyə" adlı yeni tipli məktəblər "Səfəvilər dövründən sonra Cənubda ana dilində fəaliyyət göstərən ilk Azərbaycan məktəbi idi". Və təbii olaraq bu yeni tipli Azərbaycan məktəblərində təhsil alan uşaqların oxuyub yüksək savad almaları üçün ana dilində, özbəöz türkcəmizdə dərsliklərin yaradılması və bədii əsərlərin yazılması zərurətini də doğururdu. M.H.Rüşdiyyə hər kəsdən öncə bu qutsal işə başlayıb və kiçikyaşlı öyrəncilər üçün bir sıra ibrətamiz əsərlər-öykü, təmsil və dərsliklər, türk və fars dillərində ümumilikdə 30-a yaxın kitab qələmə alıb. "Vətən dili" və "Ana dili" kimi dərslikləri ilə yanaşı, bir-birindən dəyərli "Bidayətüt-təlim", "Kifayətüt-təlim", "Nəhayətüt-təlim", "Nəsihətül-təlim", "Təkmilüs-sərt", "Təhsili-hesab", "Üsuli-əqaid və ya ittihadi-bəşər", "Əlifbayi-sövti", "Əlifbayi-Rüşdiyyə", "Tarixi-şifahi", "Coğrafiyai-şifahi", "Şəriəti-ibtidai" və b. əsərləri ilə İranda və Güney Azərbaycanda əsl maarifçilik hərəkatının başlanmasına start verib. Elmi-publisistik və ədəbi-bədii xarakter daşıyan həmin əsərlər M.H.Rüşdiyyənin ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə yanaşı, geniş elmi və bədii yaradıcılıqla da məşğul olduğunun kanıtıdır.
M.H.Rüşdiyyənin, daha sonra Cabbar bəy Bağçaban, Məhəmmədhüseyn Şəhriyar, Haşım Tərlan, Səməd Behrəngi, Mərziyyə Üskülü, Əlirza Nabdil Oxtay, Həsən Fərşbaf və digərlərinin bədii irsinin özəlliklərindən biri əsərlərini əsasən sadə dildə, uşaqların anlaya biləcəyi tərzdə yazmalarıdır. Onların amacı üz tutduqları mövzuları bədii müstəvidə işləməklə xalqın maariflənlənməsinə, körpə fidanların gözlərinin açılmasına xidmət etmək idi. Maarifləndirmə isə əhalidə yeniyetmə dövrlərindən başlamalıdır. Güney yazarları bilirdilər və bu gün də o fikirdədirlər ki, uşaqları elmə, təhsilə həvəsləndirmək, savadlı, bilikli vətəndaş kimi yetişdirmək üçün onlarda kitab oxumağa maraq oyatmaq lazımdır. Əgər belə olmasa, uşaqların elmə, təhsilə maraqları itər, mədəni-maarif işlərinə meyl etməzlər. M.H.Rüşdiyyə də bu gerçəyi dərindən anladığından uşaqların zövqünü oxşaya biləcək, onların bəsirət gözünün açılmasına yardımçı ola biləcək əsərlər, öykülər, duzlu-məzəli şeir və kiçik həcmli təmsillər yazır, böyük sənətkarlıq nümayiş etdirirdi. Kamil pedaqoqun məqsədi o idi ki, uşaqların zehni yorulmasın, uzun mətni oxumaqdan bezməsinlər. Ədibin ədəbi irsi, didaktik ədəbiyyatın ən gözəl örnəklərindən sayılan təmsilləri o taylı-bu taylı Azərbaycan ədəbiyyatının misilsiz örnəkləridir. Onun alleqorik hekayələri dərin fəlsəfi mənaları ilə diqqət çəkir. Yazıçının uşaqlar üçün yazdığı və "Vətən dili" dərsliyinə də daxil etdiyi həmin hekayələr günümüzədək uşaq ədəbiyyatında öz əhəmiyyətli mövqeyini qoruyub-saxlayır. "Aslan və iki öküz", "Tısbağa və dovşan", "Maralın qıçları və buynuzları", "Köpəklər və tülkü", "İki xoruz", "Köpək və qurd", "Köpək və çaylan", İnsan və aslan", "Şir və siçan", "Dözümsüz aslan" təmsil-öykülərində böyük pedaqoq insanlara anlatmaq istəyir ki, hər kəs öz əkdiyini biçir. Lovğalıq, təkəbbür, yersiz qürur insana baş ucalığı gətirən cəhətlər deyil...İnsan yaşamı boyunca nələr edirsə, hansı əməlləri həyata keçirirsə, məhz onlar zaman keçdikcə qarşısına çıxır, yaxşı ya pis əməllərin daşıyıcısı olubsa, elə həmin əməllərlə də qarşılaşır.
Min təəssüf ki, Mirzə Həsən Rüşdiyyənin "bu qədər zəngin yaradıcılıq irsi olmasına baxmayaraq, əsərləri Quzey Azərbaycanda nəinki ayrıca nəşr olunmayıb, hətta antologiyalara belə çox cüzi bir hissəsi salınıb. O da acınacaqlı haldır ki, türkçülüyün tarixinə aid bir çox əsərlərdə türklük üçün bu qədər böyük işlər görmüş bu şəxsiyyətin adı belə çəkilməmişdir".
Ancaq Güneydə onun açdığı mütərəqqi yolla mətin addımlarla irəliləyən davamçıları yetişdi. Onlar yeni üsullu məktəb aça bilməsələr də, möhtəşəm uşaq ədəbiyyatı örnəkləri yaratdılar. Qeyd edək ki, Güney Azərbaycanda və İranda çağdaş dövr uşaq ədəbiyyatının təməlini M.H.Rüşdiyyənin xələfi - Səməd Behrəngi qoymuş, onun faciəli ölümündən sonra isə bu qutsal işi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşları Mərziyə Üskülü Dalğa və Əlirza Nabdil Oxtay birlikdə davam etdirmişlər.
Bu gün Güneydə "Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin" (Pifaqor), gerçəyini anlayır və həyata keçməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitabı 1958-ci ildə Bakıda "Həmid Araslı" nəşr etdirib. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-ci ildə "Əsmər" nəşriyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazıldığını duyuruq. Ancaq dərindən fikirləşdikdə, yeni çağda cizgi filmləri, təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, "Söhbətül-əsmar"n da uşaqlar üçün təmsili bir dil ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də mən deyərdim ki, bütün Şərqdə) Füzuliyə aiddır. Hümmət Şahbazinin fikrinə yüzdəyüz qatılır və təsdiqləyirəm, çünki 1958-ci ilədək "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri S.Mümtaz, H.Araslı, M.Rzaquluzadə və Ə.H.Qəhrəmanov, H.Əfəndiyev və digərlərinin tərtibatı və müqəddimələri ilə Təbrizdə və Bakıda dəfələrlə çap olunmuşdu. Onlarla nəşr variantlarının hamısında əsərin orta və natamam orta məktəblərin əsasən beşinci, sonra isə VI-VII sinif şagirdləri üçün tədris olunacağı qeyd olunur. Deməli, dahi Füzuli "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") məsnəvisini daha çox uşaq və yeniyetmələri düşünərək qələmə almışdır. Hümmətin də bu məsnəvinin mahiyyətinə varması, dahi Füzulinin hədəflərini bəlirləməsi, mənəm-mənəmlik düşüncəsinin, lovğalıq və təkəbbürün dünyanın ən ləziz neməti olan meyvələrdən deyil, insanlardan belə qaçışa gətirib çıxardığını, dolayısı ilə insanların birliyə nə qədər ehtiyacları olduğu halda, bu gerçəyi anlamaması məsələsini incələməsi də düşündürücüdür: "Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri vardır. Fuzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır. Şairin bu vəsflərində bütün meyvələr özü-özlüyündə taysızdır. Heç bir meyvə, başqa meyvələrin yaxşılığını görmək istəmir və hər biri özünü yaxşıların ən yaxşısı bilir. Sonda bağa səyahətə çıxan adam da elə onların yaratdığı bu uyumsuz dünyalarından qaçmaq fikrinə düşür. Bu meyvələr arasında heç bir fikir və duyğu birləşməsi yoxdur. Onların hər birisinin davranışı "Burda mənəm, Bağdadda kor xəlifə" zərbül-məsəlini yada salır".