|
|
|
|
Sabir Rüstəmxanlı, Xalq şairi:
- Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin doğum günüdür. İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və təhsilinin inkişafında böyük xidmətləri olan, bu sahələrdə onlarla dəyərli elmi əsər yaratmış görkəmli alim, bacarıqlı təşkilatçı və gözəl insandır. Nəsrəddin Tusi adına Naxçıvan Dövlət Universitetinin rektoru olduğu illərdə bu ali məktəbi beynəlxalq əlaqələri ildən- ilə genişlənən nüfuzlu təhsil ocağına, əsl gənclik şəhərciyinə çevirmiş, yorulmadan çalışmışdı. Azərbaycan Milli Elmlər Akademiyasında da yenə eyni gənclik enerjisi və yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Dövlətçilik mövqeyi, milli maraqlarımız, elmi obyektivlik həmişə İsa Həbibbəylinin həyatının və elmi fəaliyyətinin əsas meyarı, keyfiyyəti olmuşdur.
İsa bəylə sınaqlardan keçmiş dostluğumuzun aspirantlıq illərindən başlanan, yarım əsrdən artıq bir tarixi vardır.
Dünən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin, Xankəndində, Xocalıda, Qarabağın digər şəhərlərində dövlət bayrağımızı ucaltmasının sevincini və qürurunu yaşadıq.
Belə bir vaxtda doğum günləri də başqa bir məna qazanır.
Mən əziz dostumu, qardaşımı, görkəmli alim və ictimai xadimi ölkəmiz üçün əlamətdar olan, hamımızın Zəfər sevinci ilə yaşadığımız bu gündə ürəkdən təbrik edir, ona uzun, sağlam ömür və çoxsahəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Elxan Şahinoğlu, politoloq:
- Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində də olub. Atamın kəndidir, sonralar babamgil bu kənddən Ağdama köçərək orada yaşayıblar. Ağdama gedəndə bir neçə günlüyə olsa da, Malbəyliyə baş çəkərdik. Malıbəylidə məşhur çinar ağacı var idi, kökündən bulaq axırdı. Həmin çinar ağacı o qədər hündür idi ki, Şuşaya qalxarkən dolambac yollarda həmin ağacı görmək mümkün idi. Ermənilər 1980-ci illərin sonlarında separatçılığa başladıqda ilk hədəfə aldıqları yerlərdən biri Malıbəyli və qonşu Quşçular kəndi idi. Kənd sakinləri 1990-cı illərdəki döyüşlərdə xeyli itki veriblər. Kəndlər işğal olunandan sonra onların bir qismini Pirşağıdakı sanatoriyada məskunlaşdırdılar. Pirşağıda doğma kəndlərini görməyən üçüncü nəsil böyüyür. Malıbəyli və Quşçular kəndlərinin sakinlərinin bir qismi ilə təmasdayam, geri qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru:
- Qarabağın neçə əsrlik tarixinə Azərbaycan möhürü vuruldu!
Hələ heç vaxt Dağlıq Qarabağ, Şuşa, Xankəndi bu qədər Azərbaycanın olmayıb. Tarixi torpaqlarımıza iddialı qüvvələrin iki əsrdən bəri bütün əməlləri tam fiaskoya uğradı!
Möhtəşəm tarixi hadisələri yaşayırıq.
Bizə bu günləri yaşadan AZƏRBAYCAN Əsgərinə, Zabitinə, Ali Baş Komandana eşq olsun!
Şəhidlərimizin ruhu şad olsun. Qanlarını, nakam, yaşanmamış həyatlarını, haqlarını Vətənə, bizlərə halal etsinlər! Diplomatiya cəbhəsində vuruşan, Azərbaycan həqiqətini dünya birliyi qarşısında müdafiə edən dövlət xadimlərinə, diplomatlarımıza, ekspertlərimizə təbriklər və təşəkkürlər!
Bu hadisələrin tarixi qiyməti hələ qarşıda veriləcək. Amma bir həqiqəti bu gün mütləq dilə gətirməliyik: Müstəqillik dövrü itirilən torpaqların ləkəsi bizim nəsillərin üstündən silindi!
I Qarabağ müharibəsinin adlı-adsız qəhrəmanlarını, Xocalı timsalında həyatlarını itirmiş bütün dinc əhalinin, bu günləri yaşamadan dünyadan köçmüş qaçqın və köçkünlərin xatirələrini hüznlə anaq!
Bu qələbəyə inanan və onu gözləyən bütün xalqımızın gözləri aydın olsun!
QARABAĞ həqiqətən AZƏRBAYCANDIR!
Fərid Pərdəşünas, texnobloger:
- Elektromobillərlə bağlı araşdırma aparıram. Deməli, şəhərimizdə hər gün sayları artır. Buna səbəb 0 gömrük ödənişi və 0 vergidir. Bu, çox ağıllı qərar idi. Bazarda ucuz elektromobil (ucuz da demək olmaz) "Volkswagen ID4, ID6, (56,000 AZN-dən) "Honda eNS1" (38,250 AZN-dən), "Toyota Bz4x"(52,000 AZN-dən) təqdim olunur.
Yuxarıda qeyd etdiyim elektromobillər şəhərdə sürətlə artır. Əvəzində bazarda "Tesla", "Zeekr", "Ioniq" kimi bahalı elektromobilləri də görürük ki, bu cihazlar üçün qiymətlər də çox bahadır.
Ucuz modellərin ucuz olma səbəbi isə Çin bazarı üçün olmalıdır. Məsələn, "Volkswagen" Çinin "FAW" brendi ilə ortaq zavod açıb, orada yığdırır. "Honda" isə bunu "Dongfeng" ilə edir. "Toyota"nın tərəfdaşı isə "Blue Nexus"dur. Belə olan halda da əslində bu markalar Çin istehsalı, sadəcə üzərində brendin loqosu olan elektromobillərə çevrilir.
İndi isə sual belədir: Bu cihazlarda komfort, dözümlülük və təchizatlarda ana istehsal xəttindən nə qədər fərq yaranır? Yəni "Honda" nə qədər həmin "Honda"dır? Həmin "Toyota"dır? yoxsa "FAW", "Dongfeng"dirlər?
Nigar Köçərli, "Ali və Nino"nun təsisçisi və direktoru:
- "Təkərli Kitab Dükanı" ilə gəlmişik Fatmayı kəndinə. Gözəl günəşli hava, əla ovqat... Başlanğıc da əla idi, yerli insanlar bizi görüb, təəccüblə və xoş hisslərlə qarşılayırdılar. Uşaqlar tökülüşüb ətrafımıza.
Təəssüf ki, mənfi hadisə də baş verib. Bir saat ərzində bələdiyyə, polis gəldi ki, niyə burda durmusunuz. Fasilə edib, çay içirdik, özümüzü videoya çəkirdik. Birdən daha bir əsəbi xanım gəldi ki, mədəniyyət evinin direktoruyam, sizə kim izacə verib, sizi kim bura göndərib və s. İki saat mənasız və xoşagəlməz mübahisə davam edirdi. Xanım gəlib-gedirdi, indi görəcəksiniz nə edəcəm deyib qanımızı içirdi.
Axırda əsəbləşib, çıxıb-getdik Bakıya. Ruhdan düşməmişik, yolumuzu davam edəcəyik.
Mənə maraqlıdır, dövlət orqanları kitabdan niyə belə qorxurlar?
İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:
- Əgər məsələn, 30 il sonra ortaya çıxsa ki, Həmas liderlərindən bir neçəsi əslində İsrailə işləyib, mən şəxsən təəccüblənmərəm.
Oturub düşünürəm, baxıram, hesablayıram, bir anlam verə bilmirəm. Yəni niyə də niyə?
İsrailə hücum edib, musiqi festivalında 300 gənci vəhşiliklə öldürməyin, cəsədlərini alçaldıb gəzdirməyin, videoya çəkməyin adı nə idi? Bilmirdilər ki, İsrailin cavabı nə olacaq?
100 il əvvəl nə olub, kim neynəyib, onu qoyaq kənara, fakt İsrail Fəth hərəkatı ilə iki dövlət məsələsinə razılaşmışdı, 10 ildi ciddi qarşıdurma olmurdu. Fələstini dəstəkləyən dövlətlərin sayı artırdı.
Birdən-birə sivillərə qarşı belə vəhşi hücum kimə lazım idi? Nə qazandılar?
İsrailin indiyə kimi bu miqyasda hücumunu, şəxsən mən xatırlamıram. Son 10 ildə ciddi dəyişikliklər var idi özü də.
İsrail daxilində müxalif səslər güclənmişdi. Ordu faktiki ittiham olunurdu. Netanyahu laxlayırdı əməlli.
Son hücumda açıq şəkildə görünürdü ki, İsrailin Qəzza sərhədində ciddi hərbi gücü yox imiş. Gözləmirmişlər belə bir hücumu.
İndi İsrail Qəzzanı şumlayır. Səsini çıxardan yoxdu. Nə desinlər? Desinlər, niyə terrorçuları qırırsan? Orda 100 min adam da ölsə, İsrailin deməyə sözü olacaq ki, terroru bitirirəm ki, bir də evimə girməsinlər.
Qəzzada hal-hazırda insanlıq dramı yaşanır. Amma ediləcək heç nə yoxdu.
Heç nə. İsrailə heç bir ağlı başında güc, girmə, etmə deyə bilməz. İsrail, 1 həftə əvvəl, elə bir kart-blanş əldə etdi ki, bu dəqiqə Fələstini yer üzündən silsə, yenə də dünya gücləri səs çıxartmayacaq.
Və hələ də bu şəraiti yaradan Həmasın Fələstin xalqının maraqlarını qoruduğunu iddia edənlər var...
Asif Nərimanlı, jurnalist:
- 44 günlük müharibə bitəndən - 10 noyabr bəyanatı izmalanandan Azərbaycan cəmiyyəti iki hissəyə bölünmüşdü: qaliblər və məğlublar.
Xüsusilə Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini və Xankəndi, Xocalı, Xocavəndin adının açıqlanmaması əsas müzakirə mövzusu idi.
14 noyabr 2020-ci il tarixində "Əliyevin ağlasığımaz planı" adlı yazı yazmışdım. Xankəndinə, Xocalıya, Xocavəndə bayrağın sancıldığı gün həmin yazını ixtisarla yenidən paylaşıram:
lll
İlham Əliyevin ağlasığmaz planı: məğlublar və qaliblər olaraq haçalanmış cəmiyyəti düşündürən sualların cavablarını soyuq başla təhlil edərkən, baş verənlərə belə bir ad verə bilərik. Çünki Əliyev təkcə müharibəni yox, münaqişəni də qazandı, həm də 30 illik problemin müəllifinin - Rusiyanın əli ilə...
Sülhməramlılar niyə gəlməli idi sualına gəlməsəydi nə olardı sualı kontekstində cavab axtaraq:
- Müharibəni qazanacaqdıq, amma bitməyəcəkdi;
- Müharibənin bitməməsi azad olunan ərazilərə əhalinin qayıdışına mane olacaqdı;
- Ermənilər Paşinyanı devirəcək və Rusiyanın dəstəyi ilə yeni hücumlar edəcəkdi;
- Və ən əsası müharibə bitsə də, münaqişə davam edəcəkdi.
Bakı ordu ilə müharibəni qazandı, diplomatiya ilə münaqişəni bitirdi.
Niyə rus sülhməramlıları? Tarixi yaddaş fonunda cəmiyyətdə haqlı olaraq yaranan sualın cavabı bəlkə də İlham Əliyevin ağlasığmaz dediyimiz planının ən vacib detalıdır.
1. Rusiya bölgəyə girəcəkdi və biz onların düşmən tərəfindən deyil, bizim tərəfimizdən, bizim şərtlərimiz altına girməsini həyata keçirməklə neytrallaşdırdıq;
2. Sülhməramlıların ruslar olması Ermənistanın kapitulyasiyaya imza atmasını şərtləndirən əsas amildir;
3. Bundan sonra Rusiya Ermənistanı münaqişəni yenidən başlanması üçün silahlandırmayacaq (ən azı qarşıdakı illərdə bu baş verməyəcək);
4. "Azərbaycan ermənilərə qətliam törətdi" təxribatının qarşısı alındı (bu təxribata hazırlıq getdiyi dəqiqdir);
5. Və münaqişəyə müəllifinin əli ilə son qoyuldu, bu. ən mühüm məqamdır.
Bu, prosesin bir tərəfidir, görünməyən tərəfinə, Əliyevin böyük oyununa baxaq:
Birincisi, Rusiyanın əli ilə Minsk qrupunun digər iki üzvü - ABŞ və Fransa oyundan kənarlaşdırıldı;
- Fransanın prosesə müdaxiləsi bəyanatdan o tərəfə keçmir, çünki bölgədə sülhü təmin edən ruslardır.
- Başı seçkiyə qarışmış ABŞ da yalnız bəyanat verə bilir: Bayden demokratların ənənəvi siyasəti olan antitürkiyə və erməniyönümlü olaraq tanınır; müharibənin uzanması Bayden Amerikasının Ermənistan mövqeyindən müdaxiləsi riskini artırırdı; İlham Əliyev məhz Baydeni təbrik etdiyi gün münaqişəni həll etdi və bu, heç də təsadüfi deyil.
İkincisi, Rusiyanın özünü qalib hesab etməsinə şərait yaratdı; Moskvaya mesaj verildi: "Bəli, Rusiya bölgədə hakimdir, biz bunu qəbul edirik".
Bu, ABŞ və Fransanın oyundakənar buraxılması, Türkiyənin bölgəyə Azərbaycanın qarantı kimi daxil olmasını təmin etmək üçün incə, həm də tarixi gedişdir. Əliyev Türkiyəni bölgəyə gətirmək, münaqişənin region ölkələri tərəfindən həll etmək üçün Rusiyaya hakim olduğunu göstərdi: sağı göstərib solu vurmaq kimi... Rusiya Qarabağda "Pirr qələbəsi" qazandığını sülhməramlılar bölgəyə girəndə anladı.
Və bütün bunların fonunda Xankəndi, Xocalı və Xocavəndin adının açıqlanmaması da planın bir parçasıdır: Azərbaycan münaqişəni həll etdi; Dağlıq Qarabağa heç bir status vermədi; erməni qoşunları tamamilə çıxarılacaq; ermənilərə bizim vətəndaşımız kimi yaşamaq hüququ verilir və onlar üçün bu ərazilər ayrılır.
lll
Üç il sonra buna nail olduq. Siyasətdə üç il kiçik zaman kəsimidir.