Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ konfliktiylə bağlı Soçidə keçirilən görüşdən sonra tanınmış rusiyalı ekspert, "Oqonyok" jurnalının keçmiş baş redaktoru, hazırda "Kommersant"ın strategiyalar üzrə direktoru olan Viktor Loşak bu münaqişə haqqında məqalə yazıb. O, qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin ötən bazar günü Soçidə keçirilən danışıqları ən azından ona görə məqbul sayılır ki, yaxın aylarda müharibə olmayacaq. Müəllif bildirib ki, mətbuat Soçi görüşündən məyus olub, çünki Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmayıb: "Dörddə bir əsrdir davam edən münaqişənin nizamlanmasında dönüş olacağına dair jurnalist gözləntilərinin haradan qaynaqlandığını demək çətindir. Bizim Dağlıq Qarabağ münaqişəsi adlandırdığımız deportasiyadır, dinc əhalinin qətlə yetirilməsidir, bədbəxt qaçqınlardır, döyüş əməliyyatlarıdır və 5 minə yaxın itkin düşmüş şəxsdir. Bütün bunlar SSRİ-nin son illərində, demokratikləşmə şəraitində yaddaşların bütün köhnəlmiş inciklikləri üzə vurduğu bir vaxtda baş verib".
Müəllifin qənaətinə görə, indi tamamilə aydındır ki, bu cür milli qarşıdurmada nə siyasətçi, nə də jurnalist hakim rolunu oynaya bilməz, heç kim insanları haqlı və haqsız tərəfə bölüb onlara resept yaza bilməz: "Təəssüf ki, 1987-ci ildən başlayaraq Moskvadan həm jurnalistlər, həm də siyasətçilər Dağlıq Qarabağda baş verənlərlə bağlı olduqca yersiz şəkildə hakim rolunu oynamağa çalışıblar. Əgər biz Soçi görüşünün artıq qızışmaqda olan, son həftələrdə hər iki tərəfdən əsgər və zabitlərin həlak olması ilə müşayiət olunan müharibəni "tormozladığını" görmürüksə, deməli, biz bu gün də ənənəvi səthi dəyərləndirmələrimizi davam etdiririk".
V.Loşak qeyd edib ki, hələ 1988-ci ildə deputat Qalina Starovoytova Dağlıq Qarabağ məsələsində hüquqi dalanı formalaşdırıb. Onun müdafiə etdiyi və Ermənistanın istifadə etdiyi öz müqəddəratını təyinetmə hüququ BMT-nin dövlətlərin ərazi bütövlüyü prinsipinə açıq-aşkar zidd idi: "Bax, elə buna görə də BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal etdiyi ərazilərin Azərbaycana qaytarılmasını tələb edən qətnamələri İlham Əliyevin əlində aydın kozırdır".
V.Loşakın yazdığına görə, münaqişə o qədər uzandı ki, tərəfləri barışdırmaq istəyən Rusiyanın özü dünyaya perpendikulyar şəkildə zidd mövqeyini translyasiya etdi: "Bir tərəfdən, Rusiya Çeçenistanın ayrılmasına qarşı müharibə apararaq məntiqlə Azərbaycanın tərəfini tutmalı idi. İndi isə o, Krımı özünə birləşdirərək Ermənistana simpatiya bəsləməli olacaq. Ona görə də Rusiyanın özünün barışdırıcı kimi mövqeyi möhkəm deyil. Bəlkə elə ona görə də prezident Putin Soçidə öz həmkarlarını döyüş sambosu turnirinə apardı və onlara bu sadə fikri izah etməyə çalışdı ki, faktiki olaraq qaydasız döyüşdə ən güclü olan qalib gəlir".
Millət vəkili Əli Məsimli "525"ə açıqlamasında V.Loşakın bu fikirlərini məsələyə obyektiv yanaşma hesab edib. O, bildirib ki, biz BMT TŞ-nın 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini daha qətiyyətlə tələb etməli və buna nail olmalıyıq.
Daha sonra isə millət vəkili Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə Rusiyanın vasitəçiliyi ilə baş tutan tərəflərin Soçi görüşündən öncədən də heç bir sanballı nəticə gözləmədiyini deyib. O, təmas xəttində baş verən silahlı hadisələri Azərbaycana qarşı təxribat hesab edir: “Atəşkəsin pozulmasının səbəbi ölkəmizi müharibə ilə qorxudub, Gömrük İttifaqına tərəf çəkmək olub. Azərbaycan isə şəhidlərimizin qisasını qat-qat artıqlaması ilə alaraq düşmənə dağıdıcı zərbələr vurdu. Bununla da rəsmi Bakı "müharibədən qorxmuruq" mesajını verdi ki, Soçi görüşündə də Azərbaycana təzyiq planı alt-üst oldu".
Bu barədə "525"ə münasibətini bildirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu rusiyalı ekspert V.Loşakın fikirlərini düzgün hesab edir: "Bu faktdır ki, BMT-nin dörd qətnaməsi Azərbaycanın əlində bir kozırdır. Ona görə ki, bu qətnamələr həqiqəti əks etdirir. Dünyanın ən yüksək siyasi qərar qəbul etmək səlahiyyəti BMT-nin Təhlükəsizlik Şurasına məxsusdur. Qətnamələrdə qeyd olunub ki, Ermənistan atəşkəs rejiminə əməl etməli və öz qoşununu Qarabağdan dərhal çıxartmalıdır. Ermənistan tərəfi isə bir günlük atəşkəs rejiminə əməl etməklə qətnaməyə əməl etdiklərini deyiblər. Biz nə bilək ki, Ermənistan qətnaməyə əməl edib. Bəlkə o zaman onların silah-sursatı tükənmişdi. Çünki o dövrdə Ermənistanın daxilində də çəkişmələr gedirdi. Əslində, hədsiz dərəcədə savadsızlığın nümunəsidir ki, Sarkisyan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edib".
"Aydın məsələdir ki, Qarabağ hadisələri azərbaycanlılara qarşı deportasiya və soyqırımıdı. Beynəlxalq aləm ona görə Dağlıq Qarabağın müstəqilliyini tanımır ki, ermənilərin iddia etdiyi referendum azərbaycanlıların oradan qovulduğundan sonra keçirilib, Xocalı soyqırımı törədilib. Dağlıq Qarabağ azərbaycanlıları deportasiyaya məruz qaldıqdan sonra keçirilən referendumun nəticəsini beynəlxalq ictimaiyyət qəbul edə bilməz. Sadəcə ermənilər özlərini qanmaz yerinə qoyaraq referendum keçirdiklərini deyirlər. Qarabağ əzəli Azərbaycan torpaqlarıdır, ora heç vaxt erməniləri aid etmək olmaz", deyə politoloq M.Əhmədoğlu öz fikirlərini bildirib.
Politoloq hesab edir ki, Dağlıq Qarabaq münaqişəsini ABŞ başladıb Rusiya isə münaqişəsinin bugünədək uzanmasının səbəbkarıdır: "Dağlıq Qarabağ münaqişəsinin yaranması və alovlanmasında ABŞ-ın xüsusi rolu var. Ancaq bizim torpaqların 20 ildən çox işğalda qalmasının səbəbkarı Rusiyadır. Rusiya əgər ikibaşlı oyun oynamasaydı, bizim torpaqlar bu vaxta qədər işğalda qalmazdı".
Həmçinin M.Əhmədoğlu onu da qeyd edib ki, Çeçenistan məsələsində biz ilk faktoru nəzərə almadıq və Rusiyaya dəstək olduq: "Əslində, Rusiya heç zaman Azərbaycana lazımı dəstəyi verməyib. Buna baxmayaraq hesab edirəm ki, Soçi görüşü Dağlıq Qarabağ münaqişəsində ciddi bir dəyişiklik yaratmasa da, Rusiya-Azərbaycan münasibətlərində dönüş yaratdı. Putin elə bil bəhanə axtarırdı ki, İlham Əliyev haqqında xoş söz desin. Hətta Sambo yarışına çıxanda dövlət başçımızın adını çəkərək qeyd edib ki, Sambo idmanına qayğı göstərən İlham Əliyevin ciddi səyləri nəticəsində bu idman növü Avropa olimpiya oyunlarının siyahısına daxil edilib. Görüş zamanı Putin ilk dəfə Azərbaycan prezidentinə istinad edib. Əminəm ki, bundan sonra Rusiya Azərabaycana qarşı ikili oyunlardan istifadə etməyəcək. Rusiya bundan sonra çalışacaq ki, iki ölkə arasında münasibətlər qarşılıqlı etimada əsaslansın".
Ceyhun ABASOV