|
|
|
|
2023-cü ilin bitməsinə təxminən ayyarım vaxt qalıb. Bu ilin mədəniyyət xronikası öncəki illərdəkindən fərqlənir. Təbii ki, hər hansı radikal dəyişikliyi, yaxud da gözqamaşdıran inkişafı nəzərdə tutmuruq, ancaq qığılcımların da haqqını verməliyik. Mədəniyyət Nazirliyinin ilboyu təşkil etdiyi müxtəlif forum və tədbirlər ümidvericidir. Bu tədbirlər sırasında artıq on dördüncü dəfə keçirilən, Azərbaycanın ən uzunömürlü kino festivalı olan Bakı Beynəlxalq Qısa Filmlər Festivalının da adını qeyd edə bilərik. İllərdir ki, sözügedən festivalın komandasında yer alıram. Bu səbəbdən dolayısı ilə festival haqqında yazacağım xoş sözlərin obyektivliyindən şübhə edə biləcəyinizi nəzərə alaraq yalnız bir müşahidəçi kimi gördüklərimi sizə danışacağam. Çünki altı gün davam edən tədbir boyunca xeyli maraqlı məqamlara şahid olmuşam.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Mədəniyyət Nazirliyi və Kino Agentliyidir. Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, "Asiya istedadları" və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.
Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, "Asiya istedadları"nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan "Qızıl Nar" uğrunda mübarizəyə qoşulub. Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı - BAFTA namizədlərinin xüsusi nümayişi keçirilib. Həmin filmlərdən biri olan "Baziqaqa"nın rejissoru Jo Moys təqdimatda iştirak edərək tamaşaçıların suallarını cavablandırıb.
"Dili bizim"də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunub. "Panorama"da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim edilib.
Bütün bu filmləri Azərbaycan tamaşaçısı pulsuz şəkildə izləyib. Altı gün boyunca demək olar ki, zallarda boş yer tapmaq mümkün deyildi.
Gələnlərin çoxu da həqiqətən kinosevərlər idi. Zaur əmi də o adamlardan biridir. Deməli, festivalın açılış mərasimində tanımadığım bir kişi yaxınlaşıb bildirdi ki, mərasimə dəvət olunmasa da, iştirak etmək istəyir. Çünki filmləri çox sevir. Nədənsə bu adamın səmimiyyətinə inandım və növbəti günlərdə inancımda yanılmadığımı gördüm. O, hər gün filmlərə gəlir, sona qədər oturur, maraqlı fikirlər söyləyirdi. Nəhayət, ayaqüstü də olsa, onunla söhbətləşə bildim. Öyrəndim ki, Zaur əmi ixtisasca baytardır. Hələ gəncliyindən filmləri çox sevir: "Hər gün qəzet oxuyuram, ən çox da yeni kinolar haqqında yazılan məlumatları. Daha sonra şəhərdə nümayiş olunan filmləri axtarıb tapıram. Bu festivalı da bir elanda görmüşdüm. Bilirsən, mən nə qədər filmə baxmışam? Heyif ki, indi qulağım ağır eşidir. Amma bu mənə əngəl deyil. Burdan çıxandan sonra da başqa bir filmə baxmağa gedəcəyəm" - deyib yaşı ilə uzlaşmayan bir cəldliklə qapıya sarı addımlayır. Xahiş edirəm, şəkil çəkdirək. Əvvəlcə etiraz edir ki, evdəkilərin xoşuna gəlməz. Yəqin ehtiyat edir ki, birdən nəsə lağlağı məqsədilə şəkil çəkdirərəm. Sonradan isə razılaşır. Ümidvaram, Zaur əmi "525-ci qəzet"i də oxuyur. Əgər oxuyursa, burdan ona demək istəyirəm ki, nə yaxşı sizin kimi sənətsevərlər var. Sizin kimi adamların sayı az olsa da, varlığınızla sənətkarlara güc verirsiniz.
Təəssüf ki, Zaur əminin gözlərində gördüyüm marağı bəzi rejissorlarımızın davranışında görmədim. Ümumiyyətlə, bu, festival boyunca məni narahat edən əsas məqamlardan idi. Gənc rejissorlarımız çox vaxt ancaq öz filmlərinə baxır, bir-birinin filmi ilə maraqlanmırdılar. Situasiyanı belə təsvir edim. Deməli, öz filminin nümayiş saatında gəlir, təbii ki, dost-tanışı ilə birgə çöldə gözləyir, sonra da filmə baxıb gedirlər. Halbuki festivalın əsas üstünlüklərindən biri həmkarların işləri ilə tanışlıq, kimin nə çəkdiyindən xəbərdar olmaqdır. Bilmirəm, bu, yaradıcı eqodur, yoxsa başqa nəsə. İstənilən halda xoş mənzərə deyil. Məni narahat edən digər bir məsələ film müzakirələrində tamaşaçıların səsləndirdiyi absurd fikirlər idi. Bu fikirləri eşidəndə bir daha anlayırsan ki, getməli olduğumuz yol hələ çox uzundur. Bir nümunə deyim. Rejissor Orxan Adıgözəlovun məşhur animatorçu Elçin Hami Axundov haqqında çəkdiyi filmin müzakirəsində zaldakıların çoxu gördükləri kadrlara etiraz etdilər. Arqument də bu idi ki, kaş rejissor məşhur animatorçunu araq içdiyi yerdə göstərməzdi, sən demə, bu, sənətkar obrazını ləkələyir. Bu fikirlərə həm təəccübləndim, həm də təəssüfləndim. Təəccübləndim ona görə ki, bunu deyənlər içərisində sənəti anladığını zənn etdiyim adamlar da vardı. Təəssüfləndim ona görə ki, bizim tamaşaçıların kinoya yanaşmasında ötən əsrin ideologiyası hələ də hakimdir. Onların təsəvvürünə görə, böyük adam hesab etdikləri kəslər ancaq ütülü köynəkdə, boynunda qalstuk masa arxasında olmalıdır. Peşəkar nədir, araq nədir? Mən əminəm ki, belə düşünən adamlar müəllimin çörək yeyib, su içdiyini də hələ qəbul edə bilmirlər.
Əgər qəhrəman real şəxsiyyətdirsə, kimliyindən asılı olmayaraq real mənzərəni də görməliyik. Kinoya tək təbliğat maşını kimi baxmaq, rejissordan da yalnız görmək istədiklərimizi istəmək bizi həqiqətdən çox uzaq salır. Özü də təkcə həqiqətdən yox, elə inkişafdan da.
Festivalda xarici ölkələrdən gələn kino nümayəndələri də vardı. Onlarla xeyli söhbət etmək imkanım oldu. Bakının gözəlliyi, memarlığı, zəngin mədəniyyətimiz haqqında xoş sözlər eşitdim. Ən çox da musiqilərimizdən xəbərdar idilər. Təəssüf ki, kinomuz haqqında eyni sözü deyə bilməyəcəm. Tanıdığım əcnəbi sənətçilərlə söhbətimdən sonra bir daha əmin oldum ki, Azərbaycanın musiqisi və rəssamlığı haqqında dediyimiz gözəl sözlər, apardığımız müqayisələr boşuna deyil. Xüsusilə də, iyirminci əsrə dair hər iki sənət sahəsi haqqında danışacaq çox sözümüz var.
Gələk qaliblərə. Festivalın qaliblərinə "Qızıl nar" mükafatı təqdim olundu. Müxtəlif nominasiyalar üzrə yarışan filmlərin içərisində xeyli maraqlı işlər vardı. Mənim ən çox xoşuma gələn işlərdən biri "Ən yaxşı bədii film" nominasiyasında qalib olan Səməd Ağayevin "Salam, İsa" filmi oldu. Rejissor bu filmi Ramiz Rövşənin "Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən" misralarından təsirlənərək çəkib. Özü də elə təsirlənib ki, filmi çəkmək üçün bankdan kredit götürüb. Daha bilmədim, krediti ödəyə bilib, yoxsa yox, ancaq bildiyim bir şey var ki, belə şərtlərlə nəsə etməyə çalışan Səməd Ağayev kimi xeyli rejissorlarımız var. Neçəsini elə festivalda tanıdım. Məsələn, "Ən yaxşı tələbə filmi" nominasiyasında "Pianist" filmi ilə qalib olan Məmmədəmin Əlizadə kinonu tələbə təqaüdü ilə çəkib. Film haqqında Məmmədəmindən soruşanda vurğuladı ki, bu işi görmək heç də asan olmayıb.
"Ssenarini çox bəyənirdim. Qərara gəldim ki, bu ssenari əsasında film çəkim. Ancaq istər aktyorların qonorarı üçün, istərsə də texniki avadanlıqlara pul lazım idi. Birinci kursdan təqaüdümü yığırdım. Təxminən, 1700-1800 manat yığa bilmişdim. Yığdığım pulu filmə xərclədim. Aktyorlar dostlarımdır, çox cüzi miqdarda pul alıblar. Heç peşəkar aktyor da deyillər, biri model, biri stüardessadır. Çəkiliş məkanı olaraq da birgünlük dostumun ucuz qiymətə studiyasını icarəyə götürdüm. Film təxminən, 2000 manata başa gəldi, ilk göndərdiyim festivalda da uğur qazandı", - deyə gənc rejissor bildirdi.
Bəli, film çəkmək rəsm çəkmək deyil ki, bir kətan, bir fırça ilə məsələ həll olsun. Kino aktyor heyətindən, işıqçısına, texniki avadanlığından bəstəkarına qədər maliyyə tələb edir. Sənət dəyərini bir tərəfə qoysaq, maddi olaraq filmin özünü doğrultması, ən azından qoyduğun pulu götürmək indiki durumda bizim üçün o qədər də real görünmür. İstisnasız olaraq rejissora dəstək lazımdır. Bu dəstəyi yalnız dövlətdən ummaq da çıxış yolu deyil. İşlək mexanizm qurulmadığı müddətcə kino sənayesinin inkişafı ağlabatan görünmür. İstənilən halda hardansa başlamaq labüddür. Kinonu tələbə təqaüdünün ümidinə buraxmaq olmaz axı.