|
|
|
|

Məlum olduğu kimi, ötən ildən etibarən Prezidentinin müvafiq fərmanı ilə "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" təsdiq edilib. Qanunda edilən dəyişiklikdə əsas məqsəd mənzil alanda ƏDV-nin bir hissəsinin geri qaytarılmasıdır. Bu məqsədlə portal da (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib. Portal nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün işə salınıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün Hökumət Ödəniş Portalının "Kommunal" ödənişlər bölməsinin "Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər" altbölməsinə daxil olur. Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişləri tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir. Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılan inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.
Millət vəkili Vüqar Bayramov deyir ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir: "Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri veriləcək".
Millət vəkili əlavə edib ki, kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılması tam ödənişdən sonra mümkündür: "ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür".
V.Bayramovun sözlərinə əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir: "Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək".
Bundan başqa, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır: "Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə, bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır. Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq. Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin".
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, əmlakın dəyəri nağdsız qaydada ödənməlidir. Bu, vacib məsələdir. Alışdan sonra ƏDV-nin bir hissəsi geri qaytarıla bilər. Kredit götürüb ödənişi tam bağlayırsınızsa, mənzili dərhal ala bilərsiniz, mümkündür. Alqı-satqıdan 90 gün keçmədən bu qeydiyyatı aparmaq lazımdır: "Əgər vətəndaşın aldığı əmlakın sahəsi 500 kvadratmetrdən çox, məsələn, 600 kvadratmetrdirsə, onun ancaq 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın bir kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır".
X.Kərimlinin dediyinə görə, məqsəd şəffaflıq prosesini həyata keçirməkdir: "ƏDV geri al" layihəsinin əsas məqsədi şəffaflaşma prosesidir. 2021-ci ilin martından bu layihəni test edirik. Marketlərdə insanlar çalışırlar ki, qəbz əldə etsinlər, ödənişlərini kartla etsinlər. Nağdsız ödəmələr insanların həvəsləndirilməsidir. Bu, alqı-satqının qanuniliyini təsdiq edir. Vergi ödənişlərinin də büdcədən yayınmasının qarşısını alır. İnsanların nağdsız ödəmələrini təkmilləşdirir, artırır".
İqtisadçı əlavə edib ki, əsas məqamlardan biri yeni tikilən binalarda alqı-satqıları rəsmiləşdirmək və yaxşılaşdırmaqdır: "ƏDV-nin bir hissəsini geri aldıqlarına görə insanlar alqı-satqını rəsmiləşdirməyə maraqlı olurlar. Əsas məqam - tikinti sahəsində əməliyyatların şəffaflaşdırılması və təmin edilməsidir. Ödənilən ƏDV-nin 30 faizi geri qaytarıldığı üçün insanları cəlb edir. Tutaq ki, 150 minlik əmlak alırsınızsa, bunun 123 mini əsas məbləğdir, 27 mini ƏDV-dir. 27 min manatın 30 faizini hesablayır, 8 min 100 manat ƏDV-ni geri qaytarırlar. Qiymət də 141 minə düşür".
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə əsasən, artıq vətəndaşlar nağdsız şəkildə MTK-lardan aldıqları mənzillərə görə də ƏDV-nin 30 faizini geri ala biləcəklər. MTK-lar fiziki şəxslərə mənzil və ya obyekt satan zaman elektron qaimə-faktura tərtib edib vergi orqanına göndərməlidir: "Sonra isə vergi orqanına göndərdiyi həmin sənədi çap edib vətəndaşa verəcək. Fiziki şəxs bankda ödəniş edəcək, qəbzi alacaq. Daha sonra elektron qaiməni, alqı-satqı müqaviləsini və ödəniş qəbzini bu portala daxil edəcək. 1 ay içərisində ödənilən ƏDV-nin 30 faizi vətəndaşın bank hesabına köçürüləcək. Vətəndaş MTK-dan mənzil və ya obyekt alanda elektron qaimə istəməlidir. Vətəndaşların bir-birilərinə mənzil satmasının buna aidiyyəti yoxdur".
İqtisadçı bildirib ki, burada əsas məqsəd MTK-ların öz satışlarını rəsmiləşdirməsidir: "Əvvəllər bir sıra MTK-lar mənzil və ya obyekt satarkən onu rəsmiləşdirmirdi. Artıq vətəndaş mənzil alanda onlardan elektron qaimə tələb edəcək. Bu addım MTK-lara nəzarət üçün çox yaxşı üsuldur. Nəticədə dövlət büdcəsinə daxil olan vəsaitlər artacaq".
Sevinc QARAYEVA



