Tarixin hər mərhələsində diqqət mərkəzində olan Yaxın Şərq. Əslində, heç bir dövlətə "uzaq" olmayan coğrafi region... Üç səmavi dinin meydana gəldiyi və dünyaya buradan sülhün, əmin-amanlıq çağırışlarının edildiyi, bir çox qədim mədəniyyətlərin yarandığı müqəddəs torpaqlar... Və bir də dünya dövlətlərinin "super güc" məqamına çatmasındakı gücü onlara qızıl məcməyidə, amma arxasında çox dərin savaşların aparılması ilə təqdim edildiyi məkan... Konfliktin daim var olduğu - fikri, siyasi, geosiyasi baxışların hər zaman toqquşduğu, yeraltı və yerüstü zənginliklərə malik, bununla belə, insanının bu qarşıdurmalar səbəbindən daim ağrı-acı içərisində yaşadığı dövlətlər. Ümumi mənzərəsi belədir Yaxın Şərqin. Aydınlaşdırılması mühüm olan məqamlarsa çoxdur bu regionla bağlı: Niyə üç səmavi din bu coğrafi regionda yaranıb?! Niyə bu coğrafiyaya hökm edən dövlətlər - zamanında Osmanlı, ondan əvvəl bir sıra dövlətlər, sonrasında İngiltərə və bu gün ABŞ dünyanın ən güclü dövlətlərinə çevrilmişlər?!. Dünyanın "super gücü" iddiasında olan Çinin bu coğrafiyaya marağının artması da regionun özündə ehtiva etdiyi və bizim görməkdə, anlamaqda çətinlik çəkdiyimiz amillərləmi bağlıdır?! Və bir də son mühüm məqam: Həmas-İsrail qarşıdurmasının yeni dünya düzəni ilə bağlılığı varmı?!
Dünyanın geosiyasi xəritəsinin koordinatları yenidən "cızılır" desək, yanılmarıq. XXI yüzilliklə birlikdə qarşılaşdığımız dünyamiqyaslı hadisələr bu yenidənqurmanın təzahürlərindən başqa bir şey deyil. 11 sentyabr 2001-ci ildə ABŞ-a qarşı törədilmiş dəhşətli terror aktından, sonrasında bu ölkənin işğalçılıq siyasətinə başlamasından tutmuş, dünyanı lərzəyə salan COVİD-19 pandemiyasına, Rusiya-Ukrayna müharibəsinə qədər uzanan proseslər, hətta Qarabağın və ətraf rayonların işğaldan azad edilərək Azərbaycanın ərazi bütövlüyünün bərqərar edilməsi böyük partlayışın - siyasət səhnəsindəki "Big bang"ın ("Böyük partlayış"ın, sıfırlamanın) reallaşması istiqamətindəki addımların ümumi məcmusu idi. Bütün bu proseslər fonunda dünyanın gözü daha bir regionda yenidən qızışan müharibə ocağına çevrilməsi də təsadüfi deyildi. Söhbət Həmasın İsrailə qəfil hücumu və bunun ardınca baş verən proseslərdən gedir. Bəs əsl həqiqətdə olan nədir, səhnə arxasında planlanan oyun nədən ibarətdir?!
Dünyada hər 30-40 ildən bir formatlanma aparıldığı, yeni dünya düzəninin bunu mütləq və mütləq şəkildə tələb etdiyi bir gerçəklikdir. Birinci Dünya müharibəsi, ardınca İkinci Dünya müharibəsi, sovetlərin dağılması və nəhayət, 2020-ci ildəki COVİD-19 pandemiyası və bunun az öncəsində və sonrasındakı şahidlik etdiyimiz hadisələr bu ssenariləşmiş düzənin daşlarının döşənməsi üçün gərəkli olan proseslər idi. Birinci Dünya müharibəsindən sonra Britaniya imperiyasının, İkinci Dünya müharibəsi ilə birlikdə ABŞ-ın SSRİ-ni qarşısına alaraq qurduğu yeni dünya düzəni ötən əsrin 90-cı illərində sovetlərin bir mərmi belə atılmadan tarix səhnəsindən silinməsinə (Böyük Sovet imperiyası bir mərmi belə atılmadan məhv edilirdi!) və dünyanın yeni bir mərhələyə - ABŞ-ın təkbaşına idarə etdiyi bir dövrə qədəm qoymasına gətirib çıxardı. Amma bu gün gəldiyimiz nöqtədə ABŞ-ın qurduğu, dünya "polisi" rolunu oynadığı düzənə qarşı etiraz edənlər də özünü göstərirdi. Bununla da dünyada dərin güclərin, özünü dövlətüstü hesab edən super ailələrin mövcud dünya düzəninə etirazı səbəbindən ABŞ-a qarşı yeni bir güclü dövlət hazırlanmasına və həmin dövlət üzərindən dünyanın idarəsinin ələ keçirilmə cəhdlərinə şahidlik edirdik. Bu güclü dövlət isə səhnə önündə Çin, pərdə arxasında isə İngiltərə mərkəzli dərin güclərin, böyük ağlın idarə etdiyi bir dövlət modeli olaraq ortaya sürülmək istənilir.
Böyük ağlın Çin vasitəsilə yeni dünya düzənində həyata keçirmək istədiyi addımlar, xüsusilə də Şərqdən Qərbə uzanan və müasir İpək yolu adlandıra biləcəyimiz iqtisadi-ticari marşrutun - "Bir qurşaq, bir yol - Müasir İpək yolu" layihəsinin yenidən reallaşdırılması üçün işlərin görülməsi, əslində, dünyada ABŞ-ın təkqütblü dünya düzəninə ən böyük meydanoxumanın başladığının elanı idi. Bu addımlar fonunda Çin hər keçən gün daha da güclənir, artıq bir çox sahələrdə ABŞ-ı geridə qoymağı bacarırdı. Çini irəli sürüb, onu idarə edən güclərin "super gücə" çevrilmək iddiasındakı son məqsədləri isə Yaxın Şərqdə hakimiyyəti ələ keçirməklə Birləşmiş Ştatlara ən həlledici zərbənin endirilməsindən ibarət idi. Çünki tarix heç bir dövrdə, xüsusilə də, son 100-150 illik mərhələdə Yaxın Şərqə sahiblik etməyən dövlətlərin dünyanın "super gücünə" çevrilməsinə şahidlik etməmişdi.
Çinin Yaxın Şərqdə həyata keçirmək istədiyi və bu regiona öz nüfuzunu qoymaq haqda düşündüyü son illərdə açıqdan-açığa özünü büruzə verməsi isə bugünkü Həmas-İsrail arasında baş verən, səhnə arxasında isə böyük güclərin toqquşmasından başqa bir şey olmayan proseslərin meydana çıxmasını, bir növ, şərtləndirirdi. ABŞ-ın illər boyu bu coğrafiyadakı ölkələri bir-biri ilə qarşı-qarşıya qoymaq və eyni zamanda terror təşkilatları üzərindən idarəetmə metodunun əksinə olaraq Çin və onun arxasındakı güclər regiondakı düşmən və küsülü ölkələri barışdırmaq siyasəti həyata keçirməyi məqsədə çatmaq üçün ən uyğun yol hesab edirdi. Uzun illər boyunca aralarında çox böyük problemlərin yaşandığı İran-Səudiyyə Ərəbistan münasibətlərinin Çinin vasitəsilə yenidən normallaşdırılması da bu ölkənin bölgədə həyata keçirmək istədiyi əsas siyasi xəttin ən yaxşı nümunəsi idi.
Çini dünyanın super gücünə çevirmək addımlarını görən ABŞ isə, əslində, COVİD-19 pandemiyası ilə birlikdə bu ölkəyə, reallıqda isə Çini dünyanın "super gücünə" çevirməyi arzulayan güclərə qarşı müharibəsini başlatmış, ardınca Rusiya-Ukrayna müharibəsi ilə Çin və Avropa-İngiltərə marşrutunun ən uyğun istiqaməti olan Rusiya-Ukrayna "körpüsünü" dağıtmaqla İpək yolunun reallaşmasına ən böyük zərbəni endirmişdi. ABŞ-ın bu gün bizim müşahidə etdiyimiz Yaxın Şərqdəki Həmas-İsrail müharibəsi vasitəsilə Çinə və onun arxasındakı gücə gərəkli zərbəni vurmaq cəhdlərini isə yeni dünya düzənində final mərhələsinə qədəm qoymuşuq şəklində qiymətləndirə bilərik. Bu səbəbdəndir ki, ABŞ özünün ən güclü donanma güclərini bölgəyə göndərir, nüvə başlıqlı dənizaltılarını da sahədə nümayiş etdirməklə öz məqsədini ən güclü şəkildə dünyaya elan edirdi.
Beləliklə, dünya qurulmaq istənilən yeni dünya düzəninin qədəm qoyulduğu son mərhələsində ABŞ Həmas-İsrail müharibəsi ilə bölgədə Çinin vasitəsilə qurulmaq istənilən dostluq və sülh mühitinə zərbə vurur, eyni zamanda konfliktlərlə, əsrlər boyu imperiya siyasətinin məğzini təşkil edən "parçala, hökmranlıq et!" siyasətini davam etdirməklə Yaxın Şərqdə öz nüfuzunu mühafizə edə bilirdi. İndi isə qarşı tərəfin ABŞ-ın bu gedişlərinə hansı addımlarla cavab verəcəyini də gözləməliyik. Ya Çini önə verib pərdə arxasında dünyanın idarəsini ələ almağa çalışan güclər ABŞ-la razılaşacaq, onun üstünlüyünü qəbul edəcək, yaxud da yeni və daha güclü addımlar atmaqla özlərini göstərəcəklər. İkinci ehtimalı daha gözlənilən olduğunu deməyə əsas verən hadisələr də yaşanır. Bu isə Yaxın Şərqdə sülhün bu gün üçün hələ də "uzaq" olduğunu deməyə əsas verir.
P.S. Bu, bir həqiqətdir ki, dünya tarix boyu böyük güclərin müharibə meydanı olub. Bizim qarşılaşdığımız və məruz qaldığımız bütün hadisələr isə, əslində, bu tarixi həqiqətin müxtəlif təzahürləridir və bu təzahürlər içərisində çox ağır, amma real olan məqamsa insanların məruz qaldığı faciələrdir. Yaxın Şərqdə illərdir, yaşananlar da bu acı gerçəklikdən başqa bir şey deyil. Təəssüf, dünya gücləri dünyanı bölüşdürmək, mümkünsə, idarəsini ələ keçirmək üçün insanları qırğına verir. Fələstindəki günahsız və bu oyunlardan bixəbər insanların ölümlərini də bu minvalda qiymətləndirmək gerçəkliyin ifadəsidir.