Bədii tərcümə özü ayrılıqda bir sənət növüdür. Əcnəbi yazıçıları, onların qəhrəmanlarını ana dilində danışdıra bilmək hər kəsə nəsib olan qabiliyyət deyil. Amma gəlin etiraf edək ki, xarici ölkə yazıçılarının əsərlərinin dilimizə tərcüməsi ilə bağlı vəziyyət elə də qənaətbəxş və ürəkaçan deyil.
Bəs niyə və nədən belədir? Problemin kökü nədir? Yazıçı, tərcüməçi Svetlana Turan ilə söhbətimizdə bu məsələlərə aydınlıq gətirməyə çalışmışıq.
- Svetlana xanım, xarici dil bilən hər adam tərcüməçidirmi?
- Mən ana dilimlə yanaşı, ingilis, rus, türk dillərini bilirəm. Sadaladığım bu üç dildən Azərbaycan dilinə bədii tərcümə ilə məşğulam. 16 ildir, tərcümə işini görürəm, amma təxminən 7-8 il əvvəl hədəf dil olaraq Azərbaycan dilini seçmişəm. Bunun da səbəbi öz dilimizə olunan tərcümələrdə gördüyüm boşluq idi. Lakin bunu mütləq deməliyəm ki, bədii tərcümə sahəsindəki boşluq bir ovuc yaxşı tərcüməçi sayəsində qətiyyən doldurula bilməz. Bundan ötrü tərcüməçilərin öz işinə daha artıq məsuliyyətlə yanaşması lazımdır. Ekzotik dillərdən tərcümə edən tərcüməçilərin sayı artmalı, ikinci və üçüncü dildən tərcümə isə tamamilə aradan qaldırılmalıdır.
- Oxucular dünya ədəbiyyatından tərcümə olunmuş əsərlərin dilinin qəlizliyindən şikayətlənirlər. Bunun səbəbini nədə görürsünüz?
- Tərcüməçilərimiz öyrəndikləri xarici dilə və ya dillərə daha yaxşı yiyələnməyi, həmin dili yaxşı bilməyi əksərən daha üstün tuturlar, bu da Azərbaycan dilinə tərcümə olunmuş mətnlərin, xüsusilə də bədii əsərlərin dilinin axıcı olmaması, asanlıqla anlaşılmaması, hətta ortaya orijinaldakından daha fərqli fikirlərin çıxması ilə nəticələnir. Digər yandan, bəzi nəşriyyatlar əsərin necə tərcümə edilməsinə əhəmiyyət vermir, həmin əsərlərin üzərində redaktor işləmir, bəzən hətta korrekturadan da keçməyən kitablara rast gəlmək mümkündür. Amma ədalət naminə bunu da deməliyəm ki, müasir oxucuların bir qismi rahat qavranılan əsərlərə daha çox meyl edirlər. Yüngül, düşündürməyən, dərinliyi olmayan, sadəcə, gözəl sözlərlə ifadə edilmiş sitatlardan ibarət əsərlər daha çox oxunur. Kitabların qəlizliyinə gəlincə, burada tərcüməçini günahkar bilmək olmaz. Dünya ədəbiyyatında orijinalda elə qəliz dildə yazılmış əsərlər var ki, onları sırf oxucunun ürəyincə olsun deyə, müəllifin üslubundan, dilindən, təhkiyəsindən uzaqlaşdırmaq düzgün deyil. Digər tərəfdən, işini başdansovdu görən tərcüməçilər qonorarı bəhanə edirlər. Düzdür, tərcümə qiymətləri son 10 ildə dəyişməz qalır və tərcüməçilər bazardakı vəziyyəti nəzərə alaraq nəşriyyatlara bu məsələ ilə bağlı təzyiq göstərə bilmirlər. Lakin heç bir tərcüməçi təhvil verdiyi işin zəifliyinin bəhanəsi olaraq, gördüyü işin müqabilində kifayət qədər qonorar ala bilməməsini göstərməməlidir.
- Xarici dil bilən elə oxucular da var ki, daha çox türk və rus ədəbiyyatına üz tuturlar. Bunun qarşısını hansı yollarla almaq olar?
- Bunun birinci səbəbi dünya ədəbiyyatının çox kiçik hissəsinin Azərbaycan dilinə tərcümə olunması, tərcümə olunmuş kitabların oxuculara kifayət qədər tanıdılmaması və əksər kitabların zəif tərcüməsi ilə əlaqədardır. Buna görə də oxucuların xarici dillərə olunmuş tərcüməyə, yaxud orijinalda oxumağa meyl etməsinə təəccüblənmək yersizdir. Mən özüm də bədii ədəbiyyatı dörd dildə oxuyuram. Hətta tərcümələri müqayisə etmək üçün bəzi kitabları bir neçə dildə alıram. Oxucuları ana dilində oxumağa cəlb etməyin yolunu göstərəcək şəxs tərcüməçi deyil, lakin hesab edirəm ki, yuxarıda sadaladığım məsələlərdə inkişafa nail olunarsa, oxucunun da Azərbaycan dilindəki tərcüməyə üstünlük verəcəyinə ümid bəsləyə bilərik.
- Bəs sizin ilk tərcümə etdiyiniz kitab hansı olub? Oxucular necə qarşıladı? İlk işinizlə bağlı təəssüratlarınızı bizimlə bölüşün.
- Sözün düzü, ilk tərcümə etdiyim kitabdan daha çox, məhz vizit kartıma çevrilən kitabın adını çəkmək istərdim. Bu, Daniel Kizin "Elcernon üçün güllər" romanıdır. Kitabın sifarişçisi "Bakumoz" nəşriyyatının ovaxtkı direktoru Fərid Kərimov idi. Tərcümə işıq üzü görəndən cəmi bir neçə ay sonra kitabın ikinci nəşri baş tutmuşdu. Əksər nəşriyyatların mənə əməkdaşlıq təklif etməsinə "Elcernon üçün güllər" səbəb olub. Kitabın çapından səkkiz il ötsə də, hələ də oxuculardan onun tərcüməsi ilə bağlı müsbət fikirlər alıram.
- Hazırda fəaliyyətinizi harada davam etdirirsiniz? Tərcümə etdiyiniz yeni kitablar varmı?
- Çoxları məni tərcüməçi kimi tanısa da, mən həm də yazıçıyam. Hazırda ikinci romanım üzərində işləyirəm. Birinci romanım "Dalğa" isə "Köhlən" nəşriyyatı tərəfindən üçüncü nəşrə hazırlanır. Eyni zamanda kontent menecer kimi fəaliyyət göstərirəm.
Əlbəttə, tərcümə etdiyim yeni kitablar var. Tərcümə etdiyim və müxtəlif nəşriyyatlarda çapını gözləyən yeddi əsər var. Bundan əlavə, hazırda da tərcümə ilə məşğulam. Lakin konfidensiallıq nöqteyi-nəzərindən heç bir sifarişim barədə məlumat verə bilmərəm. Bu cür məlumatları yaymaq haqqına yalnız sifarişçi sahibdir.
- Sonda oxuculara və tərcümə ilə məşğul olmağa yeni-yeni başlayan gənclərə nə demək istərdiniz?
- Çox istərdim ki, oxucular Azərbaycan dilinə tərcümə olunmuş əsərlərə üstünlük versinlər, lazım gələndə nəşriyyatlara da, tərcüməçilərə də irad və təkliflərini bildirsinlər. Bu sahənin dirçəlməsini istəyiriksə, proses iştirakçılarının hər biri vəziyyətin düzəlməsi üçün öz töhfəsini verməlidir.
Gənc tərcüməçilərə gəlincə, onların bu işə daha məsuliyyətlə yanaşmasına ümidim böyükdür. Müasir gənclik özündən əvvəlki nəsilə qarşı daha tənqidi yanaşmağı, deyilən hər bir şeyi şübhə ilə qarşılamağı, istənilən məlumatı dərindən yoxlayıb araşdırmağı yaxşı bacarır. Bu xüsusiyyətlər hər bir sahənin mütəxəssisinə, ən çox da tərcüməçiyə lazımdır. Ölkəmizdə bədii tərcüməyə peşəkar yanaşma həvəskar yanaşmanı üstələməlidir ki, bu sahədə ciddi inkişafa nail olaq. İçi mən qarışıq, hər birimizin öhdəsinə böyük bir iş düşür.
Havar ŞƏFİYEVA