Azərbaycan Respublikasının təbiəti füsunkar və rəngarəngdir. Təbii sərvətlərimizin qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli iş kimi həmişə diqqət mərkəzindədir. Elə buna görə də ölkə vətəndaşlarının sağlam və təmiz ətraf mühitdə yaşaması və bu mühitin qorunmasında yaxından iştirak etməsi hüququ Konstitusiyamızda da təsbit olunur.
Dünyanın hər yerindən ölkəmizə turistlər gəlir. İstirahət zamanı məişət tullantıları təyinatsız ərazilərə atılır, ətraf mühit çirklənir. İlk növbədə içməli su mənbələri, yol kənarları, kənd təsərrüfatı üçün yararlı torpaqlar, dövlət meşə fondu və digər ərazilər ziyan çəkir.
İstər ictimai istirahət obyektlərində, istərsə də fərdi mənzillərdə yaşayan vətəndaşların gündəlik fəaliyyəti zamanı məişət tullantılarının təyinatsız yerlərə atılmasına yol verməmək üçün hamımızdan obyektiv ictimai nəzarətin həyata keçirilməsi tələb olunur. Axı, təbii sərvətlərin kompleks şəkildə mühafizə olunmasında və onların gələcək nəslə çatdırılmasında ictimaiyyətin rolu əvəzsizdir. Ona görə də bu ümumxalq əhəmiyyətli məsələdə hamınızın yaxından iştirak etməsi zəruridir. Sizin ictimai nəzarətiniz baş verə biləcək hər hansı bir ekoloji problemin qarşısının vaxtında alınmasında mühüm rol oynayacaq.
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük zərər vurur. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunmasına rəğbət bəsləmək, təbiəti, o cümlədən, meşəni sevmək ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyalı olmalı və meşə yanğını baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri güclənməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və meşə ilə əlaqəsi olanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və söndürmək üsullarını bilməlidir. Meşə yanğınları əsas etibarı ilə insan tərəfindən törədilir. Bunlardan meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Yanğın ən çox meşədə odla ehtiyatsız davranmaqdan törənir. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə qalamaq üçün xüsusi yerlər düzəldilir. Metroloji səbəblərdən yanğın təhlükəsi artan vaxtlarda xəbərdarlıq məqsədilə mütəmadi olaraq kütləvi informasiya vasitələrindən istifadə edilməlidir.
Məlum olduğu kimi, bürkülü yay günləri davam edir. Belə isti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil. Təbii sərvətimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq və ya kibrit çəkib siqaret yandırmaq qəti qadağandır. Eyni zamanda baş vermiş yanğını dərhal söndürmək üçün sizin köməkliyinizə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır.
Son vaxtlar ölkə ərazisində havaların çox isti və quraq keçməsi, həmçinin taxıl biçini mövsumunun başlanması ilə əlaqədar yanğın təhlükəsi arta bilər.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha şəhər və rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə və kolluqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edir.
Yanğın zamanı alçaq boylu ağaclar və kollar, cücərtilər məhv olur. Hündürboylu ağacların gövdə və budaqları qovrulduğu üçün ümumi inkişafları yavaşıyır.
Məlumat üçün onu da əlavə edirik ki, bitki qalıqlarının vaxtaşırı müntəzəm yandırılması nəticəsində torpaq üzvü maddələrdən məhrum olur. Yanğın zamanı həm də yerin üstündə və altında yaşayan heyvanlar, mikroorqanizmlər məhv olur. Təşviqat vasitələri olaraq ərazinizdə, yol ətrafında “Odla ehtiyatlı olun” , “Söndürülməmiş papirosu yerə atmayın”, “Meşəni oddan qoruyun” və s. şüarlar yazılmış lövhələrin asılması həm vacib, həm də məqsədyönlü olardı.
Ekologiya və Təbii Srəvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin 21 avqust 1995-ci il tarixli 188 saylı “Azərbaycan Respublikası Meşə Fondunun Qorunması Tədbirləri haqqında” qərarına əsasən mülkiyyətində meşə və kolluqları olan bütün hüquqi və fiziki şəxsləri meşə fondu ilə həmsərhəd zonasında taxıl biçini və digər mövsümü işlərlərlə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və Azərbaycan xalqının milli sərvətləri olan meşələrimizi, torpaqlarımızı qorumağa çağırırıq.
Açığını deyək ki, yerli idarəetmə qurumu olan bələdiyyələr çox vaxt öz hüquq və səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar öz maraqlarının əsirinə çevrilərək ərazilərini genişləndirmək məqsədilə kol-kosları təmizləmək üçün. Bəzən də əkin-biçindən sonra torpaqları yandırırlar. Torpaqlar ildən-ilə məsuldarlıqdan düşür və nəticə etibarilə erroziyaya uğrayır. Bələdiyyə ərazisində baş verən yanğınlar yaxınlığdakı meşə və parkların ərazisinə də yayılır və böyük fəlakətə səbəb olur.
Dünyada baş verən iqlim dəyişiklikləri, anomal istilər ətraf mühitin dəyişməsinə, atmosferin nəfəsinin “daralmasına” gətirib çıxarır.
Yer kürəsində iqlimin ekoloji xəritəsinin dəyişməsi və qloballaşması yeni əsrin ən ciddi və təhlükəli problemidir. Qlobal istiləşmə və istilik effekti XX əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilməlidir. Atmosferdə insan orqanizmi üçün zərərli qazların və hallogenlərin miqdarının artması nəticəsində havanın temperaturunun normadan çox olması qlobal istiləşmə və istilik effekti törədir, nəticədə quraqlıq, səhralaşma kimi ekoloji böhranlar yaranır. İstilik effekti əsasən karbon qazının təsirindən əmələ gəlir. Daş kömür, neft və onun məhsulları, qaz və s. yanacaqlardan istifadə olunması nəticəsində ildə atmosferə 20 milyard ton karbon qazı qarışır. Bu, atmosferdə istilik effekti yaradır və qlobal iqlim dəyişikliklərini daha da yüksəldir. Əvvəlki yüz ilə nisbətən son on-on iki ildə havanın istiləşmə sürəti 3 dəfə çoxalıb.
İstiləşmə hər yerdə eyni sürətlə baş vermir. Tropik qurşaqlara nisbətən Rusiyada istiləşmə daha sürətlə gedir. Son yüz ildə orta illik temperaturun Şərqi Sibirdə 3, Rusiyanın Şimali Avropa hissəsində, Yakutiyada və Arktika sahillərinə qədər olan ərazidə isə 2-3 dərəcə artması göstərilir. Bu halda Rusiyada, ABŞ-da, Avropanın bir sıra ölkələrində meşə yanğınları baş verir.
Belə yanğınlar adətən, yüz hektarlarla sahəni əhatə edir, şəhərlərə, kəndlərə qədər gəlib çıxır. Bu halda yanğını söndürmək üçün ordu qüvvələri, yüksək texniki parametrləri olan texnika, təyyarələr, helikopterlər hərəkətə gətirilir.
10 yanğının 9-u odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi yanğınlara səbəb olur.
Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar nəticəsində də yanğın törənə bilir.
Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və s. tez alışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərriki aqreqatlarının yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir.
Son vaxtlar ölkəmiz keçirilən tədbirlərin çoxuna ev sahibliyi edir. Xüsusilə, turist zonası kimi gənclərin və uşaq təşkilatlarının istirahəti, maraqlı tədbirləri, yay düşərgələri burada keçirilir. Belə tədbirlər zamanı lazım gələndə meşədə tonqal yandırılması yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə təşkil oluna bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.
Yeri gəlmişkən deməliyik ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağacın altında (xüsusən də bulaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsilə çala qazılmalıdır.
Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhsulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Tonqalı yandırarkən küləyin gücü və istiqaməti nəzərə alınmalıdır. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə torpaqla örtülməlidir.
Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə tədbir olaraq 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərindən təmizlənməli, ərazidə yerləşdirilən hər hansı tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın sondürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar, əleyhqazlardan istifadə etməlidirlər.
Meşələrin yanğın təhlükəsizliyini təmin etmək üçün bu məqsədlə bütün qüvvələr səfərbərliyə alınmalıdır. Axı əlimizdə böyük bir sərvət vardır və bu, bəşəriyyətin sağlamlığına, cismani rahatlığına, ruhən dincəlməsinə xidmət edir. Hər ağac ağ ciyərlərimiz üçün əvəzsiz olan oksigen ixrac edir. Bütövlükdə, bağ, park, xiyaban, meşə isə oksigen ümmanıdır. Bizi əhatə edən təbiət həm də xoş əhvali-ruhiyyəmiz, yüksək ovqatımızdır. Ovqatımızın yüksəkliyi üçün təbiətə, meşəyə, ağaca qayğıkeş olmalıyıq. Bunun üçün təbiəti qorumalı, onun harayına səs verməliyik.
Bəli, meşələri yanğından qorumaq hamımızın ümdə vəzifəsi, insanlıq borcumuz, amalımız olmalıdır. Bu məqsədlə əhatəli təbliğat işi aparılmalıdır. Bunun üçün əyani vasitələr də əhəmiyyətlidir. Əhali arasında təbliğat işi aparmaqla yanaşı plakatlardan, reklam işlərindən də geniş istifadə etmək olar. Həmçinin Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin elektron xidmətlərindən də istifadə etmək zəruridir. Çünki hər bir vətəndaş bu xidmətdən ekoloji maariflənmə baxımından faydalana bilər.
Hər birinizin bizimlə həmrəy olmağınız vacibdir. Ümid edirik ki, Sizinlə bölüşdüyümüz fikirləri səmimi qəbul edəcək və doğma yurdumuzun əvəzsiz təbiətinin qorunmasında köməyinizi əsirgəməyəcəksiniz.