Bu, ən sadə təqdimatıdır professor Nəsir Əhmədlinin. 70 yaşını qeyd etmiş müəllimim onun haqqında indi yazmağımı, düşünürəm ki, adi qarşılayacaq. Çünki özünün də mətbuatda yayımlanan müsahibəsində vurğuladığı kimi, 1943-cü ildə doğulsa da, sənəddə 1942-ci il yazılıb. Deməli, yubileyi hələ bir il davam edəcək...
“Əsl müəllim necə olmalıdır” sualı hər zaman insanları düşündürüb. Müəllimə müxtəlif təriflər verilib, müəllimin kimliyini hərə bir cür izah edib. Mən isə onların içərisində birini daha doğru hesab edirəm. Belə bir fikir var ki, pis müəllim təsvir edir, yaxşı müəllim izah edir, əla müəllim göstərir, dahi müəllim həvəsləndirir, həqiqi müəllim isə arxasınca aparır. Biz tələbələri üçün Nəsir müəllim həqiqi müəllimdir. Hər birimizi oxumağa, öyrənməyə həvəsləndirməklə yanaşı, arxasınca aparan HƏQİQİ MÜƏLLİM...
Jurnalistika fakültəsinin çox sevilən müəllimləri sırasındadır bizim Nəsir Əhmədli. Müharibə dövründə, atası və qardaşı cəbhədə olanda Tovuz rayonunda dünyaya göz açıb. Uşaqlıq illərini kədərlə xatırlayır. Müharibənin çətinlikləri, əzab-əziyyətləri uşaqlığına birbaşa təsir edib. Anasının çəkdiyi ifadə olunmaz əziyyətləri gözləri dolmadananabilmir... Yoldaşı və böyük oğlu cəbhədə döyüşən ananın həyat mübarizəsi, min birzülmlə, cəfakeşliklə onları böyütməsi, həmin dövrdə insanların səfalət içərisində yaşamaları həyatının ən acı illəri kimi yaddaşına yazılıb:
Nəsir Əhmədli uşaqlıqdan elm fədaisi olub, ruhu, qəlbindəki ifadə edilməz hisslər onu məhz elmə, biliyə həvəsləndirib. Boyunun balaca olması əsas gətirilərək məktəbə qəbul edilməyinə maneələr törədilən balaca Nəsir həyat mübarizəsinə də elə həmin vaxtdan başlayıb. Öncə bəhanələr gətirərək məktəbə qəbul etməsələr, adını jurnala yazmasalar belə, tutduğu yoldan qarlı-çovğunlu havada da çəkilməyib, oxumaq eşqi ilə çırpınan qəlbinin səsi ilə hərəkət edib, balaca boyu, böyük ürəyi ilə inadından dönməyib, əzmkarlıq göstərərək məktəbə gedib. Evdə özündən 6 yaş böyük bacısının dəstəyi ilə nəinki yazıb-oxumağı, hətta Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndəki hekayətlərdən bir neçəsini əzbərdən öyrənib. Və bunu məktəb direktoruna söyləməyi ona çox güclü təsir edib, nəticədə məktəbə daxil olub:
...Cırtdan kimi işığa – məktəbə yönəlmişəm altı yaşım olmamış, Sabahımdan qoparaq dünənimə süzülüb on il – on damcı yağış...
Nəsir Əhmədli elə həmin vaxt – “6 yaşı olmamış” həyata qalib gəlib, həyatın mübarizə meydanı olduğunu o vaxtdan dərk edib, mübarizəsini uğurla aparıb, gecə-gündüz çalışıb, oxuyub-öyrənib və məktəb illərində ən qabaqcıl şagirdlərdən olub. Riyaziyyat elminə böyük həvəs göstərsə də, tale öz sözünü deyib. Zakir Məmmədovun Həsən bəy Zərdabi haqqında əsəri onun gələcəyini təyin edib. O, jurnalist olmaq, Həsən bəyin yolu ilə getmək qərarını elə həmin andaca qəbul edib.
Həyatı enişli-yoxuşlu keçən müəllimimin Jurnalistika fakültəsinə gəlişi də asanlıqla olmayıb. Gənc yaşlarından qəzetlərdə imzası tanınsa da, orta məktəbi bitirəndə Jurnalistika fakültəsinə daxil olmaq üçün 2 il iş stajı tələb olunması ilə bağlı çıxarılan qərar, daha sonra vətənə xidmət onu yeddi il sonra arzusuna qovuşdurub: ...
Füzuli baratından necə küsmüşdüsə də, yeddi il attestatdan mən də elə küsmüşəm, İstəmişəm ucalam, haqsızlıq yolub məni, Molla Nəsrəddin demiş, quş həddinə düşmüşəm...
N.Əhmədlinin 3 illik əsgərlik həyatı da gənclərimiz üçün böyük bir örnəkdir. Sovet İttifaqı və Şərqi Almaniyada keçdiyi hərbi xidmət zamanı da prinsipiallıqdan çəkinməyib, bilik qazanmaqdan, həyat təcrübəsini artırmaqdan həzz alıb, rus və alman dillərini mükəmməl öyrənib. Universitet illəri isə həyatının ən mənalı dönəmidir. Bu illər ona elm və biliklə yanaşı örnək tələbə, sədaqətli dost adlarını qazandırıb. Həyatında daim adını hörmətlə andığı insanlardan biri Jurnalistika fakültəsinin ağsaqqalı Şirməmməd Hüseynovdur. Ş.Hüseynovun sevimli tələbələrindən olan N.Əhmədli sonralar onun istəkli dostuna, dəstəyini, qayğısını hər zaman üzərində hiss etdiyi yaxınına çevrilib. Ş.Hüseynovun tövsiyəsi ilə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik, bir müddət sonra isə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda
Şükür ki, gec də olsa, zəhmətim sayəsində öz arzuma çatmışam, Ülvi diləklərimi Vətənimin, xalqımın diləyinə qatmışam...
Əmək fəaliyyətinə doğulduğu kənddə kolxozçu kimi başlayıb, sonra V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda işləyib. Universiteti bitirdikdə isə təyinatla Azərbaycan Televiziyasına göndərilib, bir müddət sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri olub, hazırda isə jurnalistika fakültəsinin ən çox sevilən, dəyər verilən müəllimlərindən biri kimi gənc jurnalistlər yetişdirməkdədir... Professor N.Əhmədlinin müəllifi olduğu “Səsimiz, sorağımız (Xarici publisistikada Azərbaycan mövzusu)”, “Səslər içində (Azərbaycan radiosu ellər arası efirdə)”, “Jurnalistin vizual nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə”, “Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində”, “Jurnalistin nitq mədəniyyəti”, “Korifeylərin portretləri”, “Con Milton və onun “Areopagitika” əsəri” adlı dəyərli araşdırmaları jurnalistika fakültəsinin hər bir tələbəsinin stolüstü kitabları sırasına daxildir. “Ürəkdə bəslənən sevdaya şükür” adlı şeirlər kitabı da sevilə-sevilə oxunur. Çox saylı məqalə və monoqrafiyaların müəllifi olan professor bir neçə elmlər namizədi yetişdirib, elmlər doktorunun məsləhətçisi olub. Onun elmə bəxş etdiyi töhfələr bununla bitmir. Gərgin əməyi nəticəsində beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. Onun əməyi daim qiymətləndirilib. Elə “Əməkdar jurnalist” adının verilməsi, bu günlərdə Ali Media Mükafatının birinci dərəcəsinə layiq görülməsi də bunun bariz nümunəsidir. Nəsir Əhmədlinin həyata baxışı, bəlkə də, çoxlarından fərqlidir. Onun Vətəninə, millətinə, xalqının dəyərlərinə, saza, sözə bağlılığı hər an hiss olunur. Təsadüfi deyil ki, telefonunun zəngi – “Başsarıtel” havası da bunu özündə yaşadır... Bəlkə də, çoxları onu nikbin, deyib-gülən, zarafat etməyi sevən, həyat eşqi yüksək birisi kimi tanıyırlar. Mən isə Nəsir Əhmədlidən həmişə çəkinmişəm... Nədənsə onun ağır yerişini, düşüncəli baxışlarını görəndə sanki daxilində hansısa qüvvə ilə çarpışdığını düşünüb, qəmi, kədəri hiss etmişəm... Və daim beynimdə suallar baş qaldırıb, heç kəslə paylaşmadığım, daxilimdə cavab axtarmağa çalışdığım suallar... Amma deyəsən, bir neçə ay öncə ustad müəllimin imzası ilə mətbuatda işıq üzü görmüş “Qardaşım Bəşirə” adlı şeiri mənim bir qisim suallarımı cavablandırdı:
Ayrılıq – bir su içimi, Yoxluğun didir içimi. Susuz qalmış ağac kimi Quruyuram yavaş-yavaş...
Nəsir Əhmədli həmişə dünya ilə mübarizə aparıb, yazımda onun həyatı ilə bağlı qələmə aldığım kiçik epizodlar da bunu deməyə əsas verir. O, mübarizələrdən alnıaçıq, üzüağ çıxsa da, örnəkhəyat yaşasa da, onun da daxilində dünyanı tanımaq, bu dünyanın keçmişi, bu günü, gələcəyi, səması, günəşi, ayı, dəryası, dənizi, payızı, baharı, yayı, sakini, dərgahı, hikməti, savabı, günahı barədə suallara cavab axtarmaq marağı durur. “Bilinmir” adlı şeİrində də bu suallara cavab axtarır:
"Başdan-başa” müəmmadır bu dünya, Gizlisinə, agahına, bilinmir. Çox şeyləri uzaqdadır, əl çatmır, Əl çatanın izahınə, bilinmir. ... Bu dünyanı dərk eləmək – boş xülya, Nəsir Dalğın duyammadı, kim duya? Anlaşılmaz bir bazardır bu dünya, Satanı kim, mətahı nə, bilinmir...
Həyatda ən ali məqsədi dövlətə, dövlətçiliyə xidmətdir. Elə buna görə də Nəsir müəllim hamımızı bir yumruq kimi birləşməyə səsləyir... Biz isəNəsir müəllimin bu səsinə səs verir, yubileyi münasibətilə onu bir daha təbrik edir, ona can sağlığı, uzun ömür, qəlbindəki bütün istəklərin həyata keçməsini arzulayırıq...