Elxan Şükürlü, politoloq:
- Dünya iqtisadiyyatını alt-üst edən Rusiya-Ukrayna savaşının əsas tətikçilərindən və tərəflərindən olan ABŞ-Britaniya ittifaqı Qara dəniz hövzəsində Rusiyanı məğlub edə bilməməyin uğursuzluqlarından diqqəti yayındırmaq üçün Yaxın Şərqdə daha böyük bir müharibə hazırlığındadılar.
BMT qərarı olmadan, dünəndən bəri, daha bir müsəlman ölkəsini bombardmana başlayıblar. Bu dəfə hədəfdə onların iradəsinə boyun əyməyən Yəməndir.
Yəmən xalqının, xüsusən də şiə husilərin ABŞ-dan əsas tələbi İsrailin Qəzzada oktyabrın 7-dən üzü bəri apardığı hərbi əməliyyatların dayandırılmasıdır. Babül-Məndəb boğazını bağlamaq təhdidləri də buna görədir.
HƏMAS-ı ən qısa müddətdə məhv edəcəyini açıqlamış İsrailin Netanyahu hökuməti 3 aydır Qəzzada istəyinə nail ola bilmir və çıxış yolunu İranı işin içərisinə qatmaqla, regionda daha böyük oyunçuların iştirakıyla müharibə vəziyyəti yaratmaqda görür.
İsrailin HƏMAS-a qarşı əməliyyatlarını nəticə əldə etmədən dayandırmasının radikal İslam hərəkatlarını dirçəldəcəyi və Ərəb dünyasının Qərbdən qoparılacağı qorxusunu yaşayan Qərbdəki sionist-səlibçi düşüncə sahibləri də Netanyahunun planına dəstək verməyə çalışırlar.
İranın Qəzzada HƏMAS-ı, Livanda "Hizbullah"ı, Yəməndə isə "Ənsərallah"ı dəstəklədiyi əsas gətirilərək, rəsmi Tehranı hər vasitə ilə açıq müdaxiləyə, savaşa təhrik edirlər və onun nüvə obyektlərinə zərbə endirməyə hazırlaşırlar.
İranin ali dini rəhbəri Seyid Əli Xameneinin yanvarın 3-də Kirmanda törədilən terrordan dərhal sonra qisas çağırışlarıyla coşmuş qəzəbli kütlələrə və eyni zamanda öz generallarına müraciətində ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinmək tapşırığını verməsi də göstərir ki, rəsmi Tehran Rusiya-Ukrayna savaşından ciddi nəticə çıxarıb, böyük bir oyuna dartıldığının, eyni zamanda rəqiblərinin öz daxillərində nələr yaşandığının fərqindədir və daha bir müddət vaxt qazanmağa çalışır.
Çünki bir neçə aydan sonra hadisələrin əsas ağırlıq və gərginlik mərkəzi həm İsrailin, həm də gələcək prezidentini müəyyənləşdirməyə çalışan ABŞ-ın öz daxilinə keçəcək.
Məşhur "Epşteyn siyahısı"nın yenidən və indidən ABŞ siyasətinin gündəminə çıxarılması da təsdiqləyir ki, 2024-cü il seçkiləri ABŞ tarixinin ən təlatümlü seçkisi olacaq.
Zamirə Adilova, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri:
- Ötən gündən zəkası ilə müzakirə olunan təbibimiz Mərkəzi Neftçilər Xəstəxanasının oftalmoloqu Namiq Mustafayevdir. O, İctimai Televiziyanın "Milyonların şousu" intellektual verilişində 15 sualdan 14 sualı düzgün cavablandıraraq rekorda imza atıb.
Tibb elmləri namizədi Namiq Mustafayev 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb. 1996-1998-ci illərdə Şəki Göz xəstəxanasında, 1998-2001-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, 2001-2002 illərdə Xəzər Qayğıkeşlik layihəsində həkim-oftalmoloq kimi fəaliyyət göstərib. 2002-ci ildən indiyədək Mərkəzi Neftçilər xəstəxanasında həkim-oftalmoloq kimi çalışır. Bir sıra elmi-tibbi cəmiyyətlərin üzvüdür. Müxtəlif xarici ölkələrdə beynəlxalq səviyyəli elmi konfranslar və təlimlərdə iştirak edib. "Robot-cərrah" kitabının müəllifidir.
Qalib təbibimizi təbrik edir və qürur duyuruq!
Xaqani Səfəroğlu, jurnalist:
- Telekanallar bəzən ağıllı adamları efirə çıxarıb danışdırırlar. Səhəri gün görürsən ki, o şəxsin dedikləri maraq doğurub. Camaat TV-də dinlədiyi o adamın sözlərini müzakirə edir, sosial şəbəkədə paylaşır, dəstək verir.
Bir neçə dəfə bunu müşahidə etmişəm...
Efir Con Lokkun "ağ lövhə" nəzəriyyəsində olduğu kimidir.
Yasin Qarayev, Xalq artisti:
- SSRİ xalq artisti, görkəmli aktyor Yuri Salomin 88 yaşında öz evində dünyasını dəyişdi...
Yuri Salominlə bağlı yadıma xoş bir xatirə düşdü. Teatrımiz 1978-ci ildə bir aylıq Moskva şəhərinə qastrola getmişdi... Məşq və tamaşalarımız hər gün "Malı teatr"ın səhnəsində olurdu. Biz, Salomini tez-tez teatrın bufetində görürduk. Və hamımız da onu görməyə can atırdıq. Bir bəhanə ilə bir-bir bufetə qalxıb ona baxırdıq. Di gəl ki, filmlərdən pərəstiş edib sevdiyimiz aktyor Yuli Salomin real həyatda daha yaraşıqlı və cavan idi! Allah böyük sənətkara rəhmət eləsin və ruhu da şad olsun!
Asif Nərimanlı, jurnalist:
- Ermənistanın "güzgü prinsipi" təklifini və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyini rədd edən İlham Əliyev sərhədin delimitasiyası ilə bağlı üç variant irəli sürür:
Birincisi, siyasi metodologiyaya əsaslanır;
Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını aktuallaşdırır. Əliyev bu variantda AXC və sovetləşmə dövrünün xəritələrini irəli sürür.
İkincisi, xronologiyaya əsaslanır;
Bura SSRİ-nin qurulmasından sonrakı xəritələr daxildir və delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar mövcuddur.
1926-cı ildən 1929-cu ilə qədər Qazax qəzasının 82 min hektara qədər əkin, 86 min hektara qədər otlaq sahəsi Ermənistana verilib, bununla Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirib. 1929-cu ildə Qazaxın sahəsi 4 min hektardan çox olan Şınıx-Ayrım meşələri ermənilərə "bağışlanıb". Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirilib.
1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvan 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə birləşdirilib. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri daxildir.
1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirilib və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradılıb. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə "bağışlanıb".
1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirilib.
Azərbaycan SSRİ-nin ilk xəritələrini gündəmə gətirməklə qanunsuz olaraq, ermənilərə "bağışlanan" əraziləri tələb edir.
Üçüncüsü, xəritə məsələsi gündəmdən çıxarılır;
Əliyev bildirdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı - sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan 44 günlük müharibədən sonra bərpa etdiyi sərhəd xəttindən geri çəkilməyəcək.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Ticarət mərkəzlərindəki böhranlı durum, elektron ticarət və sahibkarların düşüncə tərzi.
2005-ci ildə ölkəmizdə "Elektron ticarət haqqında qanun" qəbul edilib. Təxminən 2008-ci ildən ölkəmizdə onlayn ödəniş sistemləri qurulmağa başlayıb. Pandemiyadan sonra isə ölkədə rəqəmsallaşma xeyli dərəcədə sürətləndi, çatdırılma infrastrukturu da inkişaf etməyə başladı.
Yəni uzun illərdir ki, elektron ticarətə keçid üçün ölkəmizdə mühit formalaşmağa başlamışdı. Eyni zamanda 25 ildən çoxdur ki, biz elektron ticarətin üstünlüyündən, elektron ticarətə keçməyin yollarından, rəqəmsal transformasiyadan danışırıq. TV-də, mediada bununla bağlı minlərlə müsahibələr, çıxışlar tapmaq olar. Lakin çox az sayda sahibkarlar bunu dəyərləndirə bildilər.
İndi 300 dollarlıq limiti ləğv etməyi, vərəndaşların e-ticarət yolu ilə xaricdən gətirdiklərinə vergi tətbiq etməyi tələb edənlər o zaman "lülə, tikə və basdırmadan" basa-basa e-ticarətə keçidə etinasızlıq göstərirdilər, bəziləri hətta bizim bu çağırışlarımızı lağ-lağı obyektinə çevirirdilər, həmişə belə qalacağını düşünürdülər.
Yəni fikrimcə, pərakəndə ticarətlə məşğul olanların indiki durumu, ticarət mərkəzlərindəki, Sədərək Ticarət Mərkəzindəki indiki böhranlı durum əsasən həm də sahibkarların düşüncə tərzi ilə bağlı məsələdir.
Əlbəttə, təəssüfləndiricidir. Amma yenə də gec deyil. Perspektiv yalnız rəqəmsal transformasiyadan keçir, doğru yol bu sahəyə diqqət yetirmək və bu sahəyə investisiya yatırmaqdan keçir.
Vüqar Bayramov, millət vəkili:
- Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifarişin qeydə alınması valyuta bazarında tələbin hələ də yüksək olduğundan xəbər verir. Sragagün keçirilən hərracda isə 74.9 milyon dollar satılmışdı. Bu o deməkdir ki, son 2 hərracda 155.3 milyon dollar satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci ayında keçirilən ilk 2 hərracda 103.9 milyon dollar satılmışdı. Yəni iki hərraclıq müqayisədə tələb 50 faizə yaxın artıb.
Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir. Doğrudur, 1 həftəlik bayram günləri də dollar sifarişlərinə təsirsiz ötüşmədi. Bununla belə, xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır.
Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər.
Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvəllərdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.