Bu gün bir çox ölkələrdə maliyyə əməliyyatı zamanı yaşanan problemlərdən biri də kiçik nominallı sikkələrin işlək olmamasıdır. Bu vəziyyət hazırda ölkəmizdə də xarakterikdir. İstər ictimai nəqliyyatda, istərsə də alış-veriş mərkəzlərində kiçik pullardan istifadə edən şəxslər adətən qınaq obyektinə çevrilir və "xırdaçılıq edən insan" kimi qiymətləndirilirlər. Prezident 7 fevral 2005-ci ildə "Azərbaycanda pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi haqqında" fərman imzalayıb. 2006-cı ilin yanvar ayından dövriyyəyə buraxılan pul nişanları arasına 1, 3, 5, 10, 20, 50 qəpik sikkələri daxil edilib. Bu gün Azərbaycanda nağd pul kütləsinin 0,4 faizi metal pullardan ibarətdir. 96,6 faiz isə kağız puldur. Yəni bu metal pulların ümumi məbləği 40 milyondur. Bunun da 2 milyonundan bir qədər çoxu 1, 3 və 5 qəpikliklərdir.
Araşdırmalar göstərir ki, 1, 3, 5 qəpiklər yalnız böyük alış-veriş mərkəzlərində istifadə edilir. Burada da bu qəpiklərdən çox istifadə olunmadığı üçün əksər hallarda müştərilər ya pulun qalığından imtina edir, ya da pullarının əvəzinə kibrit, saqqız almağa üstünlük verirlər. Kiçik mağazalarda isə bu qəpiklərdən yalnız 5 qəpik nisbətən çox istifadə olunur. 1, 3 qəpiyə isə ümumiyyətlə rast gəlmək mümkün deyil. Belə marketlər bu qəpiklərin istifadəsinə ehtiyac qalmaması üçün qiymətləri yuvarlaqlaşdıraraq alıcılara təqdim edirlər.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, mağazalarda bir çox alıcılar qalıq kimi verilən 1 və 3 qəpiklərdən imtina edirlər. Onlar bu qəpiklərin işlənmədiyini, "Bakıkart"a vurub, metrolarda istifadə edə bilmədiklərini deyirlər. Bu cür qəpikləri yalnız böyük marketlərdə istifadə etmək mümkündür. Bəzən mağazalarda alış-veriş zamanı 1, 3, 5 qəpiklərin qəbul edilmədiyinin şahidi oluruq. "Qara qəpik" adlandırılan xırda pulların alıcılıq qabiliyyəti olmadığından istifadə edilmir. Bu gün bir, üç qəpiyə ümumiyyətlə, heç nə almaq mümkün deyil. Beş qəpiyə isə yalnız kibrit almaq olar. Ona görə də bu nominallardan geniş istifadə olunmur.
O bildirib ki, əslində "Valyuta tənzimlənməsi" haqqında qanunun 4-cü maddəsinə əsasən, vətəndaş hər hansı müqavilə və əqdi ölkə valyutasının istənilən növü ilə bağlaya bilər: "Mövcud qaydalara görə, əgər hər hansı bir sahibkarlıq subyekti, belə sikkələri almaqdan imtina edərsə, o zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Eyni hal 2 dəfə təkrarlanarsa, o zaman Mərkəzi Bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər. Mağazalar həmin qəpikləri yığıb banka təhvil verə bilər, burada heç bir narahatlıq yoxdur. Ola bilsin ki, mağazanı narahat edən məsələ həmin qəpikləri vətəndaşa verdikdə vətəndaşların narazı qalmasıdır. Amma bu, əsas deyil. Mağaza qəpikləri ödəniş vasitəsi kimi qəbul etməlidir".
Ekspertin sözlərinə görə, 1, 3, 5 qəpiklər olmasa, daha çox bahalaşma ola bilər: "1, 3, 5 qəpiklər olmasa, deməli, 10 qəpikdən başlamalıdır məhsullar. Bu da avtomatik olaraq hər şeydə 10 qəpik bahalaşma deməkdir. Sadəcə bizim insanların mentalitetindən irəli gələrək xırda qəpiklər götürülmür. Şahidi oluruq ki, hətta qalıq 40-50 qəpik olanda belə imkanlı şəxslər götürmür. Həmin pullar götürülmürsə, böyük supermarketlərdə bu, əlavə gəlirin formalaşmasına köməklik göstərir. Çünki məbləğ böyüyür. Əslində bu, marketin satışdan gəliri kimi formalaşır və bu zaman da ona uyğun vergisini verir, mənfəəti olur".
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, xırda pulların işlənməməsinin birinci amili qiymətlərlə bağlıdır: "Diqqət yetirsəniz görərsiniz ki, ancaq supermarketlərdə 49, 99, 53 qəpik kimi yuvarlaq olmayan qiymətlər tətbiq edilir. Adi mağazalarda isə qiymətlər yuvarlaqdır. Ticarət obyektlərində isə supermarketlərin payı mənə elə gəlir ki, beş faizdən çox olmaz. İkinci səbəb isə mentalitetlə bağlıdır. Biz o tip qəpikləri götürmək istəmirik, götürsək belə, xoşlamırıq. Diqqət etsək görərik ki, qəpiklər arasında daha çox götürməyə və verməyə maraqlı olduğumuz 10 qəpikdir. Bir sıra ölkələr, xüsusən də pulu ucuzlaşan ölkələr qəpik pulları sıradan çıxardır. Misal üçün, Avropa Birliyi 2002-2007-ci illərdə metal pulların payını azaltdı. Yəni aqrar ölkələr dövri olaraq öz pul dövriyyəsinin tərkibinə baxırlar və metal pulları dövriyyədən çıxardırlar. Bunu da ona görə edirlər ki, həmin metal pul dəyərsizləşir, yəni dövriyyədən düşür və məlum olur ki, həmin o metal pulun hazırlanma dəyəri o pulun nominalından bahadır. Məsələn, 1 qəpiyin hazırlanması 2-3 qəpiyə başa gəlir. Ona görə də həmin qəpikləri götürür və xammal kimi istifadə edirlər. Bizdə bir tərəfdən qiymətlər elə səviyyədədir ki, qəpik pullara ehtiyac olmur. Digər tərəfdən isə elektron, yəni kartla ödəniş sisteminin dövriyyəsi getdikcə artır. Ona görə də mənə elə gəlir Mərkəzi Bank 1, 3 və 5 qəpiklərin artmasının qarşısını ala bilər. Hətta bir qədər azalmaq da olar. Amma bu qəpiklərin tamamilə dövriyyədən çıxmasının tərəfdarı deyiləm".
Onun sözlərinə əsasən, bütün dövlətlərin bank sistemində maya dəyərindən baha başa gələn xırda pullardan istifadə olunur. Məsələn ABŞ-da 1 sent var, amma istifadə edilmir. İstifadə olunmaması inkişaf etmiş ölkələrdə nağdsız hesablaşmalardan daha çox istifadə ilə əlaqədardır: "Dünya nağdsız ödəniş sisteminə keçir. Bu, ümumilikdə nağd pulların dəyərinin kəskin azalmasına gətirib çıxarır. Kiçik məzənnəli qəpiklər iri supermarketlərin rəqabət bazarı üçün vacibdir. Buna görə, marketlər xırda pulları almaqda maraqlıdırlar. Dəfələrlə şahid olmuşam ki, azyaşlı uşaqlar, bəzən elə böyüklər də, heç bir mağazanın götürmək istəmədiyi 1, 3, 5 qəpikliklərlə doldurulmuş pul qabları ilə böyük marketlərin kassalarına yaxınlaşıb, öz pullarını işlək vəziyyətə gətirirlər. Sahibkarlar bazar şəraitində qəpiklərdən, yuvarlaqlaşdırılmayan rəqəmlərdən istifadə etməklə daha çox alıcı cəlb edir. Məsələn, şampunun qiymətini 2 manat 98 qəpik qoymaqla daha çox diqqət çəkir. Yaxud hər hansı məhsulu 1 manat deyil, 99 qəpiyə satışa çıxarmaqla psixoloji olaraq, alıcıda onun ucuz satılmasına dair rəy yaradırlar. Burdakı 1 qəpik fərqi alıcıya çox təsir etməsə də, topdan satış edən satıcıya xeyli gəlir gətirir. 1, 3 və 5 qəpiklər olmayan zaman daha çox bahalaşma ola bilər. Təsəvvür edək ki, 1, 3 və 5 qəpiklər yoxdur. Deməli, o zaman artım 1 qəpikdən deyil, 10 qəpikdən başlamalıdır? Bu səbəblə qəpiklərin qalması və istifadəsinə ehtiyac var. Biz burda münasibətləri alıcı-satıcı kontekstində deyil, ümumilikdə ticarətin aparılması kontekstində görməliyik. Alış-veriş varsa, bu, iqtisadi hərəkətlilik deməkdir. Qəpiklərin xərci ilə bahalı əskinasların dəyəri arasında kəskin fərq bahalı əskinaslarda olan fərq vasitəsilə kompensasiya edilir. Bu, dünya praktikasında belədir. Azərbaycan Mərkəzi Bankı da qəpiklərin hazırlanmasını sifariş verərkən bütün bunları nəzərə alır. 1 və 3 qəpikliklərin xərci dəyərindən çoxdur. Amma ümumi sifarişdə Mərkəzi Bankın xərci pulların dəyərindən çox olmur. Təkrar edirəm, kiçik qəpiklərin istehsal xərci ilə bağlı yaranan ziyan böyük əskinaslarda əldə edilən mənfəət hesabına aradan qaldırılır".
Mütəxəssislərin fikrincə, kiçik nominasiyalı qəpiklərin dövriyyədən çıxarılması bazarda qiymət dəyişkənliyinə gətirib çıxaracaq. Xırda qəpiklərin olması müəyyən hesablamalarda dürüstlük və şəffaflıq baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, sizə hər hansı bir çek təqdim olunur və ödəniş məbləği 17 manat 23 qəpik yazılırsa, siz 25 qəpik ödədiyiniz zaman artıq bu, mühasibatlıqda düzgün sayılmır. Bu baxımdan bu kimi hesablamalarda xırda qəpiklərdən istifadə olunmasına ehtiyac duyulur. Bundan əlavə, 1, 3, 5 qəpiklərin dövriyyədən çıxarılması bazarda bahalaşmaya da gətirə bilər.
Mərkəzi Bankdan verilən məlumata görə, metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4.4%, xırda nominallı metal pul nişanları isə 10.3% artmışdır. Cari ilin 11 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4.5%, xırda nominallı metal pul nişanları isə 9.6% artıb. Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır: "Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır".
Mərkəzi Bankdan bildirilib ki, beynəlxalq təcrübədən irəli gələrək 1 manatlıq kağız pul nişanlarının metal pulla əvəz olunmasının iqtisadi və sosial qiymətləndirilməsi həyata keçirilib və hazırda 1 manatlıq kağız pul nişanının metal pulla əvəz edilməsi də nəzərdə tutulmur.
Sevinc QARAYEVA