Payızın adi günlərindən birində dünyaya gəlişi ilə ata-anasını, dost-tanışı sevindirmişdi. Onda 8 noyabrın Azərbaycan tarixinə Zəfər günü kimi yazılacağından xəbərsizdik. Hələ ruhumuz Birinci Qarabağ savaşının yaralarından ağrıyırdı. Hələ oğullarımız torpaqlarımızı azad etmək yanğısıyla böyüyürdü. 1993-cü il 8 noyabrda Bakının Xəzər rayonu Zirə qəsəbəsində anadan olan Samir Vaqif oğlu Mehdiyev kimi.
Böyüdükcə doğum günlərində çox da sevinə bilmirdi. 8 rəqəmini sevmirdi. Şuşanın işğal günü olan 8 mayı xatırlayırdı daha çox. "Bir gün doğum günümü Şuşada qeyd edəcəyəm" deyirdi.
Zirə qəsəbəsindəki Birinci Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbi bitirəndə hərbçi olmaqda qərarlı idi.
Samir 2013-cü ildə Sərhəd qoşunlarında həqiqi hərbi xidmət keçir. Heç vaxt işğalla barışmayan, ərazi bütövlüyümüz uğrunda savaşmaq, sərhədlərimizi qorumaq arzusuyla "Gizir hazırlığı" kursuna daxil olur. 2016-cı ildə isə arzusuna çatır. Maxe kimi xidmət edir. İmtahanlardan, sınaqlardan keçərək XTQ-də xidmətə başlayır. Xidmət zamanı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.
Vaqif Mehdiyev: "Tək oğul payım, dayağım idi. Bacarıqlı, zəhmətkeş övlad, məsuliyyətli, ləyaqətli oğul idi. Sonda vətəninə xidmətini də layiqincə yerinə yetirdi. Zəng edəndə çox sakit, rahat danışardı, müharibənin çətinliyindən söz etməzdi, hər dəfə "haqqını halal elə", bir də "Vətən sağ olsun" deyirdi. Düşünürdüm ki, niyə hər dəfə mənə "haqqını halal et" deyir. İndi anlayıram hər an ölümlə üz-üzə olduğunu. Övlad itkisi nə qədər ağır olsa da, torpaqlarımızı azad etməliydik, döyüşməliydik. Məğlub kimi yaşaya bilməzdik. Müharibə də qurbansız olmur. Arzu edirəm ki, bundan sonra heç bir ailə belə əzab yaşamasın. Dünyada sülh olsun".
"Əli əlimdən ayrılanda elə bildim ruhum canımdan ayrıldı" - deyir özünü Polad Həşimovun əsgəri, davamçısı hesab ədən Malik Əjdər oğlu Cəbiyev. 1981-ci ildə Culfanın Bənəniyar kəndində anadan olub. Uşaqlıqdan hərbçi olmağı arzulayan Malik 1999-cu ildə həqiqi hərbi xidmətə gedib və artıq 23 illik hərbi xidmətini başa vurub. Müharibə veteranıdır: "Sentyabrın 27-də müharibə başlayanda biz Naxçıvanda idik. Oktyabrda Qarabağa gəldik. Artıq azad olunmuş ərazilərimiz vardı. O zaman Samirlə tanış oldum. Çox yaxın idik. Tez zamanda dostlaşdıq. Çox cəsur idi. Ailəsinə də bağlı idi. Çox döyüşlərdən keçdik: Hadrut, sonra Tuğ kəndi uğrunda döyüşlərə qatıldıq. Bu döyüşlərdə hələ gənc zabit olarkən tanıdığım polkovnik-leytenant Anar Əliyev şəhid oldu. Çox çətin döyüşlər olsa da, kəndi azad etdik, bayrağımızı da sancdıq. Orda Samir elə ürəklə dedi ki, biz bu torpaqları alacağıq, amma bizi unutmasınlar. Çanaqçı kəndi uğrunda döyüşlərdə 4 gün mühasirədə qalsaq da, kəndi azad etdik. Daşaltıdan sonra Şuşaya getməli idik. Bütün bu döyüşlərdə onun elə igidliklərini gördüm ki, unuda bilmirəm. Əsl qəhrəman idi. Laçın dəhlizini azad edəndən sonra Şuşaya Topxana meşəsi istiqamətində hərəkət etdik. Bayramov Ruslan vardı, ata olmuşdu, övladını hələ görməmişdi. O döyüşlərdə şəhid oldu. Onu bir qayanın dibində qoyduq. Hava çiskinli idi. Samir öz yataq kisəsini onun üstünə saldı. Dedim "üşüyərsən, o şəhidin üstü açıq qalsa, üşüyüyərəm" - dedi. Belə oğul idi. Yanımda təsbehim, möhürüm vardı. Ona vəsiyyət eləmişdim ki, şəhid olsam, bunları Şuşa məscidinə qoyarsan, əvəzimə namaz qılarsan. Amma Şuşa döyüşlərində Samir vuruldu, ona nəsib oldu bu ucalıq, Samirin çox yaxın dostu Yüzbaşıyev İsmayıl da şəhid oldu, mən də yaralandım. Amma yaralı olduğumu hiss etmirdim və Şuşa məscidinə getdim, "Şükür" namazı qıldım, bütün şəhidlərimiz üçün dualar etdim".
8 noyabrda dünyaya gəlmişdi Samir. Noyabrın 5-də Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Neçə yaralını çiyinlərində təhlükəsiz yerə aparan, onların yaşamasının səbəbkarı olan Samir Şuşaya qələbəyə inamla getdi.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" medalı ilə təltif olunub. Samir həm də 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. Zirə qəsəbəsindəki ən gözəl küçələrdən biri də Samir Mehdiyev küçəsidir.
Mahirə xanımın səsində bir kövrəklik var: "Bilmirəm əvvəldən belə olub, ya savaş başlayandan kövrəlib səsi: Həmişə torpaqlarımızdan, düşmənlərdən danışardı. "Ərazilərimizi azad etməliyik" - sözü bu idi. İllərdi onsuz da şəhidlərimiz olurdu. Ağlayardım belə xəbərlərə, "ağlama" deyərdi. Bir də həmişə deyərdi ki, "şəhid ailələrinə başsağlığı verməzlər, axı bu, ölüm deyil, ucalıqdı, əbədiyyətə çatmaqdı. Onlara "gözün aydın" deyərlər". Sözlərini unutmuram, çalışıram ağlamayım. Oğlum çox şən, həyatsevər idi. Onunla həmişə qürur duymuşam, indi də fəxr edirəm ki, oğlum qəhrəman kimi döyüşüb. Qısa ömrü vətənə, xalqa şərəf gətirib".
...Samir seçilmişlərdəndir. Onun döyüş yoldaşlarına dediyi son sözlərini xatırladım: "Biz bu torpaqların hamısını azad edəcəyik. Şuşanı da, Xankəndi, Xocalını da. Başqa yolumuz yoxdu. Biz şəhid olarıq, amma məğlub olmarıq. Bir arzum var ki, bizi unutmasınlar".
Kövrəldim, kədərləndim, qürurlandım. Unuda bilmərik, haqqımız yoxdur. Təkcə Azərbaycan xalqı deyil, Azərbaycan tarixi də unutmayacaq!
Kamalə ABİYEVA