
Xıdır Əlləz, Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasim qədim tarixə malikdir və bütün türk dünyasını qapsayan elləri arasında geniş yayılmış bayramlardan biridir və əski çağlarda böyük təmtəraqla qutlanarmış... Xızır peyğəmbərlə eyniləşdirilən tədqiqatlarda “Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur... Xıdır İlyas bayramı adətən doğanın oyanıb yaşıllaşmağa başlaması, çəmənlərdə, dağların yamaclarında, düzlərdə otların cücərməsi, çaylarda axar suyun durulub saflaşması və s. kimi təbii proseslərin gedişi zamanı keçirilir.
“Xızır (Xıdır) peyğəmbər Orta Asiya müsəlmanları içərisində yaşıllığın hamisi kimi tanınır. Buxarinin bir hədisinə görə, Xızır bir boş yerdə əyləşirdisə, ora sonra çəmənliyə dönürdü. Əbu Həyyan əl Əndəlusi (1256-1344) onun tarixi şəxsiyyət olduğunu, Ayni isə (1331-də vəfat edib) onun Musa peyğəmbər zamanında yaşadığını yazıb...”
Bayram Böyük çillə ilə Kiçik çillə arasında-təxminən fevralın birinci ongünlüyü ərzində keçirilərdi. Bu zaman “axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar...”
“Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır...” 139 Kiçik çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı əski türklərin həm də qədim çağlarda əsas məşğuliyyəti olan əkinçilik görüşləri ilə əlaqədardır. “Üç gündən ibarət olan Xıdır Nəbi bayramının birinci günü torpaq tərif olunar, üstündə od qalanardı ki, torpağın bağrı qızınsın. Bağlar təmizlənər, çörçöp, xəzəl yığılıb yandırılardı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç duzsuz kömbə bişirilib öküzlərin qarnının altından diyirləyər və oxuyardılar:
Xıdır Nəbi, Xıdır Ilyas
Bitdi çiçək, oldu yaz!
Bayramın üçüncü günü cütcü və əkinçinin şəxsində torpağı becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz at üzərində gələcək Xıdır Nəbinin əlində od olacağı güman edilərdi. Onun torpağı isidən, odla yanaşı günəş və su, adamlara sağlamlıq gətirəcəyi düşünülərdi. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, "Xıdır Nəbi"yə nəğmələr, şerlər qoşulardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdi. Onlara "Xıdırçı" deyərmişlər. Xıdırçılar hava işıqlanmazdan əvvəl əllərində şam Xızırın dalınca gedər və nəğmələr oxuyardılar...”
Xıdır Əlləz, Hıdır Əlləz bayramı adı ilə də tanınan bu bayramı, demək olar ki, Orta Asiya, Yaxın Şərq, Anadolu və Balkanlarda yaşayan bütün türk xalqları qeyd ediblər. Xıdır Əlləz günü dünyada çətinliyə düşənlərin köməkçisi olduğu düşünülən Hızırla onun hökmdarı olduğuna inanılan İlyasın görüşdüyü gün kimi qəbul olunur... Qədim dövrlərdən xalq etiqadına görə, Xızırla Ilyasın bir araya gəlməsi xatirinə keçirilən Xıdır Əlləz bayramı bu gün daha çox Anadolu və Balkan türkləri, Orta Asiya və Azərbaycan türkləri arasında qeyd edilməkdədir. Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı, İranda Əhlihaqq zümrələri arasında Zati Mütləq (Ali) şərəfinə Əli-Heydər,

Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır... Quzey Azərbaycanın Naxçıvan bölgəsində Xıdır Nəbi/ Xıdır Əlləz bayramı Novruz/Yaz bayramı günlərində olduğu kimi, özəl hazırlıqlarla, təntənəli şəkildə keçirilir: “Bir neçə gün öncədən həyət-baca, ev eşik təmizlənir. Bir neçə ay öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılır. Bayramın əsas atributları qovrulmuş buğda (qovurğa) və qovut hesab olunur. Buna görə də təmizlənib yuyulmuş buğdadan ocaq üstündə qızdırılmış sacda qovurğa hazırlanır. Qovurğa sonra kirkirədə (dəstərdə) çəkilərək iki hissəyə ayrılır. İri dənəciklər yarmalıq üçün, narın hissə isə qovut üçün qablara yığılır. Qovutu hazırlamaq üçün kirkirədə çəkilmiş qovurğanın narın hissəsindən qaba tökülür, üstünə doşab, şirə və ya şəkər tozu əlavə edilərək qarışdırılır. Ovucda sıxılaraq bərkidilir və qablara yığılaraq süfrəyə qoyulur. Bayram günü xüsusi Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu və s. də qovrulur. Qovrulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da qatılır. Həmin xonçanın ortasına bir qabda qovut da qoyulur. Xonça evdə əlçatmayan hündür bir yerə qoyulur. İnama görə gecə Xızır peyğəmbər gəlir, ona əl basır. Bayram süfrəsinə xəmirdən və yarmadan bişirilmiş xörəklərlə yanaşı plov da qoyulur. Bu yeməklər isti-isti yeyildiyi üçün soyuqda bədənə istilik gətirir. Evdə Xıdır Nəbinin şərəfinə çıraq da yandırılır...”
Bayram günü ən çox sevinən uşaqlar olur... Hava qaralandan sonra onlar qohum-qardaşın, qonum-qonşuların qapılarına gedib torba atır və Xıdır payı istəyirlər. Uşaqların torbalarına Xıdır xonçasından şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar... Naxçıvanda və Güney Azərbaycanda Xıdır Nəbi bayramında nişanlı və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılıb. Xıdır xonçasının yanında yundan toxunulmuş isti qış geyimləri də qoyulur. Xıdır Nəbi xonçasından əlavə, şirniyyat və meyvə xonçaları da pay aparılır. Bayram ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas, Xızır kimi adların qoyulması geniş yayılıb. Bu adlar qoyulan uşaqların çətinlik çəkməyib darda qalmayacağına inanılır. Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə, daha sonra isə xəbərçi çərşənbə gəlir. Bu bayram həm də Novruz bayramına doğru bir addım, başlanğıcdır. Sonra da torpaq, od, su və ilin son çərşənbələri gəlir və Novruz bayramı qeyd edilir. Xıdır Nəbi bayramı təbiətin oyanmasının, canlanmasının başlanğıcı sayılır... Göründüyü kimi, bu bayramın keçirilməsində, qeyd olunma tarixində müxtəliflik olsa da, sonda keçirilən mərasimlər, icra edilən adətlər birləşir.
Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, onun türk xalqları arasında geniş yayıldığı şəksizdir. Yuxarıda qeyd edildiyi kimi, Novruz bayramından əvvəl keçirilir. Əslində isə bütün Novruz bayramı ərəfəsi çərşənbələrlə bərabər Xızır peyğəmbərin də adı ilə bağlıdır. Xızırın-yazın gəlişinin dörd ünsürlə, su, od, torpaq, hava ilə bağlılığına inanan xalq onu o qədər ilahiləşdirib ki, həyatın başlanğıcı kimi götürülən ünsürləri də məhz onun adı ilə bağlayır. Xalqın Xızır peyğəmbərə inamı o qədər böyükdür ki, bu ad həm Güneydə, həm də Quzeydə zaman-zaman insanların, inanc, and yerinə çevrilib: "Xızır İlyas haqqı", "Xızıra and olsun", "Xıdır Zində babaya and olsun" və bu səpkili digər andlar xalqın məhəbbət və inamından doğmuşdur. Bəzi alqışlar da məhz Xızır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, "Xıdırın diləyi üstündə olsun", "Xıdır Nəbi köməyin olsun", "Xıdır Nəbi hayına yetsin", "Xıdır Nəbi kömək əlini üstündən əskik eləməsin", "Xızır köməyinə yetsin", "Xızır səni dardan qurtarsın", "Xızır səni yolda qoymasın", "Xızıra rast gələsən", "Xızır payını versin", "Xıdırzində diləyini qəbul etsin", "Xıdırzində diləyini xeyirə yazsın", "Xıdırzindəyə apardığın qurban sənin arzunu versin...” Quzey və Güney Azərbaycan ağız ədəbiyyatında Xızır peyğəmbərlə bağlı inanclar da çoxluq təşkil edir. Eyni zamanda həmin inancları çoxşaxəli də adlandırmaq olar. Məsələn, "Tut ağacını qurumamış kəsmək günahdır".
Deyilənlərə görə, bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib...” Yaxud, "Xızır gecəsi" peyğəmbər gəlib hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, bərəkəti bol olar... Türkiyənin Berqama, Balıkəsir və Təkirdağ bölgələrində Xıdır Əlləz bayramı günü tarladan toplanan çiçəkləri qaynadaraq suyundan içmək xəstələrin şəfası sayılır. İnanca görə, “günəş çıxmamışdan öncə, 40 gün boyunca bu sudan gözə sürtmək insana gənclik, gözəllik və uzunömürlülük gətirir... Bundan başqa çəmənlikdən toplanan yeyilə bilən otlarla çörək və bazlamacların bişirilməsinin də dərdə dəva olduğuna, Xıdır Əlləz gecəsində bütün sulara nur yayıldığı üçün bu gecə suya girənlərin xəstəliyinin aradan qalxacağına inanılır...”
Göründüyü kimi, Xıdır Nəbi bayramını, demək olar ki, bütün Türk xalqları təntənə ilə qeyd edirlər. Xıdır Nəbi babanın şərəfinə qurbanlar kəsilir, qovrulmuş buğda üyüdülür və bayramın atributu olan qovud hazırlanır. “Qovud bir siniyə tökülür və qırağında ailə üzvlərinin sayına görə, şamlar yandırılır. Qovud doldurulmuş sinini pəncərənin qabağına qoyaraq, Xıdır Nəbinin burada iz qoyacağına inanırlar. Yaşlı adamlar Xıdır Nəbinin daha iki qardaşının – Xıdır Əlləz və Xıdır İlyasın olduğunu söyləyi8rlər. Bu cür bayram Xıdır Əlləz adı ilə Şərqi Anadoluda da keçirilir. Tədqiqatçılar bu bayramı əski türk inancları ilə bağlayaraq, onun kökünün çox qədim çağlara gedib çıxdığını qeyd edirlər. Türk xalqları Xıdır Nəbiyə qurban və ya nəzir verməklə ailədə, ocaqda bərəkətin, əminamanlığın təmin olunacağına inanırlar...”
Qeyd edək ki, 2017-ci ildə Xıdır Nəbi bayramının UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na daxil edilməsi bu bayramın daha geniş alanda tanınmasını təmin edir.



