"Bu gün "Böyük Qayıdış" proqramı uğurla icra edilir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri aparılır, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, yaşayış binaları, evlər inşa edilir. Qısa müddət ərzində işğaldan azad olunan ərazilərdə bu qədər böyük işlərin görülməsi və artıq Zəngilana, Füzuliyə, Laçına və digər ərazilərə quruculuq işlərindən sonra böyük qayıdışın təmin olunması sözün əsl mənasında tarixi hadisədir və eyni zamanda çox böyük nailiyyətdir. İşğaldan azad edilən ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi əhalinin ora geri dönüş imkanının yaranması böyük ruh yüksəkliyi doğurur. 30 il vətən həsrəti çəkən insan kimi doğma yurdum Laçına qayıtmaq, doğma yurduma yenidə ayaq basmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün mən 70 yaşımı vətənim Laçında qeyd etmək sevinci yaşayıram. Bu sevinci bizə bəxş edən Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu rəşadətli Azərbaycan Ordusu yaşatdı".
Bu fikirləri "525"in müxbiri ilə söhbətində Laçın sakini, keçmiş mühəndis Aydın Təhməzov bildirib. Aydın Təhməzovun sözlərinə görə, Laçın əhatə etdiyi ərazilərə görə Azərbaycanda 8-ci inzibati rayon olmaqla böyük strateji-iqtisadi əhəmiyyətə malikdir. Laçın şəhəri isə iqtisadi rayonun önəmli şəhəri hesab edilir. Laçın rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil edib. İşğaldan sonra da qoyunçuluq, maldarlıq və arıçılıq təsərrüfatlarını yaratmaqla bu sahələri rayonun iqtisadi inkişafında aparıcı sahələrdən birinə çevirmək olar. Bununla paralel kənd təsərrüfatının əkinçilik və bitkiçilik potensialından da maksimum yararlanmaq lazımdır: "Laçın rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında Azərbaycanın öndə gedən rayonlardan hesab olunurdu. İşğaldan öncə Laçında xüsusən də maldarlıq çox geniş inkişaf etmişdi. Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Laçın, eyni zamanda, turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək. Deyərdim ki, Laçın ölkənin ən gözəl guşələrindən biridir. Ona görə də hesab edirəm ki, dünyada da ən çox inkişaf edən turizm sahəsi olan ekoturizmin inkişafı burada yüksələn sektorlardan olacaq. Bu sahəyə də tələbat olduqca böyükdür".
Aydın Təhməzov bildirib ki, hazırda Laçında geniş tikinti bərpa işləri həyata keçirilir: "Mənin Laçındakı evim dövlət tərəfindən bərpa edilib, artıq bir aydır Laçında yaşayıram. Laçında məskunlaşan əhalinin rahat yaşaması üçün bütün lazımi şərait yaradılıb. Təmir-bərpaya ehtiyacı olan evlər yenidən bərpa edilib, uçurulan evlərin yerinə yeniləri inşa olunub. Təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Bütün evlər işıq, qaz, su və istiliklə təmin olunub. Hazırda Laçında yenidən qurma işləri tam sürətlə davam etdirilir. Laçında işlər planlı şəkildə, layihə əsasında həyata keçirilir. Burada müasir standartlara cavab verən yeni evlər, məktəb, xəstəxana, mədəniyyət mərkəzləri - 370 yerdən ibarət böyük Konsert Mərkəzi inşa olunur. 1974-cü ildə Laçın şəhərində kinoteatr mərkəzi var idi. Ermənilər işğal dövründə onu dağıtmış, bir hissəsində kiçik təsərrüfat yaratmışdılar. O binaya baxış keçirəndə onun tam yararsız olduğunu müəyyən edilib. Lakin Laçın sakinlərinin nostalji hisslər yaşaya bilməsi üçün oranı bərpa etmək qərarı alınıb. Mən əminəm ki, tikinti-quruculuq işləri tam başa çatdıqdan sonra Laçın sözün əsl mənasında möhtəşəm bir şəhər olacaq".
S.QARAYEVA