|
|
|
|
(Əvvəli ötən sayımızda)
Xalq yazıçısı Elçinin dramaturgiyasını və onun dram sənətkarlığını səciyyələndirən tədqiqatçı İftixar Piriyev yazır: "Elçin yaradıcılığına xas olan cəhətlər - dərin psixologizm, parlaq tipajlar qalereyasının özünəməxsusluğu, obrazların daxili aləmində görünməyən qatlar, dramaturqun qələmini səciyyələndirən incə, bir çox məqamlarda acı yumor, aşıladığı fikir və qayələr yazıçı-dramaturqun komediya yaradıcılığında özünü daha çox büruzə vermişdir". Müəllifin bu əsərdəki mühüm nailiyyəti elə problemin qoyuluşundadır: bu əsərdə ənənəvi "ağıllının dəli axtarmağı" deyil, "dəlinin dəli axtarmağı" mühüm ictimai-mənəvi problem olaraq qoyulub. Burada "dəli axtaran" dəlilər ağıllını da dəli edirlər. Cəmiyyətdə, ictimai mühitdə faciənin dəhşətini məhz bu kontekst, bu problem müəyyənləşdirir. Ağlı yerində olan bir insanı xəstə təfəkkürlü fərdlər nəhayətində dəliyə çevirməyə nail olurlar. Maraqlı burasıdır ki, bu dəfə müəllif tərsinə məntiq yürütməklə əslində cəmiyyətin hər təbəqəsində, hər idarəsində, peşəsində ağıllı axtarır, amma "dəli"yə, yəni təfəkkürü, düşüncəsi patologiyaya və ya funksional pozğunluğa uğramış fərdlərə rast gəlirdi.
Müəllifin əsərdə SSRİ-nin dağılmasından sonra milli ictimai mühitdə rast gəlinən düşüncə tərzi və stereotiplərə yer verdiyi, münasibət göstərdiyi aydın görünür. Cəmiyyətdə mənəvi böhranın yaşandığı bir vaxtda müəllif şüur cayması, düşüncə qıtlığı kimi mənəvi-psixoloji problemləri işıqlandırır, yayılan eyforiyaları əsərdə tənqid və təsvir hədəfinə çevirir. Fərqli fərdlərdə, fərqli şüurlarda, fərqli peşələrdə təzahür edən şüur caymaları maraq doğurur. Hər kəsin özünü fərqli şəkildə təzahür etdirməsi isə onun yaşadığı sosial-mənəvi şəraitlə bağlıdır. Professorun özünü Musa peyğəmbər hesab etməsi hadisəsi isə məhz 90-cı illərin əvvəllərində, ciddi böhran yaşandığı dövrdə özünü cəmiyyətə "lider", "rəhbər" kimi sırımaq istəyən saxtakarlara müəllifin dəqiq işarəsi və tənqidi yanaşmasıdır. Professorun ağzından çıxan "palata" əvəzinə "kamera" ifadəsi də fərqli, müstəqil və azad düşüncə sahiblərinin məruz qoyulduğu təqib və təzyiqləri nümayiş etdirir. Məryəm Əlizadənin yazdığı kimi: "Elçin "çağdaş dəliliyin" satirik əksini yarada bildiyi bu komediyada bizləri yenidən əbədi bir mövzu ətrafında düşünməyə vadar edir".
Əsərdə hadisələr Kişinin evində, onun ailəsində baş verir. Remarka hissəsində də müəllif məqsədli olaraq Kişinin səciyyəsini, onun təsvirini vermir. Onu rejissorun və ya quruluşçunun öz ixtiyarına buraxır. Kişinin ailəsi və burada baş verən hadisələr, ortaya çıxan münasibətlər, əlaqələr ictimai məzmun alaraq daha geniş anlamda ictimai mühiti özündə ehtiva edir. Müəyyən mənada Kişini rəhbər olaraq da görmək olar. Onun əlaqə və münasibətləri bu cür düşünməyə imkan verir. Çünki əsərdə təsvir olunan bütün obrazlar ondan bir şey istəyir, yaxud tələb edirlər. Hərənin ağzından bir tələb çıxan mühitdə Kişi divara dirənir, çəkə bilməyəcəyi yükün altına düşmüş olur.
Ailə - Arvad, Qız, Oğul bir tərəfə, bir yandandan da Professor, Dost, Qonşu, Partiya lideri Kişini lap abırdan salırlar. Elçin dəliləşmə zərurətinə də məlum üsulla aydınlıq gətirir: hər gün eyni fərdlərin eyni tələb və istəklərini eyni cür ifadə yolu ilə bezikdiricilik yaradır. Kişi məhz hər gün eyni adamlardan eyni tələbləri eşidir, eyni həyat, yaşantı, mühit, hadisə Kişini təbdən çıxarır və dəliləşmə zərurəti yaradır. Çünki əsərin epiqrafında da deyildiyi kimi: "Ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər".
Kişi bu qayğılardan canını qurtarmağın yolunu dəli olmaqda görür və özünü dəliliyə qoyur. Maraqlıdır ki, bu dəlilik Kişini nəinki qayğılardan xilas edir, həm də həmin qayğıların həllinə çarə tapılır.
Arvad hər gün səhərdən axşama kimi "lüstur, göyərti, çörək, təmir" - deyə öz isteriyalarını sayaqlayır. Qızın isterik tutması, şizofrenik sayıqlaması, sözünün başı-ayağı "Suzik"dir. Oğul "Lenin! Lenin! Kapital! "Kapital" bəşər dühasının ən böyük əsəridir! Mən hər dəfə "Kapital"ı oxuyanda yeni kəşflər edirəm" - deyə sayıqlamaları ilə özünü ifadə edir. İllərdir "Kapital"ın 9-cu səhifəsindən o yana keçə bilməyən Oğlan bolşevik xarakterli, kommunist ideyalı bir isterik-şizofrenikdir. "Qorbaçov beynəlxalq imperializmin şpiyonudur! Mən Siyasi Büronun iclasına tələsirəm! Hamının maşını var, məndən başqa!" bu kimi tələblərlə sayıqlamaq onun kimliyini, xarakterini səciyyələndirir. Vaxtilə köhnə partkom olan, kommunizmə xidmət edən, özünü dəridən-qabıqdan çıxaran, başqalarını kommunizm düşməni, türk təsiri altında olan adam kimi şərləyən Dost indi Kişiyə türkçülükdən dərs deyir, türkçülük moizələri edir.
Hələ Dost "Təşkil elə, qəzetlərdən birində məni qatı türkçü kimi ifşa etsinlər!" deyəndə Kişi tamam lap dəli olmaq dərəcəsinə gəlir. Sən demə, İstanbulda elmi iş götürmək üçün özünü "türk cəfakeşi imiciylə" təqdim etmək, qatı türkçü olaraq qəbul etdirmək ən sağlam, etibarlı yol imiş. "Özüm oturub yazardım e, məndə çıxmır! Özüm özümü tənqid edə bilmirəm. Yazıram, tərif çıxır" fikirlərinin məntiqi yekunu "Vallah, mən dəli olacam! Billah, dəli olmaq yüz dəfə bundan yaxşıdı!" təlqini və özünüifadəsindədir. Artıq əsərin əvvəlindən bu kimi detallar düşünməyə əsas verir ki, bu gedişat Kişinin əqlini sarsıdacaq, onun ağlını itirməsilə yekunlaşacaq.
Qonşunun Kişidən üç min dollar verib Sevgilisinə hədiyyə vermək üçün bilərzik aldırmaq xahişi bir az da vəziyyəti gərginləşdirir.
Əsərdən aydın olur ki, buqələmun kimi əqidə və məsləklərini ictimai-tarixi şəraitə görə dəyişən adamlar indi tam tərsi olmaqla, həqiqətən də, inanılmaz, adamın ağlını başından alan bir vəziyyətə gətirib çıxarıblar. Yalançı adamlara, yalançı təqdimatlara qarşı doğrucul münasibət tutan Kişi öz şəxsiyyəti ilə mühitin və həqiqətlərin təzahür olunan güzgüsünə çevrilir. Məhz onun qırmızıca sözü üzə deməsi yalançı münasibətlərin aşkarlanmasına imkan və şərait yaradır. Əsərdə Falçı Ağabacının hər bir kəsə ayrılıqda yanaşıb onu dəli ehtimal etməsini də müəllifin məqsədli yanaşması kimi qiymətləndirmək lazımdır. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Doktor Lalbyuz hacı və kərbalıyalara yanaşaraq onları öz hərəkətləri, davranışına görə "dəli" adlandırmasının bənzəri olaraq Elçinin də "Mənim ərim dəlidir" əsərində finala doğru Falçı Ağabacı fərdlərə yanaşaraq onları dəli ehtimal edir və axırdan axıra Kişinin etirafı ilə bu axtarış sonlanır.
Maraqlı cəhətlərdən biri də Arvadın xaraktercə özünü büruzə verməsi anıdır. Ərinin dəli olduğunu biləndən sonra ah-zar edən Arvad evinə rüşvətlər, hədiyyələr gəldikcə artıq bu dəliliyin bitməməsi, müalicə olunmamasına can atır. Bir ömür yaşadığı qadının əsl siması məhz bu məqamda özünü tam aydınlığı ilə üzə çıxarır: Kişi daha dəli olmadığını deyəcəyini bildirəndə Arvad narahatlıq keçirir.
Arvad. Yox! Yalvarıram sənə. Heç kimə heç nə demə.
Kişi. Heç nə deməyim?
Arvad. Yox! Demə! Qoy hamı elə bilsin ki, dəlisən! Sən elə yaxşı, elə yaxşı dəlisən! Mənim əzizim! Elə bil ki, mən sənə təzədən vurulmuşam.
Kişi. Təzədən mənə vurulmusan?
Arvad. Hə? Mənim əzizim. Mənim sevgilim. Mənim dəli ərim!
Kişi. Axı, mən yorulmuşam. Mən daha dəli ola bilmirəm.
Arvad. Ol! Mənim əzizim!
Artıq Kişinin dəliliyindən evinə gələn sərvətə görə Arvadı bu dəliliyin bitməz olmasını arzulayır. Çünki onu düşündürən sərvətdir, Kişinin sağlamlığı deyil. Çünki məhz bu dəlilik hesabına gündə yemək-içmək, Oğula maşın, evə "lüstur" alınıb. Hamam, ev təmir edilir. Hərəsi də bir dəlidən doğru xəbərin sayəsində mümkün olur. Bu da Arvadın Kişiyə qarşı "əbədi və tükənməz" sevgisinin əsl mahiyyətini açıqlayır, onun hansı sədaqətdə, vəfada, sevgidə bir qadın olduğunu ortaya qoyur. Əsər də məhz bu dəliliyin Kişi üçün bitməz olduğunu anlaması, elə bu dəlilik içində qalması zərurətini başa düşməsi və qoyun kimi mələməsi sonluğu ilə bitir. Əsərin başlanğıcında sükutu və rahatlığı olmayan bir ailəyə əsərin sonunda dəliliyin gətirdiyi xoşbəxtlik və rahatlıq diqqəti cəlb etmiş olur.
"Mənim ərim dəlidir" əsərində arvadın, oğulun, qızın, qonşunun, dostun və başqlarının əlindən özünü dəliliyə qoyan və öz əvvəlki ağıllı vəziyyətinə qayıda bilməyən bir insanın, bir şəxsiyyətin faciəsi təsvir edilir. Bütün bunlar isə özündə, ümumilikdə, mühitin dəli obrazını səciyyələndirmiş olur və onu üzə çıxarır.
Professor Məryəm Əlizadənin yazdığı kimi, "Ah, Paris, Paris!", "Mənim sevimli dəlim" və "Diaqnoz D" ("Mənim ərim dəlidir") komediyalarını şərti olaraq "Kimdir dəli?" adı altında birləşdirən vahid mövzunu "gerçəklik və mənəvi-əxlaqi sağlamlıq" problemi kimi qəbul etsək, məsələnin inkişaf istiqamətini aşkarlaya bilərik: "dəliliyə, şizofreniyaya oxşar gerçəklik" ("Ah, Paris, Paris!"), "patoloji dəlilik və onun gerçəklikdə inikası" ("Mənim sevimli dəlim"), "patoloji gerçəklik və onun sağlam olanlarda inikası" ("Diaqnoz D" və yaxud "Mənim ərim dəlidir")".
Ümumiləşdirmə apararaq qeyd etmək istərdik ki, Elçinin adıgedən dram əsərləri milli dramaturgiyamızın 90-cı illərdən sonrakı dövründə, maraqlı əsər baxımından qıtlıq çəkdiyi, böhran yaşadığı bir zamanda ona yeni nəfəs verdi, itirilmiş illər kimi səciyyələnən bir dövrün həm mənzərəsini, həm də daramaturgiyasını yaratmış oldu.