Məlum olduğu kimi, ötən ilin dekabrından "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə təlimat"da dəyişiklik edilib. Daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar ölkə daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın birindən qüvvəyə minir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə 1 milyon 700 mindən çox avtomobil qeydiyyata alınıb ki, onların mütləq əksəriyyəti köhnə avtomobillərdir. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycandakı avtomobillərin cəmi iki faizinin yaşı iki ildən azdır. Avtomobillərin daha üç faizinin istismar müddəti iki-beş il aralığındadır. İstismar müddəti beş ildən 10 ilədək olan avtomobillərin toplam saydakı payı 11.9 faizdir. İstismar müddəti 10 ili aşan avtomobillərsə ölkə avtoparkının 83 faizi qədərdir.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, Daxili İşlər Nazirliyinin təlimatına əsasən, avtomobillər texniki baxış və müayinə ərazilərinə göndərilir. Avtomobilləri texniki baxışdan keçirən zaman əlavə olaraq utilizasiya haqqı da ödənəcək: "Qanun 1 fevraldan qüvvəyə minəcək. Rüsum isə belədir: istehsal tarixi 1-10 il aralığında olan avtomobillərə görə 10, 11-20 il olan avtomobillərə görə 20, 21-30 il olan avtomobillərə görə 30, ili 31 və daha yuxarı avtomobillərə görə isə 40 manat utilizasiya haqqı ödəniləcək. Yəni bu, əslində texniki baxış üçün olan qiymət sayılır ki, bunun məbləği artıb. Burada dövlətin konkret məqsədi var, bu da qarşıda görüləcək planlardan xəbər verir. Ölkədə kifayət qədər iri, köhnə avtomobillərin sayı təqribən 50 faizdən yuxarıdır, bu da yaşı 10-dan çox olan avtomobillərdir. Ölkə yenilənməyə doğru getməlidir. Digər inkişaf etmiş ölkələrdə artıq elektromobillər var və onların faydaları var. Amma biz hələ də avtomobilləri müəyyən ölkələrdən gətirməklə ölkənin avtomobil parkını "ölüxana"ya çevirmişik. Ona görə də bunun iki həlli yolu var. Birinci yolu, dövlət avtomobillərlə bağlı elə bir şərtlər qoyur ki, artıq ölkədə yeni avtomobillər idxal olunur. Sahibkarların köhnə, iri maşın almağa biznes baxımından həvəsləri qalmır. Baxmayaraq ki, onların müəyyən güzəştləri ola bilər, detalları ucuz tapıla bilər və sairə. Digər tərəfdən, elə rüsumlar tətbiq etmək, elə yöndə iş görmək olar ki, ölkədə olan köhnə ehtiyat hissələri xaricə daşınsın. Bizim üçün bu potensial var. Mərkəzi Asiya ölkələrində, Rusiyanın ölkəmizə yaxın olan ərazilərində, qonşu İranda bu tip avtomobillərin ehtiyat hissələrinə daha çox ehtiyac var. Ona görə tənzimlənmənin iki yolu var. Bunu mən təklif vermişdim, burada əhəmiyyətli məsələ odur ki, yararsız detalları da satışa çıxara bilərik. Bunun hesabına artıq yenilənmə baş verə bilər. Son 2-3 il ərzində ölkəyə gətirilən, idxal olunan avtomobillərin böyük əksəriyyəti elektromobillərdir. Yaxud daha az sərfiyyata səbəb olan avtomobillərdir. Bu, ekoloji cəhətdən həm sahibkarın, həm istismar edənin, həm də istifadə edənin tələbatına uyğundur".
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, fevralın 1-dən əlavə utilizasiya haqqı ödəməlidirlər: "Əslində, bu, o qədər də böyük rəqəm deyil, simvolik rəqəmdir. Yəni yığılan vəsait utilizasiya fonduna yığılmalıdır və oradan gələcəkdə utilizasiya olunacaq avtomobillərə həmin fonddan ödəniş olacaq. Belə bir şey dünya praktikasında var. Söhbət ondan gedir ki, bizim avtomobil parkımız hazırda çox köhnəlib. Yəni avtomobillərin 70-80 faizi 20 ildən və ondan daha çox istehsal tarixi olan avtomobillərdir. Köhnələ-köhnələ də gedir. Ölkəyə gətirilən avtomobillərin sayı da durmadan artır. Ölkədə avtomobil artır və eyni zamanda, avtomobil parkı köhnəlməkdə də davam edir. Bir şəkildə köhnə avtomobillər utilizasiya olunmalıdır. Yəni bunlar dövriyyədən çıxarılmalıdır. Bunun üçün də müəyyən vəsait tələb olunur. Çünki bunun müəyyən hissələri var, müəyyən materiallardan təşkil olunub. Bunu ləğv etmək üçün müəyyən xərc tələb olunur. Həmin xərci ödəmək üçün bu fond təşkil olunub. Bu fonda da ölkəyə idxal olunan avtomobildən, eyni zamanda, hər il texniki baxışdan keçən avtomobillərdən rüsum tutulacaq. Yəni böyük rəqəm də deyil. 1 ildən 10 ilə qədər 10 manatdır, 11-21 il 20 manat, 21-31 il 30 manat, 31 ildən yuxarı olan isə 40 manatdır. Bu da tətbiq olunur ki, köhnə avtomobillər alınmasın. Təzə avtomobilə keçid olunsun, köhnə avtomobillər yavaş-yavaş dövriyyədən çıxsın. Eyni zamanda da, fond formalaşsın ki, o pulu, yəni utilizasiya gedən avtomobilin pulu fonddan verilsin. Yəni bunun məqsədi, məramı bundan ibarətdir".
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadənin dediyinə görə, dünyada avtomobillərin sayı artdıqca, istismar müddəti bitmiş avtomobillərin utilizasiyası da qlobal problemə çevrilib: "Avropa Birliyi ölkələrində, Yaponiya, Koreya və Çində bu sahədə ayrıca qanunlarla birbaşa tənzimlənmə mövcuddur. ABŞ, Kanada, Avstraliyada utilizasiya zamanı bazar mexanizmi və ətraf mühitlə bağlı ekoloji qanunvericilik əsasında tənzimləmə üsulundan istifadə olunur. Köhnə avtomobilləri istismardan çıxartmaqla ətraf mühitin çirklənməsini azaltmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini artırmaq üçün bir çox ölkələrdə köhnəlmiş avtomobillərin rəsmi emal müəssisələrinə təhvil verilməsini stimullaşdıran qaydalar müəyyənləşdirilib. Bu qaydalara əsasən köhnə avtomobilin sahibinə kompensasiya ödənilir, yeni avtomobilin alınması üçün endirim kuponu verilir. Bu kuponla avtomobil sahibi yerli istehsala aid avtomobili endirimlə ala bilər. Bu, ölkədə istehsal olunmuş avtomobillərin satışını artıraraq dəstək xarakteri daşıyır. Hazırda havaya nəqliyyat sektorundan atılan tullantıların böyük hissəsi köhnə avtomobillər tərəfindən atılır. Avro-standartların tələbinə görə, nəqliyyat vasitələrinin istehsalı zamanı dəm qazı üçün qoyulmuş norma hər qət edilmiş kilometrə 0,5 qramdan 1 qramadəkdir. Köhnə avtomobillərdə bu tullantıların miqdarı dəfələrlə çoxdur".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, utilizasiya prosesi ilə bağlı qaydalara əsasən vətəndaş köhnə avtomobilini utilizasiyaya verdikdə ona nağd pul və ya çek verilir: "Həmin çek əsasında yeni avtomobil almaq üçün bir dəfə müraciət edilə bilər. Utilizasiya ilə bağlı qərarın mahiyyəti həm də insanların köhnə avtomobillərə marağını azaltmaqdır. Azərbaycanda yol qəzalarının 70 faizinə köhnə avtomobillər səbəb olur".
Təkcə ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır. Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdə adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər isə Yeni Zelandiya və ABŞ-dır. Hər min nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrindən Rusiya 397 avtomobillə dünyada 55-ci, Gürcüstan 378 avtomobillə 61-ci, Moldova 363 avtomobillə 63-cü, Belarus 343 avtomobillə 70-ci, Qazaxıstan 207 avtomobillə 94-cü, Qırğızıstan 201 avtomobillə 97-ci, Özbəkistan 87 avtomobilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil.
Bununla belə, Azərbaycanda olan avtomobillərin yaşı 12 və daha artıqdır: "Xalqımız köhnə avtomobil sürməyə layiq olmasa da, olduqca yüksək rüsumlar səbəbindən məcburi "qocalmış" avtomobillərin sükanı arxasına keçir. Odur ki, ölkədə 4 təkər üstündə metallomların sayı qonşu Gürcüstanla müqayisədə fantastik səviyyədə çoxdur. Gürcülər maksimum 7-8 yaşlı, daha yüksək sinfə aid avtomobil sürdükləri vaxtda, 500 kilometr bu tərəfdə azərbaycanlılar qat-qat artıq pul ödəməklə daha aşağı sinfə aid və daha köhnə maşınlar alır, yola çıxır. Əlbəttə ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də reritet avtomobil sevərlərin sayı az deyil. Köhnəlmiş avtomobillərə izafi sevginin arxasında fantastik qiymətlərin dayanması da faktdır".
Elməddin Muradlının sözlərinə əsasən, utilizasiya proqramı çərçivəsində verilən qərar ölkədə avtomobil parkının yenilənməsinə, ekoloji mühitin qorunmasına və baş verən qəzalarda ölüm sayının azaldılmasına təsir edəcək: "Bu yanaşma dünyanın bütün ölkələrində tətbiq olunur. Xaricdə eyni model avtomobilin yeni versiyası ilə qəza baş verən zaman xəsarət alan olmur. Azərbaycanda isə 20 il istismar olunan köhnə versiya model avtomobilin sürücüsü kiçik bir qəza törətdikdə ölüm halı baş verir. Bu müqayisədən utilizasiya prosesinin əhəmiyyətini anlamaq olur".
Sevinc QARAYEVA