|
|
|
|
Hacıqabulda baş verən yanğın nəticəsində xəsarət alan bir nəfər (qadın) sol-said nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
525.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, ona xəstəxanada ilk tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
***
Oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə məlumat daxil olub.
525.az-a bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Hacıqabul rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin əməkdaşları və ekspertin iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, həmçinin zəruri və təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.
Hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.
Xəsarət almış şəxsə xəstəxanada ambulator tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.
Hadisənin baş vermə səbəbinin müəyyən olunması istiqamətində Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
***
Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Navahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.
525.az-a bu barədə FHN-dən bildirilib
***
Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
525.az "Report"a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.