“İnanılmaz: İŞİD Kəbəni yıxmağı qərara alıb!”, “Şok! Ata qızını zorlayıb!...”, “Dəhşət: 16 yaşlı qız özünü 13-cü mərtəbədən atdı!”, “18+: Lesbiyan modeldən çılpaq fotosessiya!”...
Son zamanlar İP giriş sayı ilə öyünən əksər saytları açırsan və... vəziyyət məhz bu sayaqdır. Süni “xəbər bolluğu” görüntüsündə bircə “Dəhşət: əri döymüş arvadı it də tutdu bir yandan” məsəlini informasiyaya çevirmək qalıb. Amma elə kaş ki, heç olmasa, belə məsəllər xəbər başlığı olaydı... Ən azından folklorumuza bələd olmaq imkanı baxımından. Bəs yuxarıdakı başlıqlar altında nəyi və hansı dərəcədə “öyrənirik?”
Yəqin fikir verdiniz, aqressiv xəbər başlıqları yazını istər-istəməz emosional tonla başlamağıma səbəb oldu. Deməli, “partlayış” mətbuatının apardığı “siyasət” nəticəni çox gözlətmir, zorakılıq, aqressiya, aşırı emosiyalar adekvat reaksiyalar doğurur: təsir əks təsirə bərabərdir... Və bu təsiri bu gün təkcə fərdlər deyil, bütöv cəmiyyət öz üzərində hiss etməkdədir. Fransız ədibi Alfons Dodenin öz xalqına aid etdiyi ifadəni, yəqin ki, həm də bəzi mətbu orqanlarımızın indiki durumuna şamil etmək olar: “Cəmiyyətimiz partlayıcı maddədən də təhlükəli olan söz ilə qorxulu oyunlar oynamaqdadır”. Amma əlbəttə ki, baş verən situasiya, mövcud vəziyyət şişirdiləndə artıq dövriyyədəki azad söz olmur, kimlərəsə silah olur.
“Liberallıq” təbliğatı, yoxsa tabuları sındırma cəhdləri?
Mediamızın – buraya bütövlükdə həm çap mətbuatı, həm elektron informasiya vasitələri, həm radio və televiziya kanalları, həm də sosial şəbəkələr aid edilir – hazırkı durumunun bir neçə il əvvəllə müqayisəsini aparsaq, müsbətə doğru irəliləmə ilə yanaşı, xeyli çatışmazlığın da şahidi olarıq. Mətbuatımızda, xüsusilə də elektron informasiya vasitələrində insest, suisid hadisələri, müxtəlif zorakılıqlar, şok və dəhşət effekti yaratmağa hesablanmış məlumatlar, eləcə də kontekstdən çıxarılaraq mövzudan uzaq düşən erotik, açıq-saçıq başlıqlarla təqdim olunan informasiyalar (onların da bəzən böyük faizi dezinformasiya olur) kəmiyyət etibarilə, əvvəlki dövrlərə nisbətən, xeyli artıb. Və acınacaqlı burasıdır ki, artıq belə məlumatlar oxucu, tamaşaçı üçün adiləşib, ona görə də daha yüksək “doza” tələb olunur. Səbəb isə mətbuatımızda media nümayəndələrinin (ya da yalnız İP sayı və gəlirlər haqqında düşünən media rəhbərlərinin) bəzən fərqinə belə varmadan (bəzən də qəsdən), qoşulub yürütdüyü “Overton pəncərəsi” mexanizminin reallaşmasıdır.
Nədir “Overton pəncərəsi”?
İngilis və rusdilli internet mənbələrində “Overton pəncərəsi”ni hər şeyin (hətta bəzən ağlasığmaz və mümkünsüz görünənlərin) leqallaşdırılması, cəmiyyət tərəfindən tabu kimi qəbul edilmiş məsələlərin adiləşdirilməsi texnologiyası kimi səciyyələndirirlər. “Mackinac Center” ictimai-siyasət mərkəzinin birinci vitse-prezidenti, 2003-cü ildə təyyarə qəzasında həlak olan Jozef Overtonun ölümündən sonra “Overton pəncərəsi” adlı, ictimai rəydə hansısa problem haqqında təsəvvürlərin dəyişməsi (bəzən də köklü şəkildə) adlı model formalaşdı. Həmin müəllif cəmiyyətə tamamilə yabançı olan, bəşəriyyətin rədd etdiyi ideyaların dəyərlər sistemindən götürülərək təmizlənməsi və mərhələli aparılan proses şəklində leqallaşdırılmasının əhatəli şəkildə təsvirini verib.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim olunur.