Cengiz Dağçı XX yüzilliyin böyük Krım-tatar yazıçısı və Krım təəssübkeşidir desəm, yəqin ki, yanılmaram. 1919-cu ildə Krımda, Qurzuf yaxınlığındakı Qızıldaş (indiki adı Krasnokamenka) kəndində doğuldu. 92 yaşında 65 ildən bəri yaşadığı Londonda vəfat etdi. Yarım əsrdən çox sürən yaradıcılığı boyunca roman, hekayə və xatirələrində Krımdan, Krım türkünün dərdindən, ağrısından, gələcəklə bağlı ümid və arzularından danışdı. Məmləkətinin əzablı tarixindən və insanlarından söz açdı. Gözəlliklərini vəsf etdi. Londonda Krımsız yaşamadı, yaşaya bilmədi. Özünün də dediyi kimi: "Əlli il ərzində yaradıcılığımın əsas mövzusu Krım olub. Heç bir tatar Krımsız yaşaya bilməz. Onların mövcudluğunun kökü bu torpaqlardadır". Təsadüfi deyil ki, Krım haqda məşhur romanı da belə adlanırdı: "O torpaqlar bizimdir". Həyatı boyunca heç vaxt Türkiyədə olmasa da, əsərlərini "anasından öyrəndiyi dil" dediyi Anadolu türkcəsində yazdı. Dili və milli mənsubiyyəti məsələsinə aydınlıq gətirərkən özünü "əsərlərini türkcə yazan Krım-tatar yazıçısı" adlandırmışdı.
Uşaqlıq illəri doğulduğu kənddə keçmiş, ilk təhsilini də burada almışdı. 1937-ci ildə Simferopol (Ağməscid) Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdu. 1940-cı ilin dekabrında ordu sıralarına çağırılmışdı. Altı aylıq tankçılar məktəbini bitirdikdən sonra sovet-alman müharibəsini Ukraynada qarşılamışdı. Amma döyüşən ordudakı xidməti uzun sürməmişdi. Müharibənin üçüncü ayında, 1941-ci ilin avqustunda yaralanaraq düşmən əlinə düşmüşdü. Ukraynadakı Kirovqrad və Uman hərbi əsir düşərgələrində saxlanmış, əsirlik həyatının bütün zillətlərini yaşamışdı.
Hitler Almaniyasının Şərq nazirliyi hərbi əsirlərdən milli mənsubiyyətlərinə görə legionlar təşkil etməyə başlayanda sovetlərə xüsusi rəğbəti ilə seçilməyən Cengiz Dağçı da legionerlər sırasında yer almışdı. Natamam ali təhsili olduğuna görə onu kiçik zabit kurslarına oxumağa göndərmişdilər. Məktəbi oberştrumfürer (baş leytenant) rütbəsi ilə bitirib müharibənin sonuna qədər Krım legionunda xidmət etmişdi. Hətta 1942-ci ilin sentyabrında alman ordusunun zabiti kimi faşistlərin nəzarətində olan vətəni Krıma məzuniyyətə gəlmişdi. Burada yaxınları və doğmaları ilə görüşmüşdü.
Türküstanlı legionerlər Polşada, Varşavanın 22 kilometrliyindəki Legionovo qəsəbəsində xidmət keçirdilər. Onların azərbaycanlı tale qardaşlarının bir hissəsi də həmin qəsəbədə idi. Polşada səfir kimi çalışdığım dövrdə soydaşlarımızın izini tapmaq üçün bir neçə dəfə bu qəsəbədə olmuşdum. Amma keçmiş əsir baraklarından əsər-əlamət də qalmamışdı. Maraqlıdır ki, yerin adı da funksiyasına uyğun gəlirdi.
Burada tanış olduğu Regina Kletska adlı ixtisasca tibb bacısı olan gənc polyak qız krımlı legionerin həyatının kökündən dəyişdirmişdi. İlk vaxtlar onları daha çox ədəbiyyata, xüsusən də rus yazıçılarının yaradıcılığına ümumi maraq birləşdirirdi. Zaman keçdikcə münasibətləri daha ciddi xarakter almağa başlamışdı. Cengiz Dağçı Reginanın əlaqələri sayəsində Polşanın şərqindəki Çenstaxova şəhərinə keçib D.Suvarski adı ilə almanlara qarşı vuruşan Armiya Krayovanın sıralarına yazılmışdı. Sonra Frankfurtda yerləşən Tatar Milli Komitəsində çalışmalı olmuşdu. Bir müddət Türküstan legionerlərinin Berlində çıxan "Yaş Türküstan" ("Gənc Türküstan") qəzetinin redaksiyasında işləmişdi. Sovet ordusu hissələrinin Berlin üzərinə hücumlarının intensivləşdiyi 1944-cü ilin sonunda neytral İsveçrəyə keçməyə cəhd göstərsə də, məqsədinə nail ola bilməmişdi.
1945-ci ilin iyununda Avstriyanın amerikalıların nəzarətində olan Landesk müharibə qaçqınları düşərgəsində Regina Kleska ilə evləndilər və həyatlarının sonrakı 53 ilini birlikdə keçirdilər. Amerikan nəzarət zonasına düşməsi, üstəlik də, Armiya Krayova ilə əlaqələri Cengiz Dağçını dəhşətlərinə görə alman konslagerlərindən geri qalmayan sovet ölüm düşərgələrində izsiz-soraqsız məhv olmaqdan xilas etdi. Bir müddət İtaliya və Şotlandiyakı müharibə qaçqınları sığınacaqlarında qaldıqdan sonra xanımı və yeni doğulmuş qızı ilə 1946-cı ilin sonlarında Londonda yerləşdi.
Dumanlı Albion xilas yolu axtaran gənc ailəni o qədər də xoş qarşılamamışdı. Hər yerdə olduğu kimi müharibədən sonrakı Londonda da yaşam şərtləri son dərəcə ağır, dözülməz idi. Odur ki, əcnəbi dil bilməyən, dost-tanışı, peşəsi və sənəti olmayan Cengiz Dağçı Britaniyanı tərk edib dili dilindən, dini dinindən olan, hər cəhətdən özünə yaxın və doğma saydığı Türkiyəyə köçməyi qərara almışdı.
Amma niyyəti baş tutmamışdı. Türkiyədə qohumları, yaxud yaşaya biləcəyi bəlli bir ünvan olmadığından konsulluq viza istəyini rədd etmişdi. Əvəzində xeyirxah səfirlik əməkdaşı ona tanış restoran sahibinin telefon nömrəsini vermiş, etibarlılığına zamin durmuşdu. Beləcə, gələcəyin görkəmli yazıçısı kiçik London restoranlarından birində qabyuyan kimi işə başlamış, ofisiant olmuşdu. Bir neçə ildən sonra Londonun Fulhem səmtində aldığı kiçik ikimərtəbəli evin alt qatında xanımı ilə birlikdə "Anabel" adlı ailə restoranını açmış və uğur qazana bilmişdi.
Həyatının son illərini məşhur "Uimbldon" stadionunun yaxınlığında, Southfielddə yaşayırdı. 2011-ci il sentyabrın 22-də burada vəfat etmişdi. Cənazə namazı Londonun Süleymaniyyə camisində qılındıqdan sonra şəhərin qələbəlik türk icmasının iştirakı ilə Hakni adlanan məzarlıqda toprağa tapşırılmışdı.
Qızı Arzu-Ursula atasının doğulduğu Qızıldaşkəndində dəfn olunması ilə bağlı vəsiyyətinə həssaslıqla yanaşmış, son arzusunun yerinə yetirilməsi üçün Böyük Britaniyadakı Türkiyə səfirliyinə müraciət etmişdi. Türkiyə hökumətinin də işə qarışması (yazıçının ölümü münasibəti ilə TC cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ailəsinə xüsusi məktub ünvanlamışdı) nəticəsində tezliklə məsələ müsbət həllini tapmışdı. 2012-ci il oktyabrın 1-də Cengiz Dağçının Türk Hava Yollarının xüsusi reysi ilə gətirilən cənazəsi ruspərəst qüvvələrin etirazlarına baxmayaraq, böyük təntənə ilə Qızıldaş kənd qəbiristanlığında dəfn edilmişdi. Dəfn mərasimində TC-nin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Ertoğrul Günay, Mustafa Cəmilov başda olmaqla Krım-tatar Məclisinin nümayəndələri iştirak etmişdilər. Cənazə namazını Türkiyə Diyanət İşləri Vəqfinin başqanı Mehmet Görməz qılmışdı. Türkiyədəki Krım Dərnəkləri Federasiyası və Kocaeli Krım Tatarları Dərnəyinin yardımı ilə yazıçının məzarı üzərində başdaşı ucaldılmışdı.
Cengiz Dağçı yaradıcılığa 1930-cu illərin ortalarında şeirlə başlamışdı. "Danışın, divarlar", "Dağlar", "Sevimli Yalta", "Duman" kimi ilk şeirləri Krım-tatar Yazıçılar İttifaqının orqanı "Yaş kuvvet" ("Gənc qüvvə") jurnalında dərc olunmuşdu. Türk ədəbiyyatına və Krım tarixinə marağı da həmin dövrə təsadüf etmişdi. Hətta Krım xanlarının - Gireylər sülaləsinin tarixini yazmaq fikrinə düşmüşdü. Maraqlıdır ki, şeir yaradıcılığında bolşevik quruluşunun, sovet həyatının tərənnümçüsü kimi çıxış etməmişdi. Xalqının tarixi keçmişi ilə bağlı poetik hisslərin ifadəsinə və təbiət lirikasına üstünlük vermişdi. "Xatirələrdə Cengiz Dağçı. Öz qələmindən" adlı memuarlarında yazdığına görə, Krım Yazıçılar İttifaqındakı sayıq tənqidçilər əsərlərinin ruhundan müəllifin yeni quruluşa və cəmiyyətə yad olması qənaətinə gəlmişdilər.
İlk iri həcmli nəsr əsərini müharibə illərində, Krım legionunda xidmət etdiyi dövrdə yazmışdı. Bu, "Qorxunc illər" romanının qaralama variantı olan "Sadıq Turanın xatirələri" adlı yarımbədii memuarlar idi. Müəllif onu ana dilində, Krım-tatar türkcəsində qələmə almışdı. Lakin Londonda, özünü həmişəlik ədəbiyyata həsr etmək qərarına gələndə azsaylı Krım tatarlarının dilində yazılmış əsərlərlə böyük auditoriyaya yol tapa bilməyəcəyini düşünmüşdü. Bundan əvvəl rusca bir pyes yazsa da, əvvəla uğur qazana bilmədiyindən, digər tərəfdən isə rus yazıçısı kimi tanınmaq istəmədiyindən Anadolu türkcəsini seçmişdi. Xatirələrini avtobioqrafik romana çevirib bacardığı şəkildə kitablardan öyrəndiyi Türkiyə türkcəsinə uyğunlaşdırmağa çalışmışdı. Daha öncə Türkiyənin "Varlıq" yayım evi ilə müəyyən əlaqələr yaratdığından (göndərdiyi hekayə çap edilməsə də, müəllifə əməkdaşlıq təklifi gəlmişdi) "Qorxunc illər" adlandırdığı ilk iri həcmli nəsr əsərini həmin nəşriyyata təqdim etmişdi. Türk yazıçısı, hekayə ustası kimi tanınan Ziya Osman Saba (1910-1957) romanın dili üzərində əsaslı redaktə işi aparandan sonra 1956-cı ildə oxuculara təqdim olunmuşdu.
Əsər Türkiyədə böyük uğur qazanmış, Cengiz Dağçının şəxsiyyətinə və bədii yaradıcılığına marağı artırmışdı. "Qorxunc illər" türk kinemotoqrafiyasının da diqqətini çəkmişdi. 2014-cü ildə rejissor Burak Arlıel romanın motivləri əsasında baş rolda Murad Yıldırımın oynadığı "Krımlı" bədii filmini çəkmişdi.
Türkiyədə yetərincə populyar olan yazıçı həyat həqiqətini sərtliyi və gerçəkliyi ilə əks etdirən əsərlərinə görə 1993-cü ildə İLESAM (İlim ve Edebiyat Sahibleri Meslek Birliği), 1998-ci ildə isə ESKADER (Edebiyat, Senet ve Kültür Araştırmaları Derneği) vakfları, habelə Türk Ocaqları tərəfindən təsis olunmuş mükafatlara layiq görülmüşdü. Vəfatından bir neçə ay öncə Mərmərə universitetinin Türkiyat İnstitutu "Türk dünyasında zirvə şəxsiyyətlər: Cengiz Dağçı" adlı böyük simpozium keçirmişdi.
"Qorxunc illər"in ardınca Cengiz Dağçı "Varlıq" nəşriyyatında ilk romanının davamı kimi düşünülmüş "Yurdunu itirən adam" (1957) əsərini çap etdirmişdi. Tanınmış türk tənqidçisi Əhməd Kabaklı dövrün türk ədəbi-bədii fikrində yeni söz, yeni nəfəs kimi qarşılanan romanların qüsur və məziyyətlərindən bəhs edərək yazmışdı: "Ədəbiyyata bəlkə də hazırlıqsız gələn bu Krım türkünün ilk romanlarının üslub baxımından çox səlis olmadığı, türkcəmizdən məharətlə istifadə edə bilmədiyi, sətirləri arasında mahir yazıçı qələminə xas olmayan ifadələrə təsadüf edildiyi söylənə bilər. Amma nəzərə çarpan əskiklər yaşananları, min bir faciə ilə dolu cəhənnəm həyatını bütün dəhşətləri ilə açıb göstərən əsərlərinin dəyərini azalda bilməz".
Sonrakı illərdə əsasən "Ötükən" nəşriyyatı ilə əməkdaşlıq edən yazıçının biri-birinin ardınca "Onlar da insandı" (1958), "Ölüm və qorxu günləri" (1962), "O torpaqlar bizimdir" (1966), "Dönüş" (1968), "Gənc Temuçin" (1969), "Badam budağından asılan körpələr" (1970), "Üşüyən küçə" (1972), "Anama məktublar" (1988), "Mənim kimi biri" (1988), "Biz bərabər keçdik bu yolu" (1996), "London məktubları" (1996) və başqa kitabları çap olunmuşdu. 1988-1993-cü illər arasında "Yaddaşdakılar" adlı dördcildlik düşüncə və xatirələri, 2000-ci ildə xanımına həsr etdiyi "Reqina" romanı işıq üzü görmüşdü. Cengiz Dağçı yaradıcılığını XX əsr Krım-tatar həyatının saf güzgüsü adlandıran krımlı ədəbiyyatşünas, professor Adilə Əmirovanın etirafına görə, müəllifin 1998-ci ildə çap olunan "Xatirələrdə Cengiz Dağçı. Öz qələmindən" adlı kitabı "Avropa miqyaslı yazıçının" ömür yolunu işıqlandırmaqla yanaşı, milli-mədəni düşüncə tarixində "Dağçı fenomenini" siqlət və genişliyi ilə başa düşməyə imkan yaradır.
Cengiz Dağçı müsahibələrinin birində demişdi ki, "Mən yeganə Krım yazıçısı deyiləm, amma Krımın üzləşdiyi faciələri bütün gerçəkliyi və dərinliyi ilə yalnız mən yaza bilərdim". Yazıçının "Qorxunc illər" romanı bu iddianın həqiqiliyinə ən yaxşı dəlil ola bilər. Əsərdə müəllif öz ömür yolu əsasında Krım tatarlarının kollektivləşmə və müharibə dövründə məruz qaldıqları məhrumiyyət və zülmlərdən bəhs edir. Baş qəhrəman, sovet ordusunun tankçı leytenantı Sadıq Turanın prototipi yazıçının özü idi. Onun simasında bədii əsərə xas prinsiplər əsasında sözlə avtoportretini yaratmışdı. Eyni zamanda Sadıq Turan Krım gəncliyinin, daha geniş mənada isə keçmiş Sovet İttifaqının türk-tatar gənclərinin ümumiləşdirilmiş obrazı idi. Yeri gəlmişkən qeyd edim ki, bu əsərin mənim Azərbaycan türkcəsinə uyğunlaşdırmamda tezliklə nəşriyyatlarımızın birində çap olunması nəzərdə tutulur.
Romanın adındakı "qorxunc" epiteti yalnız faşist həbs düşərgəsində deyil, tam əsasla inqilab və kollektivləşmə illərində Sovet İttifaqında yaşananlara da aid edilə bilər. Hər iki halda təqiblərə, ədalətsizlik və məhrumiyyətlərə məruz qalan, milli varlığı tapdanan, heç bir məsələdə sözü, fikri nəzərə alınmayan Krım tatarı idi. Müəllif daha yaxşı bələd olduğu xalqının timsalında keçmiş sovet imperiyasında milli azlıqların üzləşdikləri dəhşətlərin inandırıcı mənzərəsini yaratmışdı. Faşist işğalı bolşevik işğalının davamı kimi təsvir olunmuşdu. Sadəcə Krım türklərinə münasibətdə bolşeviklərin guya dinc quruculuq dövrü sayılan 20-30-cu illərdə həyata keçirdikləri məhvetmə kampaniyasını müharibə illərində davam etdirmişdilər.
Taleyin hökmü ilə tarixi vətənindən kənarda yazıb-yaratmaq məcburiyyətində qalan şair və yazıçılar az olmamışdı. Amma mübaliğəsiz demək olar ki, onların içində Cengiz Dağçı qədər ana yurda bağlı olan, xalqının çətinliklərinə, problemlərinə şərik çıxan ikinci bir sənətkar tapmaq çətindir. O, cismən Londonda yaşasa da, qəlbi, ruhu, varlığı ilə həmişə Krıma, onun keçmişinə və indisinə, başı bəlalar çəkən soydaşlarının acınacaqlı taleyinə bağlı idi. Öz həyatını onlardan kənarda təsəvvür etmirdi.
Müharibədə Stalin istibdadının hədəfinə gələn, böyük ədalətsizliklə üzləşən xalqlardan biri də Krım türkləri olmuşdu. Onlara edilən zülmlər hətta Şimal Qafqaz xalqlarına göstərilən təzyiqi də üstələmişdi. 1944-cü ilin mayında yarımadanın on minlərlə türk-tatar əsilli sakini 72 saatın içərisində yüz illər boyu yaşadıqları ata-baba yurdlarından Qazaxıstan və Özbəkistanın insan ayağı dəyməmiş səhralarına köçürülmüşdü. Hər ailəyə evini, yurdunu tərk etmək üçün sadəcə 10-15 dəqiqə vaxt verilirdi. Aradan yalnız yarım əsrə yaxın vaxt keçəndən sonra Krım tatarlarının sözdə, sadəcə kağız üzərində (1991-ci ildə İsmayıl Qaspralının 150 illik yubileyində iştirak etmək üçün Krımda olanda geri dönənlərin acınacaqlı vəziyyətini, daxmalarının barbarcasına uçurulmasını öz gözümlə görmüşdüm - V.Q.) vətənlərinə qayıtmasına izn verilmişdi. Geri dönənlərə elementar həyat şərtlərinin yaradılması, təhlükəsizliklərinin təmin edilməsi üçün heç bir iş görülməmişdi.
Amma tatarlar heç nəyə baxmadan Özbəkistandan, Qazaxıstandan, Sibirdən, hətta Mərkəzi Rusiyadan tarixi vətənlərinə qayıdırdılar. Cengiz Dağçı mənsub olduğun xalqın saysız-hesabsız təzyiq və haqsızlıqlara məruz qalmasına rəğmən, milli simasını qorumasından, tarixini yaşatmasından, mübarizə əzmini itirməməsindən fəxrlə söz açırdı: "Krım tatarları saylarının azlığına, üz-üzə gəldikləri güclərin qəddarlığına baxmayaraq, ayaqda qalmağı bacardılar. Əlli illik sürgündən Vətəninə qayıdan soydaşlarım bütün dünyaya göstərdilər ki, Krım tatarsız qala bilmədiyi kimi tatarlar da Krımsız yaşaya bilməzlər. Artıq Qızıldaşdakı Gəlinqaya zirvəsi, Soyuqsu çayının sahilləri, Ayı Dağının yamacları tənha deyildir. Doğrudur, mən orada deyildim, amma soydaşlarım səsimə, sözümə, fikrimə hər zaman olduğundan daha çox ehtiyac hiss edirdilər. Əslində onlar heç zaman mənsiz qalmamışdılar".
Tarixi vətənə qayıdışı hazırlayanlar, xalqı həyatının və taleyinin böyük dəyişikliyinə səfərbər edənlər sırasında heç şübhəsiz, Cengiz Dağçı da vardı. Krım tatarlarının yurda məşəqqətli qayıdışını, üzləşdikləri saysız-hesabsız məhrumiyyətləri ən azı soydaşları qədər yaşayırdı: "Mən əsərlərimi yazanda onlarla birlikdə vətənə qayıdırdım, onlarla birlikdə Tube təpəsinin yamacında öz çadırımı qururdum, onlarla birlikdə əlli il bizsiz qalmış Qurzuf və Qızıldaş küçələrini gəzirdim. Yurduna dönən tatarların vəziyyəti hər baxımdan acınacaqlı idi. İş yox idi. Yaşamağa yer yox idi. Uşaqlarını oxutmağa məktəb yox idi. Vətəndən sürgün olunandan sonra qəbiristanlıqları dağıdılmış, ata-babalarının məzar daşları sökülüb yol tikintisində, inşaatda istifadə edilmişdi. Yurdlarını, evlərini tutan gəlmələr Krım tatarlarına düşmən kimi baxırdılar. Adları tarix səhifəsindən silinmişdi. "Krım tatarı" ifadəsi özü qadağa altında idi. Əcdadlarının əlləri ilə tikilən ev və mülklərdə Rusiyadan, Ukraynadan köçürülən insanlar məskunlaşdırılmışdılar".
Təsadüfi deyil ki, Cengiz Dağçı gəncliyində tarixçi olmaq istəmişdi. Doğrudur, sonralar elmi əsərlər yazmasa da, xalqının tarixini, xüsusən də yaxın tarixi keçmişi romanlarında əks etdirmişdi. Onun Krım türklərinin mənşəyi haqqındakı fikirləri də maraqlıdır: "Qatı rus millətçilərinin yüz illər boyu bütün mümkün vasitələrlə "tatar" adına ləkə yaxmalarına, Qərb dünyasında tatarları Mərkəzi Asiyadan gəlmiş dağıdıcı qüvvə kimi tanıtmağa çalışsalar da, Krım tatarları Krım yarımadasının ən qədim xalqıdır. Onlar da ən azı bolqarlar, macarlar və rumınlar kimi Şərqi Avropa xalqıdır. Qədim zamanlarda müxtəlif adlar daşıyan bu toplum islam dinini qəbul edəndən (xüsusən də monqol-tatarların XIII əsrdəki hücumundan) sonra, Gireylər sülaləsinin hakimiyyəti dövründə tatarlar kimi tanınmağa başlamışdı".
Krım tatarlarının digər türk xalqları ilə müqaayisədə Avropa ilə daha sıx əlaqələrə malik olmaları, Polşa, Litva, Rımıniya kimi Şərqi Avropa ölkələrində icma halında yaşamaları bu mülahizələrdə müəyyən həqiqət çalarları görməyə imkan verir. Müəllif təəssüflənirdi ki, mənsub olduğu xalq əsrlər boyu elmə, təhsilə yiyələnib orbitində yerləşdiyi Şərqi Avropa ilə ayaqlaşmaq əvəzinə güc və enerjisini basqınlara, yürüşlərə sərf edib. Sonda isə zəifləyərək Rusiya əsarəti altına düşüb. "Mən Krım xanlarının XVI-XVII əsrlərdə Rusiya, Polşa və Litva torpaqlarına uğurlu yürüşləri ilə fəxr edənlərin fikirlərini bölüşmürəm. Əksinə, düşünürəm ki, bu yürüşlər Krım tatarına fayda yox, ziyan gətirmiş, bizi gözləyən faciələri sürətləndirmişdi... Xüsusən də XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa ilə birlikdə inkişaf etmək imkanını itirdik, sənaye inqilabı dövrünə qədəm qoyan Avropa ilə ayaqlaşa bilmədik".
Krımda Cengiz Dağçı şəxsiyyəti və əsərləri ilə tanışlıq 1980-ci illərin ikinci yarısına təsadüf edir. Onu vətənində tanıdan, eyni zamanda bir sıra əsərlərini rus dilinə çevirib daha geniş arenaya çıxmasına imkan yaradan professor Adilə Əmirova olmuşdu. Amma o da keçmiş SSRİ-yə xas olan əlamətdir ki, rusdilli dairələrdə bu ilkin maraq yazıçıya qarşı çevrilən qarayaxma kampaniyası müşayiət olunmuşdu. Həmin dövrdə sovet imperiyası süqut mərhələsinə daxil olsa da, imperiya ideyaları və sovet düşüncə tərzi tam şəkildə tarixin zibilliyinə atılmamışdı. Ona görə də 1990-cı illərin əvvəlindən başlayaraq əsasən millətçi rus dairələrində krımlı müəllifi kollaborasionizmdə - vətənə xəyanətdə və faşistlərlə əməkdaşlıqda ittiham edirdilər. Saxta ideologiya üzərində qurulan "sovet vətəninin" vur-tut yetmiş illik mövcudluqdan sonra süquta uğraması, Stalin repressiyası qurbanlarının sayının müharibə qurbanlarının sayından çox olması isə heç kimi maraqlandırmırdı. Çünki hədəfdə olan daim təqibə uğramış bir xalqın - Krım tatarlarının nümayəndəsi idi. Cengiz Dağçının ən böyük qəbahəti də böyük tribunadan - Avropa paytaxtlarının birindən bu xalqın haqq səsini dünyaya çatdırmağa çalışması idi.
"Qorxunc illər", "O torpaqlar bizimdir" kimi geniş oxucu auditoriyasına malik romanlarında "Krım tatarının düşməni kimdir?" sualına cavab axtaran müəllif bolşevizmlə faşizmi üz-üzə qoyur və xalqına münasibətdə onların birinin digərindən o qədər də fərqlənməməsi qənaətinə gəlirdi. Avtobioqrafik çalarlarla zəngin olan əsas qəhrəmanın - Sadıq Turanın (və deməli, müəllifin!) fikrincə yaranmış vəziyyətdə yeganə nicat yolu türkəsilli xalqların birləşərək bu "izmlərin" fövqündə dayanan milli birliyə və istiqlala nail olmaları idi.
Cengiz Dağçı əsərlərində də öz gördüklərini, yaşadıqlarını, başından keçənləri təsvir etdiyini heç zaman gizlətməmişdi. Bu mənada tam əsasla "Əsərlərim tərcümeyi-halımdır" deyə bilərdi. Krım legionu ilə bağlılığını da qətiyyən inkar etməmişdi. Legioner forması geyməklə qarşısına sadəcə faşist ölüm düşərgəsinin dəhşətlərindən xilas olmaq məqsədi qoymamışdı. Müharibə bitdikdən sonra müxtəlif türk boylarını birləşdirən vahid Türküstan-Turan dövlətinin qurulacağı, rus zülmünə son qoyulacağı xəyalı hər şeyin fövqündə dayanırdı. Əsas qəhrəmanın rəmzi soyadı - türk ulusunun min illik hədəfi olan Turan da buna işarə idi.
Eyni zamanda legioner olub nisbi azadlıq əldə edəndən sonra da özünü hürr, azad insan saymamışdı. Çünki doğma vətəni əsarət altında qalmaqda davam edirdi: "Mən hələ də əsir idim. Düzdür, qarnım tox idi. Uman düşərgəsindən kənardaydım. Amma yenə əsir idim. Yalnız ruhum azad idi. Ruhi sağlamlığımı qorumaq üçün yollar axtarmaqdan başqa çarəm qalmamışdı. Di gəl, nə etsəm də, nə danışsam da, ürəyim aram tapmırdı. Hər gün geydiyim forma dəmir çənbər kimi bədənimi sıxırdı. Ürəyim sıxılırdı, az qala boğulurdum. Məşğələlər bitəndən sonra həyətin dalda küncünə çəkilir, küknar ağacının altında oturub ağlayırdım. Bəzən gecələr yuxuya gedə bilmirdim. Mənə elə gəlirdi ki, hələ də Uman hərbi əsir düşərgəsindəyəm".
Çağdaş Krım-tatar nəsrinin diqqətəlayiq nümunələrindən olan "Qorxunc illər" romanını oxucularımıza təqdim etməyimin səbəblərindən biri də müəllifin bu əsərdə böyük məhəbbət və ustalıqla yaratdığı azərbaycanlı obrazıdır. Romanda qırğız Kılıncbaydan, Krım tatarı Mustafa, yaxud İskəndərdən, özbək Xurşuddan fərqli olaraq soydaşımızın konkret adı yoxdur. Sadəcə olaraq "azərbaycanlı" kimi təqdim edilir. Cengiz Dağçı hələ ötən əsrin 50-ci illərində uzaq Londondan xalqımıza bəslədiyi məhəbbəti ümumiləşdirilmiş "azərbaycanlı" surəti ilə əks etdirmişdi. Azərbaycanlı mərddir, cəsurdur, qorxmazdır. Əsirlikdə sonuncu tikə çörəyini Sadıq Turana təklif edəcək qədər toxgöz və böyük ürək sahibidir. Ölümdən qorxmur. Həyatının son anlarında bir neçə saatdan sonra öldürüləcəyini bildiyi halda faşistlərdən aman diləməyi ağlına da gətirmir. Əksinə, onlara qürurla, hətta yuxarıdan baxır. Cengiz Dağçı mərdliyinə heyran qaldığı qəhrəmanın ölüm səhnəsini belə təsvir edir: "Pəncərədən baxdım. Azərbaycanlı silahlı almanların arasında qanına boyanmış halda gedirdi. Şalvarı düşməsin deyə bir əli ilə kəmər yerindən yapışmışdı. Millətimin övladlarının belə qürur və iftixarla ölümə getməsini həyatımda ilk dəfə görürdüm".
Maraqlıdır ki, XX yüzillikdə türk dünyasının yetirdiyi üç böyük söz ustası Çingiz adını daşıyıb: Çingiz Aytmatov, bizim Çingiz Hüseynov və nəhayət Cengiz Dağçı. Bu təsadüfdir, yoxsa nəsə bir qanunauyğunluq var? Kim bilir, bəlkə də adla tale arasında gözəgörünməz bağlılıq var? Ən azı bu sənətkarların birinin çox, birinin az dərəcədə söz mülkünün Çingizi olmaları belə düşünməyə əsas verir.
Oktyabr, 2023-cü il