"Dünyada Üzeyir bəyin musiqisindən gözəl musiqi yoxdur. Sizin Şuşa uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni yalnız Üzeyir bəyin musiqisi ilə müqayisə etmək olar: gözəl, təntənəli, möhtəşəm və əbədi! Bütün bunlara görə çox sağ olun".
Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim etdilər. Sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şuşaya ilk köçən sakinlər sırasında həmkarımız, yazıçı-jurnalist Kərim Kərimli və ailəsi də vardı. Kərimin yerinə çox sevindim, VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında onu bağrıma basıb, təbrik etdim. İşğal illərində Şuşa haqqında onlarla məqalənin, neçə-neçə kitabın müəllifi və redaktoru olan dostumuz Kərimi təbrik etməkdən, onu belə xoşbəxt görməkdən üstün nə ola bilərdi ki? Deyir, 4 otaqlı evimin birini dostlarım, qonaqlarım üçün saxlayacağam, gələrsiniz, kəkotulu çayımı içərsiniz.
İstedadlı qələm dostumuz Kərimin yaşayış kompleksinin açılış mərasimindəki çıxışından yuxarıda sitat gətirdiyim, cənab Prezidentə ünvanladığı minnətdarlıq duyğusuyla dolu bu fikirləri isə söz-söz yaddaşıma həkk olundu.
Əminəm ki, Kərim Şuşada ömrünün ən qayğısız, xoşbəxt illərini yaşayacaq, Şuşa haqqında ən gözəl yazılarını hələ bundan sonra yazacaqdır.
lll
Sirr xarakterdədir!
Sən əgər tanımaza-bilməzə gözəl təşəbbüsləri dəstəkləyirsənsə, yaxşı işləri, istedadlı insanları ürəkdən, təmənnasız dəyərləndirirsənsə, bu, izsiz qalmır. İnsanlarımız minnətdarlıq duyğusundan, ədalət hissindən xali deyil!
lll
Sevindikləri hadisənin fəlakət gətirəcəyini bilmirdilər.
lll
Böyük oyunçuların böyük dərdi var.
lll
Doğrudan da, həqiqət bir anda aydın olur.
lll
Heç kim heç nə bilmir.
lll
Unutdura bilən tək şey qadın gözəlliyidir.
lll
Canfəşanlığın məkrli səbəbi vardı.
lll
Satqınlıq xislətdədir...
lll
Nədəsə təskinlik tapmalısan, nəyəsə söykənməlisən.
lll
İnanmadığınla söhbət alınmır.
lll
Dərdsiz adam yoxdur.
lll
Özünü oda-közə vurmağın sonu pərvanə taleyidir.
lll
Bir fikri iyirmi dəfə eyni şəkildə təkrarlamaq qrafomanlıqdırsa, iyirmi variantda söyləmək qabiliyyətdir.
lll
"Dağlar Şuşamıza nərdivandısa,
Birinci pilləsi Lələtəpədir".
"Aprel döyüşləri"nin ildönümünə həsr olunmuş "Zəfərin 4 anı" tədbirinin təşkilatçısı Sevinc Orucovaya, tədbirin müəllifi İlqar Fəhmiyə, rejissoru Nicat Kazımova təşəkkür düşür. Şəhidlərimizin xatirəsi təsirli və səviyyəli poetik nümunələrlə, peşəkar aktyor oyunu və usta rejissor təqdimatıyla yad edildi. Gözəl şair Əşrəf Veysəllinin yuxarıda misal gətirdiyim məşhur şeirindəki bu misralar isə tədbirin ana xəttini müəyyən edirdi.
lll
İnsanlara yuxarıdan aşağı baxmaq, onları aşağılamaq naqis keyfiyyətdir.
lll
Xəyallar tükənəndə ömür mənasızlaşır.
lll
Gürcüstanda yaşayan həmkarımız Cəmilə Babayevanın
Gürcüstanda Azərbaycanın zəngin mədəni irsi haqqında araşdırma materiallarını təqdim etdiyi www.aziz.ge müəllif saytı yaxşı təşəbbüsdür. Həmkarımızı təbrik edir, uğurlar arzulayır, həmvətənlərimizin bu gözəl təşəbbüsə dəstək olacağına inanırıq.
lll
Sənət həyəcandan yaranır.
lll
Bəzən yuxunu xatırlamırsan. Amma yaratdığı ovqat ayılandan sonra da səni tərk etmir. Yuxunun süjetini təxmini hiss edirsən.
lll
Təmənnalı tərif sözlərin düzülüşündən bilinir.
lll
Dünyanın gələcəyi ilə bağlı o qədər qorxunc proqnozlar verilir ki, keçmişə xəfif xiffət yaranır. İnsan dominant olmayacaq, insana şərik, onu sıradan çıxaran, ondan da üstün süni intellekt yaranacaq. Bu barədə bir az da vahiməli təxəyyüllər keçmişin insan üçün daha yaşamalı, münbit dövr olduğuna inam yaradır. Geriyə dönüş mümkün olmasa da, insanlar keçmişə qayıtmağı daha çox arzulamağa başlayır. Bəs siz hansını seçərdiniz: keçmişimi, gələcəyimi?
lll
Yazıçılıq, Pamuk demiş, iynəylə quyu qazmaqdır. Qaza bilən qazsın!..
lll
İndi kofe dəbə minməyə başlasa da, çayın əvəzini verməz!
"Çay" mahnısı isə təbrizli və lənkəranlı, o taylı-bu taylı azərbaycanlıların yaratdıqları "Şuşa" qrupunun ifasında daha rəngarəng alınıb.
Türkiyədə təhsil alan təbrizli xanım Aynaz Rəhimzadəni ilk dəfə Ankarada TÜRKSOY-un tədbirində görmüşdüm, milli musiqimizin məlahətli və ürəkdən ifasına valeh olmuşdum.
lll
Unudacaqdınsa, yaşadıqlarının nə mənası vardı?
lll
İpək "narahat"a "rahatsız" deyir.
Məncə, düz deyir.
lll
Adlar fikirlərdən önə keçib.
Statusu görəndə bilirsən ki, bu profil hansı yönümlüdür, nə yazacaq, necə şərh verəcək, kimin tərəfindədir. Bu qarışıq dövrdə bu qədər aydınlıq da qəribədir. Bir tərəfdən heç kim heç nə bilmir, bir yandan da hamı hər şeyi bilir.
lll
Boş danışanlar çoxalıb.
lll
Kövrəlmək yaxşı əlamətdir.
lll
Hər kəsin uğur qazanmaq, özünü təsdiq etmək arzusu başadüşüləndir.
Amma istedad və ardıcıl zəhmət çəkmək inadı hamıda olmur.
Özünü gözə soxanlardan, gördüyü xırda işləri bəh-bəhlə tərifləyənlərdən fərqli olaraq, başını aşağı salıb, sevərək öz işi ilə məşğul olanlar sonda daha çox uğur və ehtiram qazanırlar.
lll
Tıxaca düşəndən sonra tələsməyin anlamı qalmır.
lll
Adam işin çoxluğundan yox, insanların laqeydliyindən, biganəliyindən, etinasızlığından yorulur.
lll
Uzaqda görünən hadisələr sürətlə keçmişə çevrilir. Zamanın sürəti yaşadıqlarından zövq almağa imkan vermir.
lll
Səhər açılan kimi bəd xəbərlər yaymağa tələsməyin. İmkan verin insanlar günə nikbin ovqatda başlasınlar.
Günəşə bənzəməyə çalışın!
lll
Beş dəqiqədən artıq dinlənilməsi mümkün olmayan primitiv adamlara televiziyaların saatlarla vaxt ayırması çox düşündürücüdür. Görünür, belə adamları dinləməkdən zövq alanlar çoxluq təşkil edir. Dinləyən olmasa, onlara meydan verilməz.
lll
Ağlınızdan keçən hər sərsəm fikri sosial şəbəkədə paylaşmağa məcbur deyilsiniz. Bir az səbir edin, ovqatınız dəyişəcək.
lll
Siz Teylor Qrini tanıyırsınızmı?
lll
Jurnalistlər və yazıçılar hər yerdə bir-birinə bənzəyir.
lll
Müəllim adını uca tutmaq, onunla qürur duymaq gərəkdir. Çünki müəllim obrazı ömür boyu bizimlə yaşayır. Siması daim gözümüzdə canlanan, unutmadığımız, xoş xatırladığımız insanlar sırasında müəllimlər daha çox olur. Onlar təkcə öyrətdikləriylə yadda qalmır, həm də öz auralarıyla həyatımız boyu bizə bələdçi olurlar. Müəllim adının ucalığını qorumaq, ondan güc almaq insanın həyatda möhkəm dayağı, etibarlı söykənəcəyidi...
lll
Aşiq olmaq, sevmək ləyaqətsizliyə yuvarlandırır?
lll
Kapitalizmi arzulayan kim idi?
lll
Postinsan mərhələsi...
lll
Futbol da dinə çevrilməkdədir.
lll
Hərdən belə fikirlər oxuyuram:
"Qurban Qurbanov Avropa klubuna gedir" və s.
Soyuqqanlı baxıram, inanmıram.
Qurban Qurbanov "Qarabağ"ı qoyub heç yana getməz!
lll
Gənclik həm də yata bilmək, yuxunu sevmək, yuxulu olmaqdır.
lll
Bu tempə dözmək çətindir. Nəfəs kəsir.
lll
Qocaların gözü qapıda qalır
lll
11-ci dəfə azad Şuşada...
lll
Zeynəb Xanlarova əfsanədir. Bunu dəfələrlə demişəm, bilməyənlər də bilməlidir.
VII Xarıbülbül Beynəlxalq Musiqi festivalının açılışında Cıdır düzündə böyük sənətkarımızla görüşmək çox xoş oldu. Azad Şuşaya ilk dəfə gəlirdi. Konsertdə də gənclik ruhu və şövqlə elə çıxış etdi ki, heç deməzdin yaşı 90-a yaxınlaşır.
lll
Ustadlar - Xalq artistləri Ramiz Quliyev və Ağaverdi Paşayev Şuşada, Güllü bağda ağcabədili yeniyetmə, tar həvəskarı Məcid Məmmədova ustad dərsi keçdilər. VII Xarıbülbül musiqi festivalının açılışına gələn mədəniyyət xadimləri mayın 11-də səhər "Qarabağ" otelinin qarşısında Məcidin ifa etdiyi məşhur "Şuşanın dağları" mahnısını dinləyib, ustad tövsiyələrini verdilər. Hadisə həm də Şuşanın musiqi ənənələrinin əbədiyaşarılığına bir işarə idi.
lll
Yuxudan harda oyanmağın ovqata və ruha təsiri var. Şuşada, Laçında, Ağcakənddə səhər tezdən oyanıb dupduru havanı sinənə çəkməyin rahatlığı əvəzolunmazdır. Üstəlik, ruhun pıçıldadıqları adama qol-qanad verir.
lll
Nanəcib adamlar həmişə tapılacaq.
lll
Kinini boğa bilmək, içinin xıltını büruzə verməmək böyük bacarıqdır.
lll
Candərdi çıxış o dəqiqə hiss olunur.