|
|
|
|
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Əli Hüseyndir. Onunla ispan rəssamı Bartolome Esteban Murillonun "Balaca dilənçi" əsərindən danışmışıq.
Barokko dövrü realist rəngkarlığının davamçısı olan Bartolome Esteban Murillo bu cərəyanın sonuncu nümayəndəsidir. O, özündən əvvəlki mastodon rəssamlarının ən gənci idi.
Bartolome Esteban Murillo 1617-ci ildə Sevilyada anadan olub. Murillo Xuan del Kastilonun tələbəsi idi. Fransisko de Zurbaranla birlikdə o, ispan Barokko dövrünün ən böyük dini rəssamı hesab olunur. Murillo digər ispan rəssamları ilə müqayisədə incəlik və gözəlliyin ifadəsinə daha çox əhəmiyyət verirdi. O, 1645-ci ildən ölümünə qədər kilsələr, monastırlar və xüsusilə Sevilya Fransiskan kahinləri tərəfindən ən çox axtarılan rəssam olub. Fransızların basqınları və 1836-cı ildə Ordenin əmlakının müsadirə edilməsi səbəbindən onun əsərlərini tam qorumaq mümkün olmayıb.
- Əli bəy, söhbətimizə əsərin hekayəsindən başlayaq. Hekayəmizin qəhrəmanı kimdir?
- Balaca dilənçi oğlanın bu rəsmi XVII əsr İspaniyasında yoxsul, aşağı təbəqənin vəziyyətini əks etdirir. Həmin dövrlərdə holland rəssamlarının tez-tez təsvir etdikləri aşağı təbəqə təmsilçilərinin həyatı zamanla İtaliya və İspaniyaya da yayıldı. İspaniyada yoxsulluğun geniş vüsət aldığı, ağır epidemiyaların yüksək ölümlərə səbəb olduğu, uşaqların yetim qaldığı bir vaxtda küçədə təkbaşına dilənçi uşağın olması qeyri-adi mənzərə deyildi.
Əsərdə uçuq binanın küncündə çöməlmiş bir oğlan görünür. Uşağın köhnə, cırıq paltarları və çılpaq çirkli ayaqları onun mənsub olduğu sosial təbəqəni ortaya qoyur. Görünür ki, küncə sıxılmış uşaq tamaşaçılara baxmaq əvəzinə özü nəsə edir. Tabloya diqqətlə baxanda uşağın öz sinəsindəki bitləri çıxardığını görürük. Müasir tamaşaçılar üçün çox da cəlbedici olmayan bu mövzu XVI-XVII əsrlərdə xüsusilə Flamand və Niderland sənət əsərlərində geniş yer tapmışdı. Övladlarının başından bit təmizləyən analar simvolik təmizlənmənin, günahlardan təmizlənmənin və analıq məsuliyyətinin simvolu kimi düşünülür. Əsərdə dilənçi uşağın bitini çıxarması isə uşaqların məsumluğunun, saflığının rəmzidir.
- Əsərdə dövrün izlərini başqa hansı detallarda görə bilərik?
- Murillonun gənc dilənçisinin pis vəziyyəti təkcə onun içində olduğu mühit və geyimlə üzə çıxmır. Eyni zamanda, sağdakı krevet qırıntıları və soldakı səbətdəki almalar oğlanın yeni naharının qalıqlarıdır. Bu qidalar o dövrdə yoxsul bir insanın əldə edə biləcəyi aşağı səviyyəli qidalardır.
Tabloda Barokko dövrünün tipik üslubu olan tünd-işıqlı "xiaroskuronun" təsirlərini görmək mümkündür. İtalyan rəssam Karavacconun populyarlaşdırdığı bu üslub İspaniyada məşhur rəssamlar Velazquez və Zurbaran tərəfindən də istifadə olundu və Murilloya da dərindən təsir etdi. Görünür ki, əsərdəki qaranlıq otaq yalnız sol tərəfdən gələn işıqla işıqlanır. İşıq uşağın bədənində, yerdəki səbətdə ciddi tünd kölgələr yaradır. Bu təsir həm də əsərdə teatral-real mühiti gücləndirir. Rəssam geniş fırça dartmaları və boya quruduqdan sonra çəkilən "impasto" (enli və sıx boya qatları) ilə də əsərdə özünəməxsus üslubunu ortaya qoyub. Detalları diqqətlə təsvir edən Murillo uşağın ayağındakı kiri və natürmort obyekti kimi istifadə edilən səbəti, almaları, küpü bütün reallıqları ilə göstərə bilir.
- Rəssamın müasirləri də səfalət mövzusuna müraciət edirdi. Sizcə, Murillonun yanaşması onlardan nə ilə fərqlənirdi?
- Murillonun işini dövrünün aşağı səviyyəli işlərindən fərqləndirən ən mühüm xüsusiyyət modelin zərif pozası və zahiri təntənəsidir. Murillonu haqlı olaraq ispan rəssamlığının "qızıl dövrü"nün sonuncu ustası adlandırırlar. O, Zurbaran, Velazkes, Riberanın daha gənc müasiri idi, lakin yaşlı müasirlərindən fərqli olaraq, sənətçi dini səhnələri İspaniya küçələrinə köçürsə də, yenə də obrazların ideal şərhinə can atırdı. "Balaca dilənçi" tablosunda məharətlə seçilmiş rənglər rəssama əsərin interyer detallarını naturalistik dəqiqliklə göstərməyə imkan verirdi. Onun xüsusi lirizmlə, bəzən də xoş yumorla yazdığı Sevilya yoxsullarına, "balaca dilənçilərə" həsr etdiyi digər əsərlərində də obrazların real təfsiri müşahidə olunur.
- Əsərin rəng həlli necədir?
- Rəng seçimi zamanı soyuq rənglərə müraciət edən rəssam işıq və kölgədən o dərəcə mükəmməl istifadə edir ki, əsərə xüsusi bir istilik qatır.
- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası olduqca dinamikdir. Balaca oğlan obrazı bütün kətanı əhatə etməyib, eyni zamanda tam mərkəzdə əsas obraz fiquru təsvir edilməyib, lakin burada pəncərədən zindana düşən işıq balaca dilənçinin üzərinə fokuslandığından diqqətini həmin obraza yönəldir. Bu əsərdə natürmortla sintezi də görə bilərik, buna uyğun olaraq sol mərkəzdə səbət, səbətdəki dağınıq meyvələri və saxsı sürahini göstərmək olar. Kompozisiyada rənglərdən düzgün istifadənin nəticəsində fiqurda olan ifadəliliyi aydın görə bilirik. Balacanın çöhrəsindəki məyusluq onun nə dərəcə üzgün olduğunu göstərir. Məharətlə seçilmiş rənglər rəssama oğlanın interyer detallarını demək olar ki, naturalistik dəqiqliklə göstərməyə imkan verir. Açıq qapıdan içəri keçən işıq şüası parlaq bir ləkə kimi izləyicini otağın qaranlığından qoparır. Rəssam ön plana saxsı küpə, alma olan saman torbası və yerdə uzanmış bir neçə krevetdən ibarət Zurbaran materialı ilə çəkilmiş natürmortu yerləşdirib. Bu əsərdə 19-cu əsr realizminin prinsipləri tam gözlənilir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər 1858-ci ildən Parisin Luvr muzeyində saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsər yarandığı dövr barədə bizə açıq məlumat verir. Kasıbçılıq, səfalət o dövrün bəlası kimi daima rəssamların hədəfində olub. Tablo neçə bundan əvvəl çəkilsə də, bu mövzular indi də olduqca aktualdır. Dünyanın müxtəlif yerlərində, o cümlədən, bir sıra Afrika ölkələrində bu gün minlərlə uşaq və gənc aclıq və səfalət içirisində yaşayır.
Aytac SAHƏD