|
|
|
|

“İyunun 7-dən Brent markalı neftin fyuçesrs qiymətləri (yəni sonrakı aylarda bazara çıxarılacaq həcmlər) davamlı olaraq ucuzlaşır və hazırda 91 dollardan bir qədər baha satılır. Hətta son gün ərzində İran-İsrail və ABŞ-İran hərbi toqquşması belə bu gün qiymətləri artıra bilmədi. Səbəb nədir? Əslində bazarın reaksiyası ilk baxışda paradoksal görünür: Yaxın Şərqdə gərginlik artır, ABŞ və İran arasında qarşıdurma riski qalır, amma Brent 100 dolları keçmək əvəzinə hazırda 91-92 dollar arasında ticarət edilir. Bunun əsas səbəbi odur ki, bazar artıq geosiyasi riskdən çox, həmin riskin real fiziki təchizata təsirini qiymətləndirir”.
Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, neft qiymətlərinin son həftə üzüaşağı getməsinə təsir edən amillər sırasında ABŞ rəsmilərinun Hörmüz boğazından keçən tanker axınının artması haqda açıqlamalarını göstərmək olar. Bazar üçün əsas məsələ İranın İsrailə atdığı raketlər deyil, gündəlik milyonlarla barel neftin hərəkətidir. Tankerlər hərəkət edirsə, demək qiymətlər üzərində təzyiq də azalır. Son gündə Körfəz ölkələrinin neft infrastrukturu isə hansısa təzyiqlə üzləşmədi.
Bundan əlavə, iyun ayının əvvəlindən analitiklər Çin başda olmaqla bir sıra ölkələrdə neft istehlakının proqnoz edilən həddən aşağı düşdüyünü qeyd edirlər. Əgər istehlak zəifləyirsə, təklifdəki problemlər qiymətlərə əvvəlki qədər güclü təsir etmir:
“Həmçinin OPEC+ üzrə atılan addımlar da bazara öz təsirini göstərir. Artıq ikinci aydır ki, OPEC+ çərçivəsində gündəlik hasilatın 188 min barel səviyyəsində artımı barədə razılaşma əldə edilir. Bu isə qlobal bazara əlavə həcmdə neftin daxil olması deməkdir. Nəticədə qiymətlər hətta qısamüddətli hərbi toqquşmalar zamanı belə üzüyuxarı deyil, azalmağa meylli olur”.
Sevinc Qarayeva



