Elələri var ki, sən istəsən də, istəməsən də, xatirələrdən, yaddan-yaddaşdan, haqqında deyilənlərdən insanın beyninə, ürəyinə, duyğularına daxil olaraq özünə müəyyən yer nizamlayır. Bir də onda görürsən ki, ürəyinin bir küncündə bir işıq zolağı yaranıb. Bəzən cəmiyyətdəki çoxüzlülükdən, paxıllıqdan, saxtakarlıqdan, bütün pislərdən və pisliklərdən qaçaraq öz dünyana pənah aparırsan. Nə xoş ki, o zaman oradan işıqlı, nurlu xatirələr baş qaldıraraq: – yaxşılar və yaxşılıqlar, təmizlik, xeyirxahlıq – İnsanlıq hələ yaşayır, hələ var – deyərək öz işığı ilə ürəklərə nur çiləyə.
Elçin İsgəndərzadə! Bu adı Gəncə ədəbi mühitində çox eşitmişdim. Ancaq şəxsən tanış deyildik. Onun görkəmli yazıçımız Qərib Mehdinin rəhbərlik etdiyi “İlham” ədəbi birliyinin məzunu olduğunu da bilirdim. Qərib müəllimin “Əlim çatan, ünüm yetən sənətçilər” kitabında həm Elçin İsgəndərzadənin, həm də mənim ilk kitabıma yazdığı ön sözü – xeyir-duası vardı. Həmin kitabda ilk dəfə onun şəklini gördüm və yaradıcılığından bəhs edən yazı ilə tanış oldum.
İllər keçdi. Tale elə gətirdi ki, mən 2011-ci ildə Gəncə Dövlət Universitetində Qərib Mehdinin redaktoru olduğu “Yüksəliş” qəzetində işə düzəldim. Redaksiyada tez-tez Elçin müəllim haqqında söhbətlərimiz olurdu. Şagirdinin gördüyü işlərdən ürək dolusu, qürurla danışan müəllimi, onun bir insan kimi də dəyərli xüsusiyyətlərini yada salırdı. Bir gün Elçin müəllim redaksiyamızın qonağı oldu. Qısa müddət ərzində bu böyük ürək sahibinin – Turan ellərini gəzib-dolaşan, ayrı düşmüş qan qardaşlarımızı yenidən bir araya gətirməyə çalışan, Şuşa nisgilinin, Şuşa yanğısının əlindən tutub dünyanı dörd dolanan ləyaqətli vətəndaşı, gözəl şairi, 22-dən çox elmi əsərin, 47 ixtiranın, 14 elmi monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın, 125 çevirmə kitabının müəllifi, professor Elçin İsgəndərzadənin bir insan kimi olduqca səmimi, təvazökar olduğunu gördüm. Tanrının xoş saatında dünyaya gələn bu alicənab insanın daxili aləmi ilə zahiri görünüşünü birləşdirən, ətrafına təmizlik, saflıq nuru çiləyən baxışlarıyla hər kəslə olduqca həssas davranan Elçin müəllimi mən elə o gün kəşf etdim. Fikirləşdim ki, onun haqqında indiyə qədər eşitdiyim xoş sözlər belə bu insandakı nəcibliyin, billur təmizliyin qarşısında çox azdır.
Ətrafımızın çox zaman çirkab, məddahlıq, rəzillik içində boğulduğu, məhv olub getdiyi bir zamanda haradansa duruluğu, şəffaflığı ilə gözlərimizi qamaşdıracaq bir işıq zolağı bizi bütün pislərdən və pisliklərdən uzaqlaşdırmaq gücünə malikdir.
Həyatımız, dünyamız Tanrının möcüzələri ilə zənginləşir. Belə möcüzələrdən biri də daim ürəyindəki sönməyən işıqla – müqəddəs amalıyla Turan ellərinin çoxəsrlik yaralarına məlhəm çəkən Elçin İsgəndərzadədir. Elçin müəllimə ömür ekvatorunun ikinci yarısında da xoşbəxt yolçuluq arzulayıram!