Finlandiya Respublikasının Azərbaycan, eyni zamanda Cənubi Qafqaz üzrə səfiri xanım Kirsti Narinenin "525"ə müsahibəsi
- Xanım səfir, siz bu günlərdə Azərbaycanda səfərdə oldunuz, müxtəlif görüşlər keçirdiniz. Əvvəlcə istərdim səfərinizin məqsədi, müzakirə olunan məsələlər barədə danışasınız.
- İlk növbədə müxtəlif mövzularda fikirlərimi bildirmək üçün mənə verdiyiniz bu fürsətə görə sizə təşəkkür edirəm. Doğrudan da, mən bu yaxınlarda Bakıda səfərdə oldum. Budəfəki mövzular həmişə olduğu kimi regional təhlükəsizlik və sabitlik, eyni zamanda Finlandiyanın Azərbaycanla Ermənistan arasında barışıq prosesinə dəstək imkanlarına yönəldi. Ancaq bəzi yeni mövzular da təqdim edildi. Biz transsərhəd su idarəetmə ekspertləri ilə səyahət etdik və onlarla birgə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüş keçirdik. Finlandiyanın su resursları ilə işləmək baxımından böyük təcrübəsi var və hökumət beynəlxalq su strategiyasını sübut edib. İqlim dəyişikliyi və insan fəaliyyəti su ehtiyatlarını azaldarkən, bizim məqsədimiz regional su idarəçiliyini və su resurslarından istifadənin səmərəliliyini artırmaqdır. Biz əməkdaşlıq imkanlarını araşdırmaq üçün Medianın İnkişafı Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində görüşlər keçirdik. Avropa İttifaqının Azərbaycandakı səfiri və digər həmkarlarım, eyni zamanda beynəlxalq təşkilatlar da həmişə mənim görüşlərim siyahısındadır. Bu dəfə biz, həmçinin Finlandiyanın uzun müddətdir Azərbaycanda Fəxri konsulu olan Faiq Cəbiyevi layiqli fəaliyyətinə görə təşəkkür əlaməti olaraq ölkəmizin yüksək ordeni ilə təltif etdik. Biznes ictimaiyyəti nümayəndələri ilə görüşdük. Beləliklə, səfər zamanı bir çox digər görüşlər və müzakirələr keçirdik, dadlı yeməklər və yaxşı şərabı da vurğulamaq istəyirəm.
- Finlandiyanın Azərbaycanla əlaqələrində hansı sahələrin inkişafı prioritet təşkil edir? Ümumiyyətlə, bu gün iki ölkənin əlaqələri hansı səviyyədədir?
- Bir çox prioritet sahələr əsasən əvvəlki cavabda sadalanıb, lakin bu siyahıya iqtisadi əlaqələri də əlavə etmək lazımdır. Xüsusilə enerji, o cümlədən, yaşıl enerjiyə keçid, bərpa olunan enerji mənbələri, ətraf mühit, enerji və su səmərəliliyi üzrə əlaqələri gücləndirmək üçün imkanların müəyyən edilməsi. Orta dəhlizin logistik xidmətləri və nəqliyyatın rəqəmsallaşdırılması daha çox əməkdaşlıq potensialıdır. Finlandiya bütün bu sahələr üzrə böyük təcrübəyə malikdir və biz şirkətlərə yeni tərəfdaşlarla tanış olmaq üçün kanallar yaratmalıyıq. Bizim Azərbaycana və Cənubi Qafqaza fin şirkətlərini gətirmək üçün ideyalarımız var.
- Üç ölkəni əhatə edən səfirlik hazırda Helsinkidə fəaliyyət göstərir. Yaxın gələcəkdə diplomatik korpusun regionda fəaliyyət göstərməsi mümkündür?
- Mən Helsinkidən hər üç Cənubi Qafqaz ölkəsini əhatə edirəm. Mütəmadi və intensiv şəkildə bölgəyə səfərlər edirəm. Bu, bizə tendensiyaları bütövlükdə nəzərdən keçirmək və təhlil etmək üçün yaxşı imkan verir. Düşünürəm ki, bu tənzimləmə davam edəcək, Finlandiyanın hər üç paytaxtda dəyərli və çox aktiv çalışan fəxri konsulu var. Qeyd edildiyi kimi, mən diplomat həmkarlarım və Aİ nümayəndə heyəti ilə sıx əlaqə saxlayıram. İştirak etdiyim bir çox onlayn tədbirlər və istifadə etdiyim media kanalları da var.
- Qarabağ müharibəsindən sonra qalan məsələlərin həlli üçün müxtəlif formatlarda müzakirələr aparılır. Bu barədə nə deyə bilərsiniz? Prosesin gələcək inkişafını necə görürsünüz?
- 2020-ci il müharibəsi demək olar ki, mən bu vəzifəni tutduğum gün başladı, buna görə də bütün bu müddət ərzində münaqişə mənim gündəmimin əsasını təşkil etdi. Avropa İttifaqı ABŞ-ın dəstəyi ilə tərəfləri (Azərbaycan və Ermənistan - red.) bir araya gətirdi, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar diqqətəlayiq və aktiv körpü qurucusu oldu. Finlandiyanın bütün bu yardım səylərinə dəstəyi güclüdür.
Təbii ki, vəziyyət mürəkkəb olaraq qalır və danışıqların atmosferinə təsir edən çoxlu tarixi yük və insidentlər var. Tərəflər sülh istəyir, mən buna əminəm. Amma dayanıqlı olmaq üçün barışığa məcbur etmək yox, danışıqlar aparmaq lazımdır. Bunun üçün siyasi iradə və müdriklik, həm də hər iki tərəfdən strateji baxış lazımdır. Sözləri əhəmiyyət kəsb edənlərin konstruktiv ritorikaları inam və etimadın formalaşmasında mühüm rol oynayır. Razılaşdırılmış məsələlərin həyata keçirilməsi vacib əhəmiyyət kəsb edir.
Yardım səylərinin davamlı razılığa nail olmaq üçün həqiqi məqsəd daşıması çox vacibdir. Mən sizi əmin edə bilərəm ki, Aİ ilə ABŞ-ın məqsədi budur. Amma sülh müqaviləsi bağlamaq tərəflərin öhdəsindədir.
- Bu gün azad olunmuş Azərbaycan ərazilərində bərpa-tikinti işləri aparılır. Eyni zamanda "Yaşıl enerji" konsepsiyası həyata keçirilir. Finlandiya şirkətləri həmin ərazilərdə işləməyə maraq göstərirlərmi?
- Yuxarıda qeyd edildiyi kimi, fin şirkətlərinin bu sahədə böyük təcrübəsi, texnologiyası və digər bacarıqları var. Bizim vəzifəmiz tələb və təklifi bir araya gətirməkdir. Biz müvafiq aktorlarla dialoqa başlamışıq. Bu, həm də ölkə brendinə aiddir. Finlandiyanı Bakıda daha çox tanıyırlar, nəinki Helsinkidə Azərbaycanı. Biz maarifləndirməni artırmaq üçün birlikdə platformalar yaratmalıyıq.
- Yeri gəlmişkən, Azərbaycanın yaşıl enerji sahəsində imkanlarını necə qiymətləndirirsiniz?
- Azərbaycanın fosildən (qalıqlar) sonrakı enerji həllərinin köməyi ilə post-fosil gələcəyi qurmaq öhdəliyi var. Bakıya gələn hər kəs onun nə dərəcədə küləkli və günəşli olduğunu və ola biləcəyini də görür. İmkanlar və həcmlər sonsuzdur. Biz uşaqlarımızın gələcəyi ilə bağlı narahatlığı bölüşürük. Onlar bizim bu gün davamlı qərarlar qəbul etməyimizə ehtiyac duyurlar, əslində biz onları dünən qəbul etməliydik.
- Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı proses nə yerdədir? Helsinki Türkiyənin ekstremizmdə ittiham etdiyi şəxsləri ekstradisiya etməsə, nə baş verəcək? Ölkəniz NATO-ya üzvlükdən geri addım atmağı düşünür? Ümumiyyətlə, bu gün Finlandiya üçün Rusiya tərəfindən real təhdidlər varmı?
- Rusiyanın Ukraynaya əsassız və qanunsuz təcavüzündən sonra Finlandiya 2022-ci ilin yazında NATO-ya üzv olmaq üçün ərizə verib. Qərar xalqın böyük dəstəyi və bütün parlament partiyalarının böyük əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Finlandiya bu seçimi etdi və onun üzərində qətiyyətlə dayanır. Finlandiya parlamenti bu yaxınlarda Vaşinqton müqaviləsini 184/200 səslə ratifikasiya edib.
Ərizə Türkiyə və Macarıstan xaric olmaqla, NATO-ya üzv digər ölkələr tərəfindən ratifikasiya edilib. Finlandiya və İsveç NATO yoluna birlikdə başladılar və biz birlikdə davam edəcəyimizə ümid edirik. Keçən ilin yayında imzalanmış üçtərəfli memorandumun (Finlandiya, İsveç, Türkiyə) həyata keçirilməsi ilə bağlı Türkiyə ilə daim əlaqə saxlayırıq və əminik ki, həll yolu tapılacaq.
Ekstradisiyaya gəlincə, Finlandiya güclü qanunun aliliyi olan dövlətdir. Təklif olunan addımları yerinə yetirmək üçün qanuni vasitələr varsa, biz onlara müraciət edirik. Finlandiyanın terrorizmlə bağlı beynəlxalq səviyyədə möhkəm qanunvericiliyi var, bu, cinayətlər araşdırılır və günahkarlar öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar.
Rusiya Finlandiyaya birbaşa hərbi təhlükə törətmir. Bizim müasir, NATO standartlarına uyğun imkanlara malik güclü milli müdafiəmiz var. Eyni zamanda, yaxşı liderlərə və mədəniyyətə malik təlim keçmiş çağırışçılar və ehtiyatda olan əsgərlərimiz var. Müdafiəmizi hərbi münaqişələrdən qaçmaq üçün kifayət qədər çəkindirmə üzərində qururuq, NATO-ya üzvlük, eləcə də çoxsaylı ikitərəfli təhlükəsizlik tədbirləri bizim milli səylərimizi tamamlayır. Hətta indi NATO-ya üzvlüyümüzün ratifikasiyası gözlənilən olsa belə.
- Finlandiya Ukraynaya dəstək verən ölkələr arasındadır. Bu məsələdə sonrakı addımlar nələr olacaq?
- Finlandiyanın Ukraynaya dəstəyi çoxşaxəlidir. Finlandiya insanların Rusiyanın Ukraynaya hücumunu ən çox qınayan və böyük dəstək göstərən Avropa ölkələri sırasındadır. Bu dəstək 90 faizdən çoxdur. Buna görə də hökumətin fəaliyyəti geniş şəkildə bəyənilir. Biz humanitar yardım, yenidənqurma, enerji təchizatı, ətraf mühit və digər inkişaf dəstəyi, hərbi yardım edirik. Bütün bunlar 2022-ci ilin fevralından bu günə qədər 930 milyon avro məbləğini təşkil edir. Bu dəstək vətəndaşların və QHT-lərin milyonlarla avroluq dəstəyi ilə tamamlanır. Ukrayna dəyərlərimiz və azadlığımız üçün mübarizə aparır. Baş nazirimiz Sanna Marindən sitat gətirərmək istəyirəm: "Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik".
- Səfərləriniz zamanı Azərbaycanla, onun mədəniyyəti və qədim irsi ilə yaxından tanış ola bilmisiniz? Əgər belədirsə, təəssüratlarınızı bilmək maraqlı olardı...
- Deməliyəm ki, sizin zəngin tarixi-mədəni irsinizdən mənim ancaq səthini cızmaq imkanım olub. Amma hər səfər həm biliklərimi dərinləşdirir, həm də marağımı, hörmətimi artırır. Bakı möhtəşəm bir metropolisdir, şərab və yemək yaxşıdır və insanlar mehribandır. Aprel ayında növbəti səfəri gözləyirik.
- Finlandiya deyəndə göz önünə dünyanın ən xoşbəxt ölkəsi, dürüstlük, ən yaxşı təhsil gəlir. Siz daha nələri əlavə edə bilərsiniz?
- Hər ölkənin öz hekayəsi var və öz seçimlərini edir. Müxtəlif qlobal göstəricilərə nəzər saldıqda, onların hamısı eyni dildə danışır, təkcə Finlandiyada deyil, bütün Skandinaviya ölkələrində: demokratiya, söz azadlığı, azad media, qanunun aliliyi, korrupsiya olmayan hakimiyyət orqanlarına hörmət, sosial inteqrasiya və insan hüquqları, güclü bazar iqtisadiyyatı, güclü vətəndaş cəmiyyəti təkcə vətəndaşların deyil, bütün sakinlərin hüquqlarını qoruyur, ekoloji davamlılıq və bu prinsipləri təbliğ edən təhsil sistemi. Beləliklə, sosial etimad və sabitliyin kompleksliliyi əslində iqtisadi rifahdan daha çox xoşbəxtliyin əsasını təşkil edir. Ancaq sistemimizi saxlamaq üçün hər gün sonsuz səylər lazımdır.