Hər il olduğu kimi, bu il də turizm obyektləri yerli və xarici qonaqların gəlişini gözləyir. Bu sahədə hazırlıq prosesləri isə, demək olar ki, başa çatdırılıb. Hamıya məlumdur ki, hazırda Azərbaycanda turizm çox geniş imkanlara malikdir. Turistlərlə aparılan sorğulardan da aydın olur ki, ölkəmizdə turizm xidmətinin təşkili kifayət qədər qənaətbəxşdir. Qeyd edək ki, ölkə üzrə hava şəraitindən asılı olaraq, adətən, dekabrın 15-dən etibarən qış mövsümünə start verilir. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə və tədbirlərdə ilboyu ölkənin qış turizm imkanları, qış turizm məhsulları, dağ-xizək mərkəzləri təbliğ olunur.
Turizmin inkişafında əsas rol oynayan məsələlərdən biri də nəqliyyatdır. Bu gün Azərbaycan hava yolları dünyanın bir çox ölkələri ilə uçuşlarını bərpa edib.
Turizm üzrə ekspert Ramin Zamanov bildirib ki, hal-hazırda turizm sahəsindəki vəziyyət post pandemiya dövrünə baxanda daha normaldır: "Ölkəmizdə otellərdəki xidmət, əyləncə üçün tətbiq olunan avadanlıqlar, infrastruktur dünya standartlarına uyğun gəlir. Bütün bunlar ildən ilə ölkəmizə gələn turistlərin sayını artırır. Hazırda Hindistan, Pakistan istiqamətində həftədə 6 dəfə, Çin istiqamətində isə həftədə 2 dəfə relslər təşkil olunur. Eyni zamanda, Azərbaycan bu ölkələrin milli və özəl hava yolları ilə uçuş proqramları həyata keçirir ki, bu da gələn turist sayında artıma səbəb olur".
Ekspertlər hesab edir ki, daxili turizmin inkişaf etməsi üçün insanların gəlir səviyyəsi yuxarı olmalıdır. Xarici turizmin inkişaf etməsi üçün isə ilk növbədə quru sərhədlər açılmalıdır. Quru sərhədlərin bağlı olması da turizmə mənfi təsir göstərən ən başlıca amillərdən biridir. Qeyd edək ki, hazırda ölkə üzrə üç əsas qış turizm mərkəzi - "Şahdağ" turizm mərkəzi, "Tufandağ" qış-yay turizm kompleksi və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən "Ağbulaq" istirahət mərkəzi turistlərə xidmət göstərir. Dövlət Turizm Agentliyinin məlumatına əsasən, qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin avropalı turistlərin də daha çox səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır.
Turizm üzrə ekspert Ceyhun Aşurov "525"ə açıqlamasında bildirir ki, hazırda turizm sahəsində əvvəlki illərə nisbətən 30 faizə yaxın artım müşahidə olunur: "Pandemiya ilə müqayisədə turistlərin sayı yüksəkdir, lakin pandemiyadan öncəki rəqəmlərə hələ çatmamışıq. Ötən ilin sonunda pandemiyadan öncəki dövrdəki göstəricilərin 90 faizinin bərpası gözlənilirdi. Hələ noyabr ayının statistik göstəricilərini əsas götürsək, turizm 2023-cü ildə bərpa olunmuş hesab olunur".
Qeyd edək ki, bayramla əlaqədar istirahət günlərində vətəndaşlarımız bu fürsətdən layiqincə yararlandılar. C.Aşurov bildirir ki, qiymətlər yüksək olsa belə, insanlar bayram günlərində ölkədaxili müxtəlif bölgələrə axın edirlər: "Ümumiyyətlə regionlarda otellərin sayının elə də çox olmaması, bazar təkliflərinin məhdud olması, qiymətlərin müəyyən qədər yuxarı qalxmasına şərait yaradır. Sorğular da onu göstərir ki, bayram ərəfələrində təqdim olunan tur paketlərinin hamısı satılır".
Havar ŞƏFİYEVA